Qalaktika mühafizəçiləri () – eyniadlı Marvel Comics superqəhrəman komandasından bəhs edən 2014-cü il istehsalı ABŞ superqəhrəmanlıq filmi. Marvel Studios tərəfindən istehsal olunan film Marvel Kinematoqrafiya Kainatında (MKK) 10-cu filmdir. Ceyms Qannın rejissorluğu və Nikol Perlmanın ssenaristliyi ilə çəkilən filmdə Kris Prett, Zoi Saldana, Deyv Batista, Vin Dizel, Bredli Kuper komanda üzvlərini, Li Peys, Maykl Ruker, Karen Qillan, Cimon Honso, Con Rayli, Qlen Klouz və Benisio del Toro isə digər personajları canlandırırlar. "Qalaktika mühafizəçiləri"ndə Piter Kvill güclü artifaktı oğurlamaq üçün bir qrup yerdənkənar cinayətkar ilə çətin ittifaq qurur.
Perlman ssenari üzərində 2009-cu ildə işləməyə başlamışdır. Kevin Fayqi əvvəlcə 2010-cu ildə "Qalaktika mühafizəçiləri"ni potensial film layihəsi kimi anons etmişdir. Marvel Studios film üzərində aktiv işlədiyini isə 2012-ci ilin iyulunda San Diego Comic-Con International tədbirində bildirmişdir. Həmin ilin sentyabrında Qann filmin rejissoru və ssenaristi təyin olunmuşdur. 2013-cü ilin fevralında Prett Piter Kvill / Ulduz lordu rolu üçün seçilmişdir. Digər rol ifaçıları da zaman keçdikcə dəqiqləşmişdir. Əsas çəkilişlər 2013-cü ilin iyulunda Shepperton Studios-da (İngiltərə) başlamışdır, daha sonra 2013-cü ilin oktyabrına qədər Londonda davam etmişdir. İstehsal sonrası proses 7 iyul 2014-cü ildə başa çatmışdır.
Filmin premyerası 21 iyul 2014-cü ildə Dolbi teatrında baş tutmuşdur. 1 avqust 2014-cü ildə ABŞ teatrlarında 3D və IMAX 3D formatlarında buraxılmışdır. Film böyük tənqidi və maddi uğur əldə etmiş, bütün dünyada 773,3 milyon $ gəlir əldə etmiş, 2014-cü ilin ən çox gəlir gətirən superqəhrəmanlıq filmi, ümumilikdə isə 2014-cü ilin ən çox gətirən 3-cü filmi olmuşdur. Film yumoruna, rejissorluğuna, rol ifalarına, vizual effektlərinə, musiqisinə və döyüş səhnələrinə görə təriflənmişdir. 2015-ci ildə "Ən yaxşı vizual effektlər" və "Ən yaxşı qrim və saç düzümü" nominasiyalarında Oskar mükafatına layiq görülmüşdür.
Sikvel "Qalaktika mühafizəçiləri 2" 5 may 2017-ci ildə buraxılmışdır. Üçüncü film olan "Qalaktika mühafizəçiləri 3"-ün 2020-ci ildə buraxılması planlaşdırılır.
Məzmunu 1988-ci ildə anasının ölümündən sonra balaca Piter Kvill Yondu Udonta tərəfindən idarə olunan Dağıdıcılar adlı kosmik quldur dəstəsi tərəfindən qaçırılır. 26 il sonra Kvill Moraq planetində bir kürə oğurlayır, lakin İttihamçı Ronanın köməkçisi olan Koratın hücumuna məruz qalır. Kvill kürə ilə birlikdə qaça bilsə də, Yondu bu oğurluq haqqında öyrənir və onu tutana pul mükafatı təyin edir. Ronan isə kürəni ələ keçirmək üçün sui-qəsdçi Qamoranı göndərir.
Kvill kürəni Nova İmperiyasının paytaxtı Ksandarda satmağa çalışarkən Qamora ona hücum edir və kürəni oğurlayır. Döyüş davam edərkən iki kəllə ovçusu da gəlir: genetik və kibernetik cəhətdən modifikasiya edilmiş yenot Roket və ağacabənzər humanoid Qrut. Nova Corps rəsmiləri onların dördünü də tutur və Kilndə həbs edirlər. Həbsxana məhkumlarından biri olan Draks ailəsini öldürən Ronan və Tanosla əlaqələrinə görə Qamoranı öldürməyə cəhd edir. Lakin Kvill Draksın fikrini dəyişdirir, Qamoranın onu Ronanın yanına apara biləcəyini bildirir. Qamora isə Ronana xəyanət etdiyini, onun kürənin gücündən istifadə etməsini istəmədiyini bildirir. Qamoranın kürə üçün alıcısı olduğunu öyrəndikdən sonra Kvill, Roket, Qrut və Draks birlikdə Kilndən Kvillin gəmisi Milano ilə qaçırlar.
Ronan Qamoranın xəyanəti haqqında danışmaq üçün ögey atası Tanosla görüşə gedir. Kvillin qrupu bir Selestialın qopmuş başında inşa edilmiş kriminal kosmik şəhər Nauereyə uçurlar. İçkili Draks Ronanı çağırır, qrupun qalanı isə Qamoranın alıcısı kolleksioner Taneliir Tivan ilə görüşürlər. Tivan kürəni açır və içindən bir Sonsuzluq daşı çıxır. Bu daş sayəsində ondan istifadə edən şəxs bir planeti asanlıqla məhv edə bilər. Tivanın işgəncə görən köməkçisi Karina daşa toxunur, baş verən partlayış nəticəsində Tivanın arxivi məhv olur.
Ronan gəlir və Draksı asanlıqla məğlub edir. Qalanları isə gəmiyə minirlər və Nebula və Ronanın əsgərlərindən qaçmağa çalışırlar. Nebula Qamoranın gəmisini məhv edir və Qamora açıq kosmosa düşür. Ronanın döyüşçüləri isə kürəni ələ keçirirlər. Kvill Yonduya mesaj göndərir və Qamoranın sağ qalması üçün öz skafandrını ona verir. Yondu çatır və onların ikisini də xilas edir. Draks, Roket və Qrut Yondunun gəmisinə hücum etmək istəyirlər, lakin kürəni vermək şərti ilə Yondu ilə atəşkəs təmin edə bilir. Kvillin qrupu Ronanla qarşılaşmağın ölüm demək olduğunu, lakin onun güc daşından istifadə edib bütün qalaktikanı məhv etməsinə imkan verməyəcəkləri barədə razılaşırlar. Ronan əsas gəmisi Dark Aster-də güc daşını çəkicinə bərkidir və gücü özünə götürür. O, Tanosla əlaqə saxlayır və Ksandarı məhv etdikdən sonra birinci onu öldürəcəyini bildirir. Ögey atasından nifrət edən Nebula da Ronana qoşulur.
Dağıdıcılar və Kvillin qrupu Dark Aster-i Ksandarda qarşılamaq üçün Nova Corps-a qoşulurlar və Kvillin qrupu Milano ilə Dark Aster-də bir deşik açırlar. Ronan gücləndirilmiş çəkici ilə Nova Corps donanmasını məhv edir. Draks və Qamora Korat və Nebulanı məğlub edib qaçırlar, lakin Ronanın gücü qarşısında aciz qalırlar. Lakin Roket bir Dağıdıcı gəmisini Dark Aster-ə çırparaq gəminin Ksandara düşməsinə şərait yaradır. Bu zaman Qrut komandanı qorumaq üçün özünü qurban verir. Ronan dağıntıların içərisindən çıxır və Ksandarı məhv etməyə hazırlaşır, lakin Kvill onun diqqətini yayındırır və Draks ilə Roketin çəkici məhv etməsinə şərait yaradır. Kvill sərbəst qalmış daşı tez tutur, Qamora, Draks və Roketin köməyi ilə ondan istifadə edərək Ronanı məhv edir.
Daha sonra Kvill Yondunu aldadaraq içində daş olmayan kürə göndərir, əsl daşı isə Nova Corps-a verir. Dağıdıcılar Ksandarı tərk etdikdən sonra Yondu Kvilli müqaviləyə əsasən atasına verməli olduğuna baxmayaraq, vermədiyinə görə sevindiyini bildirir. Hazırda Qalaktikanın mühafizəçiləri adı ilə tanınan Kvillin qrupunun bütün cinayət qeydləri silinir. Kvill əslində yarı-insan olduğunu, atasının mənşəyinin məlum olmadığını öyrənir. Kvill nəhayət anasının ona verdiyi son hədiyyəni açır: sevimli mahnılarının olduğu bir kaset. Mühafizəçilər bərpa olunmuş Milano və fidan Qrutla birlikdə Ksandarı tərk edirlər.
Post-kredits səhnəsində Tivan iki canlı sərgi nümunəsi ilə məhv olmuş arxivində oturur: it kosmonavt və antropomorfik ördək.
Rollarda
Kris Prett Piter Kvill / Ulduz lordu rolunda: Dağıdıcılar adlı kosmik quldur dəstəsi tərəfindən 1988-ci ildə ABŞ-nin Missuri ştatından qaçırılmış yarı-insan, yarı-yadplanetli, Qalaktika mühafizəçilərinin lideri. Personaj haqqında Prett deyir: "Uşaq ikən çətin vaxtlar keçirib, indi isə kosmosda sərbəstcə dolaşaraq ehtiraslı yadplanetli qızlarla görüşür, bir az saxtakar və yaramazdır. Bu uşaqlarla bir komanda olaraq özü üçün daha yüksək məqsəd tapır". O əlavə edir ki, personaj Han Solo və Marti Makflay personajlarının qarışığıdır. "Parklar və istirahət yerləri" teleserialındakı Endi Duayer kimi köməkçi personajları canlandırmaqla tanınan Prett əvvəlcə rol təklifini rədd etmişdi. "Pul topu" və "Sıfır qaranlıq otuz" filmlərində fit personajları canlandırmaq üçün çok çəki itirməli olan Prett "Avatar" və "Ulduz yolu" filmlərində oynamaqdan əl çəkmişdi. Rol rejissoru Sara Finn rol üçün aktyor axtaran Qanna Pretti tövsiyə etsə də, Qann ideyanı rədd etmişdi. Buna baxmayaraq, Finn ikili arasında görüş təşkil etmiş və Qann görüşdən sonra fikrini dəyişdirərək Prettin rol üçün əla seçim olduğu qərarına gəlmişdi. Prett "Çatdırıcı adam" filmi üçün yenə çəki alsa da, Fayqini rol üçün razı sala bilmişdi. Çəkilişlər başlamamışdan öncə Prett ciddi pəhrizə girərək və məşq edərək altı ay ərzində 27 kiloqram itirmişdir. Prett Marvel ilə bir neçə filmlik müqavilə imzalamış və filmlərdə daha aktiv iştirak etmək üçün "Parklar və istirahət yerləri"ndən ayrılmışdır. Vaytt Oleff gənc Kvilli canlandırmışdır. Zoi Saldana Qamora rolunda: Keçmiş cinayətlərinin bağışlanmasını istəyən yetim yadplanetli. Tanos tərəfindən böyüdülüb və onun şəxsi sui-qəsdçisidir. Saldana qeyd edir ki, Qamora rolunu ifa etməsi üçün kompüter qrafikasından və ya hərəkət tutmadan deyil, qrimdən istifadə olunub. Rolu götürərkən Saldana deyir: "Ceyms Qann tərəfindən dəvət edildiyim və yaşıl rəngli birini canlandıracağım üçün çox həyəcanlıyam. Əvvəllər göy idim [Avatar filmində]". Saldana Qamoranı belə təsvir edir: "o, döyüşçü və sui-qəsdçidir, çox ölümsaçandır, lakin bunlar, onu öldürə biləcək şeylərdən xilas edir. Onda düzgünçülük hissi var. O, çox dürüst biridir". Deyv Batista Dağıdıcı Draks rolunda: Ronan tərəfindən öldürülən ailəsinin qisasını almaq istəyən döyüşçü. Personaj haqqında Batista deyir: "Mən Draks haqqında çox danışa bilərəm, amma bu əyləncəli deyil. Ancaq bəzi sadə şeylər bizim ümumi cəhətlərimizdir. Sadə şeylər dedikdə tatular, faciə – özünüz də bilirsiz, mənim də həyatımda kiçik bir faciə yaşanıb. Ona görə də roldan əl çəkməmək mənim üçün asandır". Batista həmçinin qeyd edir ki, personaj üçün çoxlu gülməli ünsür var idi, lakin personajın özünün bundan xəbəri yox idi. Batista rol üçün çox hazırlaşmadığını bildirmişdi: "Xoşbəxtlikdən, mən uzunmüddətdir ki, atletəm və rola çox tez uyğunlaşdım". Batistanın qrimi üçün təxminən 4 saat vaxt sərf olunmuşdu, onu çıxarmaq üçün isə 90 dəqiqə vaxt tələb olunurdu. Draksın bədənində yara izləri də var, bunlar isə komiksdə hər birinin öz hekayəsi olan sadə tatuları əvəz edirdi. Bundan əlavə, personajın Halkla olan görünüş oxşarlığının qarşısını almaq üçün dərisinin rəngi komikslərdəki kimi açıq yaşıl yox, bulanıq boz rəngində təsvir edilmişdir. Vin Dizel Qrut rolunda: Roketin yaxın partneri olan ağacabənzər humanoid. Dizel yeni bir III faza Marvel filmi üçün danışıqlar apardıqdan sonra Qrut üçün səsləndirmə və hərəkət tutma işlərini gördüyünü bildirmişdir. Dizel həmçinin filmin başqa bir neçə dildəki buraxılışında da personajı səsləndirmişdir. Kristian Qodlevski personajı setdə canlandırmış, lakin onun performansı son CGI-da istifadə olunmamışdır. Personaj üçün Qann öz itindən ilhamlanmışdır. Qann deyir: "Bütün Mühafizəçilər filmə yaramaz kimi başlayırlar, Qrutdan başqa. O günahsızdır. O, yüz faiz ölümcül və yüz faiz şirindir. O, həqiqətən, Roketin həyatına qarışıb". Qann əlavə edir ki, Qrutun dizaynını və hərəkətini yaratmaq "ilin ən yaxşı hissəsini" götürmüşdü. Qann qeyd edir: "Vin Dizelin "Mən Qrutam" deməsi məni valeh edir... İlk qeydə alınan bütün "Mən Qrutam"lar əvvəlcə yaxşı səslənmirdi... Lakin bir gün Vin içəri gəldi və bütün "Mən Qrutam" treklərini bir qırağa atdı. O, mükəmməliyyətçi biri idi. O, məni hər "Mən Qrutam" zaman personajın nə demək istədiyini baş salmağa məcbur etdi. Orada ilk dəfə səsi qoyanda personajın necə dəyişməsi və personaja necə təsir etməsi valehedici idi". Qrutun məhdud sayda sözdən istifadə etməsi haqqında Dizel deyir: "Bu, bir aktyordan etməsini istədiyiniz ən çətin şeydir". Dizel həmçinin çəkilişlər zamanı "Sürətli və qəzəbli" franşizindəki partneri Pol Volkerin ölümünə görə də emosional hissə qapıldığını bildirmişdi. Qannın Qrutun böyümək bacarığına malik olduğunu deməsi ilə yanaşı, filmdə Qrutun forma və ölçü dəyişmə bacarıqları da görünür. Bredli Kuper Roket rolunda: