Uran əməliyyatı () — İkinci dünya müharibəsi ərzində 1942-ci ilin 19-23 noyabr tarixləri aralığında Sovet qoşunlarının 6-cı alman ordusu və 4-cü tank ordusu, həmçinin 3-cü və 4-cü rumın ordularına qarşı hücuma keçdiyi strateji əhəmiyyətli əməliyyat. Əməliyyat beş ay davam edən Stalinqrad döyüşünün ortasından etibarən başlanmışdır və məqsədi Stalinqradın içərisində və ətrafında yerləşən alman qoşunlarını məhv etməkdən ibarət idi. Əməliyyatla əlaqədar planlar 1942-ci ilin sentyabr ayında hazırlanmağa başlanmışdır. Əsas olaraq Qafqazdakı alman qüvvələrini və Stalinqrada hücuma hazır vəziyyətdə olan B Ordular Qrupunu eyni vaxtda mühasirəyə almaq və məhv etmək planlanmışdı. Qırmızı Ordu alman qüvvələrini Stalinqrad daxilində güclü döyüşlərə cəlb etməyi bacarmışdı ki, bu da qarşı tərəfin gücünü zəiflətmiş və onu psixoloji olaraq sarsıtmışdı. Digər tərəfdən də müttəfiq qoşunların cinahlarının müdafiəsi zəif təchizatlı və çox geniş əraziyə yayılmış macar, rumın və italyan qoşunları tərəfindən qorunurdu. Sovet qoşunlarının hücumu da məhz rumın qüvvələrinin yerləşdiyi cəbhədən başlanmışdır. Həmçinin, bu birliklərin Sovet hücumunun qarşısını ala biləcək ağır silahları ya yox idi, ya da yetərsiz sayda idi.
Qafqazdakı neft ehtiyatlarının və Stalinqradın işğalını qarşısına məqsəd qoyan alman qoşunları 1942-ci ilin yazına qədər ələ keçirdikləri əraziləri müdafiə etməkdə çətinlik çəkirdi. Ortaya çıxan bu problem Qərbi Avropadan gətiriləcək bir neçə mexanikləşdirilmiş divizionun həmin istiqamətlərdə yerləşdirilməsi ilə aradan qaldırıla bilərdi. Həmçinin, bölgədə bir neçə ay boyunca döyüşmək məcburiyyətində qalan birliklər, xüsusilə də Stalinqradda yerləşənlər tükənmiş vəziyyətdə idi. Rumın qoşunlarının yerləşdiyi cəbhə xətti üçün ehtiyat olaraq təkcə almanlara məxsus 48-ci tank korpusu ayrılmışdı. Həmin tank korpusu da bir tank diviziyası və 29-cu mexanikləşdirilmiş diviziyadan ibarət idi. Buna qarşı olaraq isə Sovet İttifaqı tərəfindən Stalinqrad ətrafındakı döyüşlərə başlamaq məqsədilə bir milyondan çox hərbçi hazır vəziyyətə gətirilmişdi. Sovet qoşunlarının hücum nöqtəsinə gətirilməsi mütləq gizli şəkildə həyata keçirilməli idi. Bu isə çox incə planlaşma işləri tələb edirdi. Ön xətdəki qoşunların təchizatında problemlər yarandığına görə Uran əməliyyatı 8 noyabrdan 17 noyabr tarixinə təxirə salındı. Daha sonra əməliyyat müəyyən problemlər səbəbilə ikinci dəfə təxirə salındı və yekun vaxt olaraq 19 noyabr müəyyən olundu.
Şimal istiqamətində yerləşən Sovet qüvvələri 19 noyabr səhəri, Moskva vaxtı ilə saat 07:20-də hücuma başladı. Cənub istiqamətində yerləşən bölmələr isə bir gün sonra əməliyyata qoşuldu. 3-cü və 4-cü rumın orduları ilk hücumları uğurla dəf edə bilsə də, 20 noyabr axşamı dağınıq şəkildə geri çəkilməyə başladılar. Sovet qoşunları müqavimət göstərməyə cəhd edən bir neçə alman diviziyasının ətrafından dolaşaraq hücum əməliyyatını davam etdirdilər. Alman çevik ehtiyat qüvvələri isə Sovet qoşunlarının qarşısını kəsəcək gücə sahib deyildi. Stalinqradda yerləşən 6-cı alman ordusu zirehli qüvvələrini cəld şəkildə bölgəyə çatdıra bilmədi. Sovet birlikləri 22 noyabrda Don çayının şərqində qalan 290 min nəfərlik alman qoşunlarını mühasirəyə aldı. Hitler mühasirənin yarılması hərəkatı əvəzinə qoşunların Stalinqradda müdafiədə qalmasına qərar verdi. Bu irəliləyişlərin ardınca hər iki tərəfin üst komandanlıqları növbəti əməliyyatları planlaşdırmağa başladılar.
Arxa plan 28 iyun 1942-ci ildə Vermaxtın Cənub Ordular Qrupu "Mavi vəziyyət" kod adı altında Sovet qüvvələrinə qarşı hücum əməliyyatına başlamışdır. Qırmızı Ordunun müdafiə xəttini yarmağı bacaran alman qoşunları 13 iyulda Rostov şəhərini mühasirəyə alaraq ələ keçirdilər. Hitler Rostovun ələ keçirilməsinin ardınca hücum əməliyyatını iki hissəyə ayırdı. Belə ki, Hitlerin qərarına əsasən alman qüvvələrinin bir qismi Rusiya SFSR-nın cənubunda yerləşən Stalinqrad üzərinə hücuma keçməli, qoşunların digər hissəsi isə Sovet İttifaqının əsas neft yatağı hesab edilən Qafqazı işğal etməli idi. Stalinqradı ələ keçirmək vəzifəsi 6-cı alman ordusuna tapşırılmışdı. Həmin hərbi birləşmə hücum əmri aldıqdan dərhal sonra Lüftvaffenin 4-cü flotiliyasının güclü hava dəstəyi ilə Volqa çayı istiqamətində irəliləməyə başladı. 7 avqust tarixində alman qoşunlarının iki tank korpusu cinahlardan hücuma keçərək Sovet qoşunlarının 50 min nəfər şəxsi heyətini və 1000-ə yaxın tankını mühasirəyə aldı. 22 avqustda Volqa çayını keçən alman qüvvələri Volqa istiqamətindəki hücum tapşırığını uğurla tamamladı. Növbəti gün 6-cı alman ordusunun kəşfiyyat dəstələrinin şəhərətrafı ərazilərə daxil olması ilə Stalinqrad döyüşü başlandı.
thumb|left|Sovet İttifaqı ərazisində irəliləyən alman qoşunları, 1942-ci ilin iyunu
Noyabr ayına qədər Stalinqradın böyük bir hissəsini ələ keçirməyi bacaran almanların hücumu nəticəsində Sovet qoşunları öz müdafiə mövqelərini Volqa çayı sahilinə qədər geri çəkməli olmuşdu. Bu mərhələdə Stalinqrad ətrafındakı müttəfiq qüvvələri hədəf alacaq Sovet hücumu ilə əlaqədar əlamətlər ortaya çıxırdı. Bunlar 6-cı Ordunun cinahlarına qarşı artan Sovet hücumları və ələ keçirilən əsirlərin sorğusundan əldə edilən məlumatlar idi. Buna baxmayaraq, alman komandanlığı Stalinqradı ələ keçirərək hücum əməliyyatını başa çatdırmaq haqqında fikirləşirdi. Alman ordusunun Baş Qərargah rəisi Franz Halderin 6-cı Ordu və 4-cü tank ordusunun həddən artıq uzanmış cinahlarında yaranmış təhlükə barəsində diqqət çəkmək istəyi onun sentyabr ayında vəzifədən qovulması ilə nəticələndi. Sentyabr ayının əvvəllərində Sovet yüksək komandanlığı (Stavka) cənubda Stalinqrad və Qafqazda döyüş vəziyyətindəki və mərkəz hissədə yerləşən müttəfiq qoşunları mühasirəyə alaraq məhv etmək məqsədilə əks-həmlə əməliyyatı üzərində işləməyə başladı. Son nəticədə, Stalinqradı azad edəcək qoşunları idarə etmək vəzifəsi general Aleksandr Vasilevskiyə tapşırıldı.
Stavka Stalinqrad və Qafqaz üçün iki genişmiqyaslı əməliyyat hazırladı ki, bunlar da müvafiq olaraq Uran və Saturn kod adı daşıyırdı. Bunlarla birlikdə, almanların Mərkəz Ordular Qrupunun cənub istiqamətinə əlavə qüvvə göndərməsinin qarşısını almaq və həmin qüvvələrə mümkün olduqca ağır itki verdirmək məqsədilə "Mars" əməliyyatı hazırlandı. Uran əməliyyatı Sovet qoşunlarının mexanikləşdirilmiş və piyada qüvvələrin iştirakı ilə Stalinqrad ətrafındakı alman və digər müttəfiq qoşunları birbaşa mühasirəyə almaq məqsədi ilə planlanmışdı. Hücum cəbhələri 6-cı alman ordusu tərəfindən cəld şəkildə kömək göndərilməyəcək qədər uzaqda müəyyən edilmişdi. Hücumun məqsədi qarşı tərəfi biri iç, biri çöl tərəfdən olmaqla ikiqat mühasirəyə almağı nəzərdə tuturdu. Çöl mühasirə qurşağı alman müdafiəsinin arxa xəttinə daha dərinləməsinə girdiyi halda, iç mühasirə qurşağı mühasirəyə alınan müttəfiq qüvvələrini məhv edəcək əsas zərbə gücü hesab olunurdu. Qırmızı Ordu hazırlıqlarını davam etdirərkən alman yüksək komandanlığı Mərkəz Ordular Qrupu cəbhəsinə qüvvə yığmaqda olan Sovet Ordusunun eyni anda cənubda da hücuma keçəcəyini düşünmürdü.
Qüvvələrin müqayisəsi Berlin-Roma-Tokio oxu "Mavi vəziyyət" səbəbilə alman və digər müttəfiq qüvvələri 480 km-dən də uzun cəbhə xəttinə yayılmışdı. Dərinlik isə bir neçə yüz kilometr idi. Stalinqradı ələ keçirmək qərarı isə mövcud cəbhə xəttinin daha da uzanması ilə nəticələndi. Məsələn, 6-cı alman ordusu iyul ayının əvvəlində 160 km uzunluğunda cəbhə xəttinə sahib olduğu halda, hücum əməliyyatlarından sonra cəbhənin uzunluğu 400 km-ə çatırdı. Cənub Ordular Qrupundan ayrılan B Ordular Qrupu (Qafqaz istiqamətində hücum əməliyyatında iştirak edəcək digər parça A Ordular Qrupu olaraq müəyyən edilmişdi) kağız üzərində güclü görünürdü. Ordular Qrupunun tabeçiliyində 2-ci və 6-cı alman orduları, 4-cü tank ordusu, 3-cü və 4-cü rumın orduları, 8-ci italyan ordusu, həmçinin 2-ci macar ordusu yerləşirdi. Sonradan, B Ordular Qrupuna 48-ci tank korpusu qatıldı. Həmin korpus bir tank diviziyası və ehtiyat qüvvə olaraq nəzərdə tutulmuş bir piyada diviziyasından ibarət idi. Əməliyyat zamanı cinahlar alman olmayan müttəfiq qoşunlar tərəfindən tutuldu, alman birlikləri isə həm Stalinqrad, həm də Qafqaz istiqamətlərində əsas zərbə gücü kimi istifadə olundu.
right|upright|thumb|6-cı alman ordusunun komandiri general Fridrix Paulus
Adolf Hitler müttəfiq qüvvələrin cinahları qoruya biləcəyini düşünürdü. Reallıqda isə həmin birliklər zəif və kifayət qədər təchizatı olmayan birliklər idi. Məsələn, həmin birliklərə aid artilleriya qurğuları atlar tərəfindən çəkilirdi. Digər tərəfdən də zabitlər tərəfindən verilmiş hərbi təlimin kifayət etməməsi səbəbindən psixoloji olaraq zəif hesab olunurdular. Zirehli birliklər baxımından 1-ci rumın zirehli diviziyasının tabeçiliyində təqribən 100 ədəd çex istehsalı Panzer 35(t) tankı mövcud idi ki, bu tankların da əsas silahı hesab olunan 37 mm-lik topları Sovet istehsalı T-34 tankları qarşısında təsirli olmurdu. 37 mm-lik tank əleyhinə silahlar da köhnə model idi və sursat ehtiyatı kifayət qədər deyildi. Yalnızca, təkidli tələblərdən sonra Almaniyadan bu birliklər üçün hər diviziyaya altı ədəd olmaqla 75 mm-lik tank əleyhinə silahlar göndərildi. Cinahlardakı müdafiənin digər bir zəif cəhəti də bu birliklərin çox uzun cəbhə xəttini tutmasında idi. Məsələn, 3-cü rumın ordusu 140 km-lik, 4-cü rumın ordusu isə 270 km-lik cəbhə xəttini tuturdu. İtalyan və macar orduları isə həmin iki rumın ordusunun arasındakı cəbhə xəttində mövqe tutmuşdu. Alman komandirlər bu birliklərin müharibə potensialını zəif olaraq görürdü.
Alman qüvvələri ümumi götürdükdə, Sovet qoşunları ilə aylarla davam edən döyüşlər nəticəsində bir qədər zəifləsə də, daha yaxşı vəziyyətdə idi. Stavka yeni ordular formalaşdırdığı halda, alman komandanlığı mövcud birlikləri qorumağa çalışırdı. Həmçinin, 1942-ci ilin may və noyabr ayları aralığında alman qoşunları hücum əməliyyatlarını davam etdirdiyi bir vaxtda Vermaxtın iki elit motoatıcı diviziyası hesab edilən "Leybştandart" və "Böyük Almaniya" diviziyaları Fransada ingilislərin desant əməliyyatına qarşı mübarizə aparmaq məqsədilə Qərbi Avropaya göndərilmişdi. Digər tərəfdən, 6-cı alman ordusu Stalinqradın içində baş vermiş döyüşlər ərzində ciddi itkilər vermişdi. Eyni şəkildə, almanların 22-ci tank diviziyasının texniki təchizat baxımından vəziyyəti 1-ci rumın zirehli diviziyasından daha yaxşı deyildi. Alman birlikləri də müdafiə cəbhəsində çox uzun cəbhə xəttinə yayılmış vəziyyətdə idi. Məsələn, 11-ci ordu korpusu təqribən 100 km uzunluğunda olan cəbhə xəttini qorumağa cavabdeh idi.
Sovet Qırmızı Ordu qarşıdan gələn hücum əməliyyatı üçün bölgəyə 1.1 milyon nəfər şəxsi heyət, 804 tank, 13400 artilleriya qurğusu və minə yaxın təyyarə yerləşdirmişdi. 3-cü rumın ordusu qarşısında yerləşən Sovet qüvvələrinə 5-ci tank ordusu, 21-ci ordu və 65-ci ordu daxil idi ki, həmin birliklərin də əsas vəzifəsi cinahdakı düşmən qoşunlarını dağıtmaqdan ibarətdi. Almanların müdafiə xəttinin cənub istiqaməti isə Stalinqrad cəbhəsinin 51-ci və 57-ci orduları, həmçinin 13-cü və 4-cü mexanikləşdirilmiş korpusları tərəfindən hədəf olaraq seçilmişdi. Bu qüvvələr 4-cü rumın ordusunun müdafiə xəttinə hücum etməli və Kalaç yaxınlığında 5-ci tank ordusu ilə təmas qurmalı idi. Ümumilikdə, Sovet rəhbərliyi tərəfindən bölgəyə 11 ordu, həmçinin müxtəlif müstəqil tank diviziyaları və korpusları toplanmışdı.