Salome Zurabişvili (, ) — Fransa və Gürcüstan siyasətçisi və siyasi xadimi. Gürcüstan Respublikasının 2004-cü ilin mart ayından 2005-ci ilin noyabr ayınadək Xarici İşlər Naziri olmuşdur. Gürcüstanın Mtatsminda rayonunun millət vəkilidir. 2018-ci ilin dekabrın 16-dan Gürcüstan Respublikasının 5-ci Prezidentidir.
Gürcüstan Respublikası Xarici İşlər Naziri olaraq təyin edildiyi müddətdə, adı Rusiyanın Gürcüstandakı rus hərbi bazalarının geri çəkilməsi ilə əlaqələndirilir.
Salome Zurabişvili, Fransadakı gürcü diasporunun sədri olmuş Levan Zurabişvilinin ailəsində, gürcü siyasi mühacirlərinin ailəsində anadan olub və böyüyüb.
Həyatı Salome Zurabişvili 1952-ci il martın 18-də Parisdə, gürcü siyasi mühacirlərin ailəsində, Fransadakı Gürcüstan diasporunun sədri Levan Zurabişvilinin ailəsində anadan olmuşdur. Levanın atası 1921-ci ildə Gürcüstandan SSRİ işğalına görə qaçan siyasi mühacirlərdən biri idi. 1972-ci ildə Salome Zurabişvili Paris Siyasi Elmlər İnstitutunu, 1973-cü ildə Kolumbiya Universitetini, 1981-ci ildə isə Parisin Milli Təhsil məktəbini bitirmişdir.
Siyasi fəaliyyəti Salome 30 il Fransa XİN-də diplomat kimi fəaliyyət göstərib. Zurabişvili Gürcüstana ilk dəfə 2001-ci ildə Fransanın Gürcüstandakı səfiri kimi gəlib. Lakin 2004-cü ilin martında Zurabişvili artıq prezident Mixail Saakaşvilinin sərəncamı ilə inqilabçı hökumətdə ölkənin xarici işlər naziri təyin edilib.
Elə həmin vaxt gürcü vətəndaşlığı alan Zurabişvili bununla yanaşı fransız vətəndaşlığını da qoruyub saxlayıb. Xarici işlər naziri vəzifəsində Zurabişvili bir ildən artıq fəaliyyət göstərib. Zurabişvili xarici işlər naziri postunda əsas uğurlarından biri kimi Rusiya hərbi bazalarının ölkədən çıxarılması haqqında qərarın qəbul edilməsini göstərirdi. Hətta çıxışlarının birində deyib ki, bunu tarixi nailiyyət hesab edir. 2005-ci ildə nazirlikdən kənarlaşdırılan Salome, Saakaşviliyə müxalifət mövqeyinə keçib. 2005-ci ildən 2010-cu ilə qədər o, fəal şəkildə Saakaşvili hakimiyyətinə qarşı durub, amma müxalifət lideri elə də ola bilməyib. 2010-cu ilə qədər "Gürcüstanın yolu" müxalifət partiyasına rəhbərlik edən Zurabişvili daha sonra BMT-nin İrandakı vəziyyət üzrə monitorinqinin ekspert qrupuna daxil olub. 2013-cü ildə keçirilən prezident seçkilərində iştirak etmək istəyən Zurabişvilinin qeydiyyatdan keçmək barədə müraciəti ikili vətəndaşlığa görə rədd edilmişdi.
2016-cı ildə keçirilən parlament seçkilərində Tbilisidəki majoritar dairələrdən birində müstəqil namizəd kimi iştirak edən Zurabişvili hakim partiyanın dəstəyilə parlamentə seçilib. 2018-ci il seçkilərinə qatılmaq üçün o Fransa vətəndaşlığından imtina edib.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Gürcü siyasətçilər Kateqoriya:Qadın siyasətçilər Kateqoriya:Gürcüstan prezidentləri Kateqoriya:Gürcüstan prezidentliyinə namizədlər Kateqoriya:Qadın prezidentlər Kateqoriya:Gürcüstanın xarici işlər nazirləri Kateqoriya:Siyasi Araşdırmalar İnstitutunun müəllimləri (Paris) Kateqoriya:Alman dili Kateqoriya:Digər ölkələrin Gürcüstandakı səfirləri Kateqoriya:Fransa səfirləri Kateqoriya:Fransanın qadın siyasətçiləri Kateqoriya:Gürcü dili Kateqoriya:Gürcüəsilli şəxslər Kateqoriya:Gürcüstan yazıçıları Kateqoriya:Paris şəxsləri Kateqoriya:Qadın diplomatlar Kateqoriya:Vəzifədə olan dövlət rəhbərləri Kateqoriya:XXI əsr Fransa yazıçıları