Əliyev Cəfər Hüseyn oğlu (Cəfər Hüseynoğlu) — publisist, 1950-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Həyatı Cəfər Hüseynoğlu 1925-ci il dekabrın 23-də Füzuli rayonunda, faytonçu ailəsində anadan olmuşdur. Burada orta təhsilini almış, sonra ikiillik Şuşa Müəllimlər İnstitutunda təhsil almışdır (1939–1941). Əmək fəaliyyətinə Ağdam rayonunun Gülablı kənd orta məktəbində tarix müəllimi kimi başlamışdır (1941–1942). 1942–1946-ci illərdə İkinci dünya müharibəsində döyüşən ordu sıralarında olmuşdur. Tərxis edildikdən sonra bir müddət Bakıda müəllim, sonra rayon komsomol komitəsində katib, rayon partiya komitəsində təbliğatcı, "Qızıl Araz" qəzetinin məsul katibi işləmişdir (1946–1948). "Bakinski raboçi" qəzetinin Arazboyu və Ağdam bölgələrində xüsusi müxbir işləmişdir (1948–1966). "Kənd həyatı" jurnalında müxbir, Azərbaycan Elmlər Akademiyasının "Xəbərlər" məcmuəsində baş redaktorun müavini (1966–1976), Azərbaycan Dostluq Cəmiyyətində Xaricdə yaşayan həmvətənlərlə əlaqə şöbəsinin müdiri (1976), Bakı şəhər Veteranlar Şurasının sədr müavini (1983–1987), Təbrizdə nəşr edilən "Azadlıq beşiyi" və "Körpü" qəzetlərinin Azərbaycan Respublikası üzrə xüsusi müxbiri (1993–2000) olmuşdur. Dövri mətbuatda külli miqdarda müxtəlif janrlarda yazıları dərc olunmuşdur. Xarici ölkə qəzet və jurnallarda Azərbaycan həqiqətləri haqqında məqalələri işıq üzü görmüşdür.
Xidmətlərinə görə 2 döyüş ordeni və 6 medalla təltif olunmuşdur. Azərbaycan Respublikası Ali Soveti Rəyasət heyətinin fəxri fərmanına layiq görülmüşdür. "Vətən" ali ustad jurnalist mükafatı laureatı olmuşdur.
2000-ci il dekabrın 26-da Bakı şəhərində vəfat etmişdir.
Əsərləri Bakının yaşıl örtüyü. Bakı: Azərnəşr, 1976, 16 səh. Cəsur döyüşcü. Bakı: Elm, 1996, 50 səh. Yolun düşsə Təbrizə. Bakı: Elm, 1996, 50 səh.
Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycanlı publisistlər Kateqoriya:Azərbaycan Jurnalistlər Birliyinin üzvləri Kateqoriya:Füzuli rayonunda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər