thumb|right|260px|İndoneziya

İndoneziya tarixi — İndoneziya Respublikasının tarixi.

Erkən dövr Cənub-Şərqi Asiyada yerləşən İndoneziya ərazisində Böyük Zond adaları, Kalimantan, Sumatra, Sulavesi, Yava və Madura, Kiçik Zond adaları, Bali Lombok, Sumbava, Filores, Timor, Moluk adaları, həmçinin Yeni Qvineya adaları müasir insan tipini o cümlədən pitekantrop, yavantrop, sonralar vadyak adamının formalaşdığı mərkəzlərindəndir. Bu ölkədə aşağı, yuxarı Paleolit və Mezolit dövrlərinə aid abidələr aşkar edilmişdir. Bu ölkənin ərazisində üç mindən artıq ada vardır ki, bu nəhəng adalar yaşayış məsgənləridir. İndoneziyada II–V əsrlərdə məhsuldar qüvvələrin inkişafı nəticəsində ilk sinifli cəmiyyət təşəkkül tapmışdır ki, bunun da nəticəsində Tarum, Kalinq, Malayya, Şirivicayya kimi erkən dövlətlər meydana gəlmişdi.

Orta əsrlər XIII əsrin sonunda Yavada yaranan Maccapaxit imperiyası 1295–1520-ci illərdə ölkə ərazisindəki xırda dövlətləri də özünə birləşdirdi. XIV əsrdə Hindistan və Malakkadan müsəlman missionerləri, o cümlədən miqrasiya etmiş müsəlmanlar İndoneziyada islamı yaymağa nail olmuşdular. Bu hadisə ölkə daxilində siyasi ziddiyyətləri daha da qabartdı və siyasi pərakəndəliklə nəticələndi. Bundan istifadə edən gəlmələr, yəni kütləvi miqrasiyalar nəticəsində sonradan İndoneziyanın xırda dövlətlərə parçalanmasına səbəb oldu. XVI əsrdə müsəlmanların xırda dövlətlərinin yaradılması və bu xırda dövlətlər arasında fasiləsiz müharibələr avropalıların İndoneziyaya gəlmələrinə və müstəmləkəçilik siyasəti yeritmələrinə şərait yaratdı. Beləliklə, XVI əsrdə avropalılar, xüsusilə hollandlar, portuqaliyalılar İndoneziyaya gəlməklə özlərinin ilk koloniyalarını yaratdılar. Ən başlıcası isə XVIII əsrin ortalarından başlayaraq hollandlar Yavanı, XIX–XX əsrlərdə isə avropalılar, İndoneziyanın bütün ərazisini tamamilə işğal etdilər. Müasir İndoneziyanın sahəsi 1 milyon 904 min kv. Kilometrdir. XIX əsrin əvvəllərində ölkənin təxminən 5 milyon əhalisi var idi ki, bunun da çox hissəsi Yavada toplaşmışdı, amma avropalıların bura gəlişindən sonra vəziyyət tamamilə dəyişdi. Odur ki, Asiya və Avstraliyanı birləşdirən yollar ayrıcında yerləşən İndoneziya hələ XVI əsrin əvvəllərində avropalıların müstəmləkəçilik təcavüzünün hədəfi olmuşdu. Avropalıları İndoneziyaya cəlb edən Avropada yüksək qiymətə gedən bolbol ədviyyat və digər zinət əşyaları idi. Hələ XV əsrin sonunda İndoneziyaya birinci portuqaliyalılar, sonra ingilislər, ispanlar və nəhayət, öz rəqiblərini sıxışdırıb çıxaran hollandlar gəlmişdilər. Hollandlar ilk koloniyalarını yaratdıqdan sonra 1602-ci ildə yaradılmış Hollandiya Ost-Hind kompaniyası vasitəsilə Yavanın xeyli hissəsini, Moluk adalarını və bir sıra başqa yerləri zorla və xaincəsinə özünə tabe edə bilmişdi. Ən şiddətli inhisara malik olan bu kompaniya ixracat üçün bitkiləri (leveransiya) zorla əkdirib bütün məhsulu özünə götürmək, icbari əmək sistemi tətbiq etmək (xerendinst) və hər il müəyyən məhsullar tədarük etmək (kontinqentlər) yolu ilə çox böyük mənfəət götürürdü. Nəticədə arasıkəsilməyən qarətlər nəticəsində bu regionlar müflisləşdi, bir çox vilayətlər boş qaldı, bir çox yerlər tam səfalətli vəziyyətə düşdü. Marks "Kapital" əsərində yazırdı ki, "XVII əsrin nümunəvi kapitalist ölkəsi olan Hollandiyanın müstəmləkə təsərrüfatının tarixini misilsiz xəyanət, aldatmaq, qətl və əclaflıqlar mənzərəsi təşkil edir".

Yeni dövr

XVIII əsr XVIII əsrin axırlarında İndoneziyanın xeyli hissəsi müstəmləkə ərazisi idi. Ölkədə feodal münasibətləri hökm sürürdü. Arxipelaqın bir çox hissələrində hələ də ibtidai-icma quruluşu qalmaqda idi. Yavada Bataviya2 ətrafında və Bataviyanın cənubunda olan yerlər, Preanger regentliyi deyilən yerlər bilavasitə kompaniyanın idarəsi altında idi. Qalan ərazidə hollandlar yerli zadəganlar vasitəsilə fəaliyyət göstərərək, feodal istehsal üsulunu və feodal silsiləsini mühafizə edib saxlayırdılar. Ən şiddətli istismarın mövcud olması və kapitalizmdən əvvəlki münasibətlərin mühafizə edilib saxlanılması, ölkənin məhsuldar qüvvələrinin inkişafını ləngidirdi. Kompaniyanın iki yüz illik ağalığının yekunu bundan ibarət idi.

kompaniya XVIII əsrin axırlarında iqtisadi böhran vəziyyətinə düşmüşdü. Bunun başlıca səbəbləri – İngiltərə-Hollandiya rəqabəti, bu rəqabətin XVII və XVIII əsrlərdə Hollandiya üçün doğurduğu müvəffəqiyyətsiz müharibələr, İndoneziyada baş verən üsyanlar, qaçaqçılıq ticarətinin güclənməsi nəticəsində inhisarın güclənməsi, kompaniya məmurları içərisində satqınlıq və rüşvətxorluğun artması ilə nəticələnmişdi. 1799-cu il dekabrın 31-də Hollandiya kompaniyasının səlahiyyət müddəti sona çatdı. Kompaniya ləğv edildi, onun bütün əmlakı və bütün borcları isə Niderland hökumətinə keçdi. Niderland hökuməti 134 milyon quldenə satın alaraq bütöv bir müstəmləkə ərazisinə sahib oldu, lakin ölkənin daxili vəziyyəti heç də yaxşılaşmadı. Köləlik və istismar ləğv edilmədi. Ona görə ki, müstəmləkəçilik aparatı "bir istismarçıdan digər istismarçının əlinə keçmişdi". İndoneziya uğrunda İngiltərə-Niderland rəqabətinin gərgin dövründə beynəlxalq vəziyyət dəyişdi, yəni Niderland 1795-ci ildən etibarən Fransanın vassalı olaraq ondan asılı vəziyyətə düşdü, xarici siyasəti də Fransa hökuməti tərəfindən müəyyən edilməyə başladı. Şərqdə, birinci növbədə isə Hindistanda İngiltərə burjuaziyasına qarşı mübarizə üçün İndoneziyanın bir hərbi meydan kimi əhəmiyyətini başa düşən Napoleon 1807-ci ildə Dandelsi İndoneziyaya general-qubernator təyin etdi və bir vəzifə olaraq ona tapşırdı ki, İngiltərənin təcavüzkarlığına qarşı ilk növbədə Yavanın müdafiəsini təşkil etsin. Yava feodallarının müstəqilliyini tamamilə məhv etməyə çalışan Dandels regentlərin Bataviya hökumətindən maaş alan adi məmurlara çevrildiyini elan etdi. Yavanın müdafiəsini təşkil etmək üçün ən başlıcası ordu, pul, hərbi tikintilər lazım idi. Dandels qızğın fəallıqla yollar çəkdirir, istehkamlar və sahil batareyaları yaradırdı. Bir il ərzində Yavanın qərbindən şərqinə yol çəkildi. Bu tikintilərdə işləmək üçün on minlərlə kəndli zorla səfərbər edilmişdi ki, bunlardan minlərlə adam aclıq və xəstəliklərdən məhv olmuşdu. Bundan başqa, Dandels yerli feodallardan orduya əsgər verməyi tələb etdi və onların qarşısında yeni şərtlər qoydu.

Dandels icbari əmək sistemini genişləndirdi, icbari surətdə əkdirilən qəhvə bitkisi sahələrini çoxaltdı. Pul əldə etmək üçün Dandels Yavada xaricilərə torpaq satmağa başladı, həm də torpaq kəndlilərlə birlikdə satılırdı. Təhkimli kəndlilər üzərində torpaq sahiblərinə geniş hüquqlar, o cümlədən döymək və cəzalandırmaq ixtiyarı da verildi. Dandelsin tədbirləri çoxlu iğtişaşlara səbəb oldu. Bantam (Qərbi Yava) kəndliləri silahlı üsyan qaldırdılar, amma üsyan yatırıldı və sultanlığın sahil rayonları Niderland torpaqlarına bitişdirildi, lakin başqa yerlərdə də üsyanlar yetişməkdə idi və bunlar hollandları tamamilə ölkədən süpürüb atmaq əzmində idilər. Bütün bu tədbirlərə baxmayaraq Dandels Yavanın mühafizə vəziyyətini möhkəmlədə bilmədi. Dandelsin soyğunçuluq fəaliyyəti İndoneziya kəndlilərində daha da güclü nifrət və qəzəbin oyanmasına səbəb oldu, hətta zadəganları da özünə qarşı qaldırdı. Ümumi narazılıq o qədər güclü idi ki, bunun nəticəsində 1810-cu ilin yazında Dandels geri çağırıldı. O, ölkəni gizli olaraq tərk etdi.

XIX əsr

İndoneziya İngiltərənin hökmranlığı altında "Napoleon işğallarına" qarşı müharibə elan edən İngiltərə burjuaziyası müstəmləkə bazarlarını ələ keçirmək və tam ticarət hegemonluğu qazanmaq istəyirdi. İngilislər çoxdan bəri Yavanı işğal etməyə çalışırdılar. Hələ 1810-cu ildən arxipelaqın böyük bir hissəsi ingilislərin əlinə keçmişdi. 1811-ci ilin avqustunda İngiltərənin 12 min nəfərlik hərbi silahlı dəstəsi Bataviyanı işğal etdi. Semaranq yanındakı həlledici vuruşmada hollandlar qəti surətdə məğlub edildilər. Yerli cammat hollandlara qarşı o qədər nifrət edirdi ki, bir sıra məntəqələrdə yerli feodallar ingilis ordularının gəlib çıxmasını gözləmədən hollandları ölkədən qovdu. Palembanqda (Cənubi Sumatrada) hollandların xeyli hərbi qüvvəsi məhv edildi. Sentyabrın 18-də təslim haqqında sənəd imzalandı. Nəticədə İndoneziya, başqa bir Avropa müstəmləkəçisinin, yəni İngiltərənin əlinə keçdi. İngiltərədə böyük nüfuz sahibi olan, Asiya qitəsində yeni müstəmləkələrin əldə edilməsində görkəmli mütəxəssis kimi tanınan və müstəmləkəçilik üzrə mahir mütəxəssis hesab edilən Refflz əhalinin 60 faizinin yaşadığı Yavaya qubernator təyin edildi. Refflz İndoneziyanı öz malları üçün satış bazarı və xammal mənbəyinə çevirməyə çalışan adam idi ki, bu da İngiltərə ticarət və sənaye burjuaziyasının geniş dairələrinin mənafeyinə tamamilə uyğun siyasət idi. Refflz general-qubernator təyin edildikdən sonra İngiltərənin hakimiyyəti altında olan yerlərdə feodalların hüquqlarını daha da məhdudlaşdırdı. Nəsli rəhbərlər vasitəsilə idarə etmək əvəzinə, keçmiş regentlərdən təyin olunan və hökumətdən maaş alan məmurlar vasitəsilə idarə sistemi yaradıldı. Refflzin bu idarəçilik sistemi mahiyyətcə ondan ibarət idi ki, yeni məmur komandası ilə istədiyi işi görə bilsin. Refflz Bantam və Çeriban sultanlıqlarını ləğv edib, bu yerləri ingilis torpaqları ilə birləşdirdi. Cokyakarta sultanı hakimiyyətdən devrildi və onun 750 min dollar qiymətində sərvəti qarət olundu. Cokyakarta və Surakarta sultanlıqlarının torpaqlarının bir hissəsi əllərindən alındı, hər iki sultan ordu saxlamaq hüququndan məhrum edildi. İngilislərin müttəfiqi olan və qalay alınmasını ingilislərə inhisara verməkdən boyun qaçırdığına görə Palembanq sultanı da cəzalandırıldı. Refflzin özünün təhrikilə burada "öldürülmüş hollandların intiqamını" almaq üçün təəsübkeşlik göstərərək 1811-ci ildə Palembanqa hərbi dəstə göndərildi. Sultan qaçdı, zəngin qalay yataqlarına malik olan Banka və Billiton adaları isə ingilislərin hakimiyyəti altına keçdi. 1811-ci ildə keçirilmiş hərbi əməliyyatı əslində əvvəlcədən planlaşdırılmışdı və Banka, Billiton adalarının işğalı əvvəlcədən planlaşdırılmışdı.

Refflzin ən mühüm tədbirlərindən biri də torpaq islahatı oldu. Bütün torpaqlar, Cokyakarta və Surakarta sultanlıqlarının ərazisi istisna olmaqla, Bataviya hökumətinin mülkiyyəti, yəni nəticə etibarilə İngiltərənin mülkiyyəti elan edildi. Torpaqlar kəndlilərə icarəyə verilirdi, bunun üçün kəndlilər məhsulun dəyərinin dörddə birindən yarısına qədəri həcmində pul rentası verməli idilər. Belə torpaq — vergi sistemi sonralar Hindistanda rəiyyətvari sistemi adı ilə tətbiq edildi. Dənizçiliyi və ticarəti inkişaf etdirmək məqsədilə Refflz xarici ticarət inhisarını ləğv etdi və İndoneziyanın limanlarını açdı, çünki İngiltərə öz sənaye və ticarət qüdrətinə arxayın idi və rəqabətdən qorxmurdu. Refflz plantasiyalar salmaq məqsədilə hökumət torpaqlarını xaricilərə də satırdı. Torpaqlarını hələlik mühafizə edib saxlamış olan sultanlar və onların tabeliyində olan feodallar pul əldə etmək məqsədilə özləri öz torpaqlarını plantasiya üçün satmağa məcbur edilirdilər. Bütün bu "islahatlar" əmtəə-pul münasibətlərinin inkişafına kömək etməli, ingilis kapitalının İndoneziyaya soxulmasını asanlaşdırmalı, əldə edilən mənfəəti artırmalı idi, lakin təbii olaraq ölkənin əsas istehsalçı qüvvəsi olan kəndlilərin vəziyyəti yaxşılaşmadı, əksinə, daha da ağırlaşdı. Torpaq islahatı nəticəsində ingilislər bütün icma torpaqlarını, meşələri və yeraltı sərvətləri quldurcasına mənimsədilər. Kəndliləri torpaq ehtiyatından məhrum edib, onları torpaqsızlığa və dilənçiliyə məhkum etdilər. Renta-vergini ödəməyə pulu olmayan kəndlilər sələmçilərə və ya öz kəndinin varlı təbəqələrinə müraciət etməli olurdular. Əvvəlki kimi kəndlilər yenə də regentlərin nəfinə müxtəlif mükəlləfiyyətlər daşımalı idilər. Bir sözlə İndoneziya kəndlisi istismarın bir formasından digər formasına yəni yadellilərin də istismarına düçar oldu.

Hollandların İndoneziyaya qayıtması left|thumb|360x360px|Holland hakimiyyətinin İndoneziya ərazisində genişlənməsi (XVIII əsrin sonu — XX əsrin əvvəli)