Firudin Bəylər oğlu Mustafayev (13 dekabr 1950-ci il, Kürçülü, Şərur) — Azərbaycan Respublikasının Əməkdar mühəndisi, keçmiş Azərkimya Dövlət Şirkətinin vitse-presidenti, ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyinin keçmiş Baş mühəndisi və Baş direktorunun müşaviri , kimya elmləri namizədi.

Həyatı Firudin Mustafayev 1950-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Kürçülü kəndində anadan olmuşdur.

1966–1970-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft-Kimya institutunun kimya-texnologiya fakültəsində ali təhsil almış, 1977–1981-ci illərdə D. İ. Mendeleyev adına Moskva Kimya-Texnologiya İnstitutunda (indiki D. İ. Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universiteti) aspirantura bitirmiş və kimya elmləri namizədi adını almışdır.

1989–90-cı illərdə Serqo Orconikidze adına Moskva İdarəçilik Akademiyasında təhsilini davam etdirmiş və xarici iqtisadi əlaqələr üzrə iqtisadçı ixtisasına yiyələnmişdir.

Təhsil aldığı müddətdə 5 elmi məqalənin və 2 ixtiranın müəllifi olmuşdur.

1970–1971-ci illərdə hərbi xidmətdə olmuşdur.

Azərbaycan, rus, ingilis və alman dillərini bilir.

Əmək fəaliyyəti Əmək fəaliyyətinə 1971-ci ildə Sumqayıt şəhəri kimya kombinatının benzol sexində növbə rəisi kimi başlamışdır.

1973–1974-cü illərdə Azərbaycan Neft-Kimya institutununda mühəndis kimi çalışmış, daha sonra (1974–1975) Elmlər Akademiyasının Neft-Kimya prosesləri institutunun Sumqayıt şəhəri filialında böyük mühəndis kimi işləmişdir.

1975–1977-ci illərdə Sumqayıt "Kimyasənaye" İB-nin "Üzvi sintez" İB-nin (zavodunun) müxtəlif sexlərində növbə rəisi kimi çalışmışdır.

1981-ci ildə Azərbaycana geri döndükdən sonra Sumqayıt "Kimyasənaye" İB-nin (zavodunun) mərkəzi laboratoriyasının rəis müavini təyin olunmuşdur. 1987–1988-ci illərdə Rumıniyanın Curcu şəhərində yerləşən kimya zavoduna texniki yardım üzrə mütəxəssis kimi ezam olunmuşdur.

1991-ci ildə təcrübə mübadiləsi üzrə bir il müddətinə Almaniyanın BASF konserninə ezam olunmuşdur. 1992-ci ildə Sumqayıt şəhəri "Səthi fəal maddələr" İB-nin (zavodunun) baş direktoru vəzifəsinə təyin olunmuşdur.

2000–2010-cu illərdə Azərkimya Dövlət Şirkətinin vitse-prezidenti olmuşdur. Azərbaycan Respublikası Prezidentinin "Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında" 2 aprel 2010-cu il tarixli Sərəncamına əsasən "Azərikimya" Dövlət Şirkəti ARDNŞ-nin tabeliyinə verildikdən sonra İcraçı direktorun müavini və Baş mühəndis vəzifəsinə təyin olunmuşdur.

2013-cü ildən 2024-cü ilə qədər ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyinin Baş direktorunun müşaviri vəzifəsini yerinə yetirmişdir.

Hal-hazırda təqaüdçüdür.

Ailəsi Ailəlidir, 3 övladı və 4 nəvəsi var.

Həyat yoldaşı Şəlalə Mustafayeva İbrahim qızı həmçinin D. İ. Mendeleyev adına Moskva Kimya-Texnologiya İnstitutunda (indiki D. İ. Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universiteti) təhsilini bitirmiş və kimya elmləri namizədi adını almışdır.

Mükafatları Azərbaycanın neft sənayesinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 2010-cu il tarixli Sərəncamı ilə "Əməkdar Mühəndis" fəxri adı təltif edilib.

Kimya sənayesinin yaradılmasının 70 illiyi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycanda səmərəli fəaliyyətlərinə görə "Şöhrət" ordeni təltif edilib.

İstinadlar

Kateqoriya:"Şöhrət" ordeni ilə təltif edilənlər Kateqoriya:Əməkdar mühəndislər Kateqoriya:Şərurda doğulanlar Kateqoriya:Vəzifə sahibləri Kateqoriya:Kimya sənayesi Kateqoriya:Kimyaçılar Kateqoriya:Kimya elmləri doktorları Kateqoriya:SOCAR