Qurdlar məhəlləsi — Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri. Qarabağın tanınmış soylarından olan Zöhrabbəyovların evi, Qaraböyük xanım sarayı, məşhur ictimai xadim, yazıçı, pedaqoq Əhməd bəy Ağaoğlunun atasının mülkü bu məhəllədə yerləşir.

Haqqında Qurdlar məhəlləsinin adı Qurdlar eli ilə bağlıdır. Onlar müasir Türkiyə ərazisində yerləşən Ərzurumdan gəlmişdilər; orada ənənəvi olaraq azərbaycanlı türklərin xeyli hissəsi sıx şəkildə yaşayırdı. XVIII əsrdə Qurdlar eli nəsli tam tərkibdə indiki Azərbaycanın ərazisinə köçmüşdü. Əvvəlcə Gəncədə məskunlaşdılar, lakin sonra Qarabağa köçmək qərarına gəldilər və nəhayət orada yerləşib qaldılar. Əhməd bəy Ağaoğlunun soyu da bu elə mənsub idi.

Çar Rusiyası işğalından sonra, rus müstəmləkə hakimiyyəti Qurdlar eli nümayəndələrinə əvvəllər sahib olduqları bütün torpaqların tam irsi mülkiyyətçiləri olaraq qaldıqlarını bildirdi. Üstəlik, onlara bəy titulu verərək rus idarəçiliyi onların sosial təbəqə imtiyazlarını da tanımış oldu.

Məhəllədə Qaraböyük xanım sarayı yerləşir. Bu saray Şuşa qalası ərazisində salamat qalmış 2 saraydan biridir. Qalanın giriş qapısının üzərindəki kitabədə onu 1768-ci ildə tikildiyi qeyd olunub.

Məhəllədə yerləşən mülklərdən biri də Zöhrabbəyovun evidir. Bu ev XIX əsrdə tikilib. Sovet işğalından sonra ev müsadirə olunub və burada Şuşa şəkil qalereyası fəaliyyət göstərib. 1992-ci ildə Şuşa işğal edildikdən sonra bina talan edilib, şəbəkədən pəncərələri və divar rəsmləri yoxa çıxıb. Hazırda bina yarıdağılmış vəziyyətdədir.

Qurdlar məhəlləsində həmçinin Əhməd bəy Ağaoğlunun doğulub böyüdüyü ev də yerləşib. Sovet işğalından sonra bu binadan idarə və müəssisə, pansionat və məktəb kimi istifadə edilib. Yerli camaat arasında “Lesnaya şkola” (az. Meşə məktəbi) kimi tanınıb. 1992-ci ildə Şuşa işğal edildikdən sonra Əhməd bəy Ağaoğlunun evi tamamilə dağıdılıb. Şuşa azad olunduqdan sonra Əhməd bəy Ağaoğlunun evində təsis olunan, mərkəzi Ankarada yerləşən Türk Ocaqlarının Ümumi Mərkəzi bütün xərcləri öz üzərinə götürərək Ağaoğlunun dağıdılmış evini əvvəlki halını bərpa etmək üçün Azərbaycan dövlətinə müraciət edib.

Şəkillər

Həmçinin bax Çuxur məhəllə Mamayı məhəlləsi Mərdinli məhəlləsi

İstinadlar

Xarici keçidlər Qədim Şuşa şəhərində Əhməd bəy Ağaoğlunun ermənilər tərəfindən dağıdılmış evi / Qənirə Paşayeva Abbasqulu bəyin qızı Məryəm Zöhrabbəyovanın evləri haqqında xatirələri / 1newsTV

Kateqoriya:Şuşa məhəllələri