Orxan Araz oğlu Zeynallı (səhnə adı: AiD; ) — azərbaycanlı reper və mahnı müəllifi. Musiqi fəaliyyətinə 2007-ci ildə H.O.S.T qrupunun üzvü kimi başlamış, 2012-ci ildən solo ifaçı kimi çıxış edir. "Biz İnsan Deyilik" (2010), "Yaş Gəlir" (2012) və "Qravitasiya" (2016) albomlarının müəllifidir. "Hekayəm" və "Karusel" klipləri YouTube-da bir milyon baxış həddini keçən ilk Azərbaycan rep klipləri kimi qeyd olunur.
2016-cı ildən ABŞ-da yaşayır. 2022-ci ildə altı illik fasilədən sonra Bakıda verdiyi "40-cı Paralel" konsertinin biletləri 20 saat ərzində satılmışdır. Sonrakı illərdə konsertlərini orkestr və xorun müşayiəti ilə keçirir; 2025-ci ilin noyabrında Heydər Əliyev Sarayında üç gün ardıcıl verdiyi konsertlərə 5500-dən çox tamaşaçı gəlmişdir.
Həyatı Orxan Zeynallı 1989-cu il iyunun 5-də Bakıda anadan olmuşdur. Orta təhsilini Bakı Türk Liseyində almış, 2006-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə daxil olmuşdur. Universiteti bitirdikdən sonra 2010–2011-ci illərdə hərbi xidmət keçmişdir. 2014-cü ildə Böyük Britaniyanın Lids şəhərindəki Lids Universitetinin biznesin idarə edilməsi (MBA) üzrə magistratura proqramına qəbul olunsa da, təhsilini davam etdirməmişdir.
2015-ci ildə ailə həyatı qurmuş, 2016-cı ilin avqustundan ABŞ-da yaşayır. Müsahibəsində köçməsinin məcburi olmadığını, "sıfırlanmaq" və yenilənmək istədiyini bildirmişdir.
Yaradıcılığı H.O.S.T dövrü (2007–2012) Orxan Zeynallı musiqi fəaliyyətinə 2007-ci ildə AiD ləqəbi ilə başlamışdır. Dostları – Qaraqan və PRoMete ilə birlikdə yaratdığı H.O.S.T qrupunun tərkibində beş il ərzində yüzlərlə mahnının hazırlanmasında, 50-dən çox konsert və çıxışda iştirak etmişdir. Qrupun 2009-cu ildə keçirilən "Reinkarnasiya" konsertində 1300 nəfər iştirak etmiş, həmin il Sumqayıtda da konsert verilmişdir. 2010-cu ildə "Rekviem" konserti və Gəncədə çıxış baş tutmuşdur. Qrupun son böyük konserti 2012-ci ilin martında Bakı Dəniz Vağzalında keçirilmiş və təxminən 2500 tamaşaçı toplamışdır.
2009-cu ildə Orxan Zeynallı PRoMete ilə birlikdə İsveçrədə "İsveçrədə Azərbaycan günləri" layihəsi çərçivəsində Bazel və Sürixdə keçirilən konsertlərdə çıxış etmişdir.
Solo fəaliyyət (2010–2016) İlk solo albomu olan "Biz İnsan Deyilik" 2010-cu ildə dinləyicilərlə görüşlərdə satışa çıxarılmış, albom İstanbulda çap olunmuşdur. 2011-ci ildə eyniadlı ilk solo konsertindən sonra "Bəlkə də Nə Vaxtsa", ilin sonunda isə "Hekayəm" və "Karusel" mahnılarına kliplər təqdim olunmuşdur. Bu iki klip YouTube-da bir milyon baxış həddini keçən ilk Azərbaycan rep klipləri kimi qeyd olunur.
2012-ci ildə rəsmən solo fəaliyyətə başladıqdan sonra "Yaş Gəlir" albomunun ilk sinqlı olan "Mavi Qızılgüllər"i təqdim etmişdir. 2012-ci il dekabrın 16-da "Beş Günlük Dünya" adlı solo konsert keçirilmiş və albom həmin konsertdə satışa çıxarılmışdır. Albomdakı "Ürəyimin Səsi", "Mənim Şəhərim", "Verdiyim Sözlər", "Beş Günlük Dünya", "Bəlkələr" və "Doğma Mahnılar" mahnıları sonrakı konsert proqramlarında da ifa olunmuşdur.
2013-cü ildə amerikalı prodüser Onree Gill-in hədiyyə etdiyi musiqi əsasında "Satılmış Səhnələr" mahnısını hazırlamışdır. Mahnının klipi həmin il Bakı Caz Mərkəzində keçirilən "Hisslər Danışanda" konsertində təqdim olunmuş, bir neçə ay sonra eyni məkanda "Böyük Ümidlər" konserti verilmişdir. 2014-cü ildə "Yadımda Deyilsən" mahnısı yayımlanmış, ilin sonunda "Dəyişir Həyat" konserti keçirilmişdir. 2015-ci ildə Caz Mərkəzində "#40 trek" şüarı ilə hesabat konserti vermiş, ilin sonunda "Dərində" klipini təqdim etmişdir.
2016-cı ildə "Şərbət" klipi ilə üçüncü albomu olan "Qravitasiya"nın anonsunu vermişdir. Alboma həsr olunmuş konsert Bakıda "Kempinski Hotel Badamdar"da keçirilmiş, 500-dən çox tamaşaçı toplamışdır. Bir neçə ay sonra "Nil" klipini təqdim etmiş və ABŞ-a köçərək konsert fəaliyyətinə fasilə vermişdir. 2012-ci ildən sonra Türkiyənin Ankara və İstanbul şəhərlərində keçirilən tədbir və konsertlərdə də çıxış etmişdir.
ABŞ dövrü və səhnəyə qayıdış (2016–2022) ABŞ-da yaşadığı ilk illərdə uzun müddət aktiv musiqi fəaliyyətindən uzaq qalmışdır. 2019-cu ildə "Atalar və Oğullar" və "40-cı Paralel", 2021-ci ildə isə "Vecsiz" mahnılarını, həmçinin Röya Miri (Mirzəyeva) ilə "Bulud" duetini yayımlamışdır.
2022-ci ilin oktyabrında altı illik fasilədən sonra Bakıda konsert verəcəyini elan etmişdir. Elektra Events Hallda noyabrın 20-nə planlaşdırılan "40-cı Paralel" konsertinin 3100 bileti 20 saat ərzində satılmış, bundan sonra konsertin ikinci günü (21 noyabr) əlavə edilmişdir. Milli.Az bunu Azərbaycanda biletləri ən sürətli satılan konsert kimi təqdim etmişdir. Orxan Zeynallı müsahibəsində iki konsert üçün ümumilikdə 5700-dən çox bilet satıldığını bildirmişdir.
Orkestr və xorla konsertlər (2023 – hazırkı dövr) 2023-cü ilin aprelində keçmiş "Dəyirman" qrupunun üzvü, Nyu-Yorkda yaşayan reper L-Mir ilə "Öz aramızdır" duetini yayımlamışdır; mahnının musiqisi Clavisə məxsusdur. Həmin il mayın 15-də Elektra Events Hall-da "GEMINI" adlı konsert proqramı ilə çıxış etmişdir.
2024-cü ilin fevralında Aisel ilə "Səma" mahnısını yayımlamışdır. 2024-cü il mayın 4-də Bakı İdman Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kamera orkestrinin (baş dirijor Əyyub Quliyev) müşayiəti ilə "Buz Uşağı" adlı solo konsert vermişdir; konsertdə band və orkestrlə birlikdə 25 musiqiçi iştirak etmişdir.
2025-ci ilin yanvarında Heydər Əliyev Sarayında "Əks səda" adlı solo konserti keçirilmiş, bütün biletlər satılmışdır. Həmin ilin noyabrın 28–30-da Heydər Əliyev Sarayında üç gün ardıcıl solo konsert vermişdir; bu, onun ilk üçgünlük konsert proqramı olmuşdur. Sənətçini öz orkestri ilə yanaşı Azərbaycan Dövlət Xor Kapellası müşayiət etmiş, üç gün ərzində konsertlərə 5500-dən çox tamaşaçı gəlmişdir. Konsertlərdə İradə İbrahimova, Elnur Hüseynov, Rasim Müzəffərli, Mərdan Kazımov, İlkin Dövlətov, Nərgiz Məcidli, PRoMete və "Döngə" qrupu çıxış etmişdir. Orxan Zeynallı "Mavi Qızılgüllər", "Bulud", "Məni Xatırla", "Gəl Gedək" və "Yadımda Deyilsən" mahnılarını sonuncu dəfə ifa etdiyini və bir daha konsertlərdə səsləndirməyəcəyini bildirmişdir. Mahnılardan biri eşitmə və nitq məhdudiyyətli insanlar üçün işarət dili ilə təqdim edilmiş, üçüncü gün isə səhnədən zorakılığa məruz qalan qadınlar üçün 116-111 qaynar xətti elan edilmişdir.
2026-cı ildə 28 May – Müstəqillik Gününə həsr olunmuş və diaspor təşkilatlarının dəstəyi ilə Berlində keçirilən konsertdə Nərgiz Məcidli ilə birlikdə çıxış etmişdir. 2026-cı il noyabrın 27–28-də Heydər Əliyev Sarayında xor və orkestrin müşayiəti ilə iki günlük solo konserti planlaşdırılmışdır.
Musiqi üslubu Orxan Zeynallının yaradıcılığı klassik rep elementlərini şeir, fəlsəfi düşüncə və sosial müşahidələrlə birləşdirməsi ilə seçilir; mahnılarında insan psixologiyası, sevgi, zaman, vətən, şəhər həyatı və fərdi inkişaf mövzuları əsas yer tutur. ArabAZ onu Azərbaycan repində lirik və poetik üslubun tanınmış nümayəndələrindən biri kimi qiymətləndirir. Son illərdə konsertlərində band ilə yanaşı orkestr və xordan istifadə etməsi ilə diqqət çəkir.
Diskoqrafiya Studiya albomları İl Albom Qeyd 2010 "Biz İnsan Deyilik" İlk solo albom; İstanbulda çap olunub 2012 "Yaş Gəlir" 16 dekabr 2012-ci ildə "Beş Günlük Dünya" konsertində təqdim olunub 2016 "Qravitasiya" "Kempinski Hotel Badamdar"dakı konsertdə təqdim olunub
Seçilmiş mahnılar və kliplər İl Mahnı Qeyd 2011 "Bəlkə də Nə Vaxtsa" klip 2011 "Hekayəm" klip; YouTube-da 1 milyon baxışı keçən ilk Azərbaycan rep kliplərindən 2011 "Karusel" klip; YouTube-da 1 milyon baxışı keçən ilk Azərbaycan rep kliplərindən 2012 "Mavi Qızılgüllər" "Yaş Gəlir" albomunun ilk sinqlı 2013 "Satılmış Səhnələr" klip; musiqi: Onree Gill 2014 "Yadımda Deyilsən" 2015 "Dərində" klip 2016 "Şərbət" klip; "Qravitasiya" albomundan 2016 "Nil" klip 2019 "Atalar və Oğullar" 2019 "40-cı Paralel" Röya Miri ilə 2020 "Torpaqdan Ev" sinql 2021 "Vecsiz" 2021 "Bulud" Röya Miri ilə 2023 "Öz aramızdır" L-Mir ilə 2023 "İllər Sonra" Ayni Khalid ilə 2024 "Səma" Aisel ilə
Solo konsertləri İl Ad Məkan Qeyd 2011 "Biz İnsan Deyilik" Elite, Bakı ilk solo konsert 2012 "Beş Günlük Dünya" Capones, Bakı "Yaş Gəlir" albomunun təqdimatı 2013 "Hisslər Danışanda" Bakı Caz Mərkəzi 2013 "Böyük Ümidlər" Bakı Caz Mərkəzi biletlər əvvəlcədən satılıb 2014 "Dəyişir Həyat" Public, Bakı 2015 "#40 trek" Bakı Caz Mərkəzi hesabat konserti 2016 "Qravitasiya" Kempinski Hotel Badamdar, Bakı 500-dən çox tamaşaçı 2022 "40-cı Paralel" Elektra Events Hall, Bakı iki gün; 3100 bilet 20 saatda satılıb 2023 "GEMINI" Elektra Events Hall, Bakı 2024 "Buz Uşağı" Bakı İdman Sarayı Opera və Balet Teatrının kamera orkestri ilə 2025 "Əks səda" Heydər Əliyev Sarayı biletlər tam satılıb 2025 Üçgünlük solo konsert Heydər Əliyev Sarayı 28–30 noyabr; Dövlət Xor Kapellası ilə; 5500-dən çox tamaşaçı 2026 Solo konsert Heydər Əliyev Sarayı 27–28 noyabr (planlaşdırılıb); xor və orkestrlə
Reklam və digər layihələr 2012-ci ildə ATV telekanalının "Freezone" verilişi üçün soundtrack yazmış və klip çəkmişdir. 2013-cü ilin aprelində "Auto Azerbaijan" şirkəti ilə əməkdaşlıq çərçivəsində "Jeep Azerbaijan" üçün "Saf Qan Amerikan" adlı cingl və video hazırlamış, iyunda şirkətin Park Bulvarda keçirilən tədbirində çıxış etmişdir. 2013-cü ilin sentyabrında Chevrolet avtomobilinin Fairmont Baku otelindəki təqdimatında bu tədbir üçün hazırlanmış mahnı ilə çıxış etmişdir.
İstinadlar
Xarici keçidlər Orxan Zeynallı – iTicket.AZ-da sənətçi səhifəsi
Kateqoriya:Azərbaycan repçiləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:1989-cu ildə doğulanlar Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları