Məmməd Qurban oğlu Qurbanov () — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR mədəniyyət naziri (1955–1960, 1963–1965), Azərbaycan SSR Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsinin sədri (1969–1979), Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi (1954–1955), Azərbaycan Kommunist Partiyası Vartaşen Rayon Komitəsinin birinci və ikinci katibi.
Həyatı Məmməd Qurbanov 1911-ci ildə Zəngəzur qəzasının Mərzit (Aldərə) kəndində yoxsul ailədə anadan olmuşdur. 1921-ci ildə Gəncədə ibtidai məktəbə, sonra isə Bakıda Dəmir yolu texniki-peşə məktəbinə daxil olmuşdur. 1925-ci ildə həmin məktəbdə Lenin komsomolunun üzvlüyünə qəbul olunmuşdur. 1929-cu ildə fabrik-zavod şagirdliyi məktəblərinin Bakı yolu məktəbini bitirmişdir. Əmək fəaliyyətinə Kirovabad (Gəncə) parovoz deposunda çilingər kimi başlamışdır. 1930–1935-ci illərdə Məmməd Qurbanov Tbilisi fəhlə dəmiryolu məktəbində, N.Nərimanov adına Bakı Sənaye Texnikumunda təhsil almış, Hərbi təyyarəçilər məktəbinin kursantı olmuşdur. 1935-ci ildən 1940-cı ilədək Kirovabad Şəhər Komsomol Komitəsinin katibi, Şəhər bədən tərbiyəsi və idman komitəsinin sədri, şəhər Xalq Maarif şöbəsinin müdiri, "Kirovabad bolşeviki" qəzetinin redaktoru vəzifələrində işləmişdir.
1941-ci ilin mart ayında Vartaşen (hazırkı Oğuz) Rayon Partiya Komitəsinin II katibi, həmin ilin oktyabr ayında I katibi seçilmişdir. 1949-cu ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbini bitirdikdən sonra Məmməd Qurbanov Azərbaycan KP Bakı Komitəsinin Təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsinə təsdiq edilmiş, sonralar Azərbaycan SSR Nazirlər Soveti yanında Radio İnformasiya Komitəsinin sədri, Kirovabad Vilayət Partiya Komitəsinin Təbliğat və təşviqat şöbəsinin müdiri olmuşdur. Məmməd Qurbanov 1953-cü ildə Bakı şəhər Partiya Komitəsinin katibi, sonralar I katibi seçilmişdir. 1955-ci ildə Azərbaycan SSR mədəniyyət nazirinin müavini, 1955–1960 və 1963–1965-ci illərdə Azərbaycan SSR mədəniyyət naziri, Azərbaycan SSR Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsinin sədr müavini, 1969–1979-cu illərdə isə sədri vəzifələrində işləmişdir.
Məmməd Qurbanov respublikanın ictimai-siyasi həyatında fəal iştirak etmişdir. Azərbaycan KP MK-nın üzvü, Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Onun xidmətləri "Qırmızı Əmək Bayrağı", "Şərəf Nişanı" ordenləri ilə təltif edilmişdir.
Məmməd Qurban oğlu Qurbanov 21 dekabr 1979-cu ildə vəfat etmişdir.
Təltifləri "Qırmızı əmək bayrağı" ordeni (1959) "Şərəf nişanı" ordeni (25 fevral 1946, 1971)
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Nekroloq Məmməd Qurbanov – 110 Azərbaycanin mədəniyyət təqvimi. — Bakı, 2019
Kateqoriya:Azərbaycanın mədəniyyət nazirləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Vartaşen Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR mədəniyyət nazirlərinin müavinləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ siyasətçiləri