Beynəlxalq Cinayət Məhkəməsi (BCM) — Hollandiyanın Haaqa şəhərində yerləşən hökumətlərarası təşkilat və beynəlxalq tribunal.

2002-ci ildə çoxtərəfli Roma Statutu əsasında yaradılmış BCM fərdləri soyqırımı, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və təcavüz cinayəti kimi beynəlxalq cinayətlərə görə mühakimə etmək səlahiyyətinə malik olan ilk və yeganə daimi beynəlxalq məhkəmədir. BCM milli məhkəmə sistemlərini əvəz etmək üçün deyil, onları tamamlamaq üçün nəzərdə tutulmuşdur; o, yalnız milli məhkəmələr cinayətkarları mühakimə etmək istəmədikdə və ya buna qadir olmadıqda öz yurisdiksiyasını həyata keçirə bilər. BCM dövlətlərarası mübahisələrə baxan Beynəlxalq Ədalət Məhkəməsindən fərqlənir; sonuncu BMT orqanıdır.

BCM ümumiyyətlə, təqsirləndirilən şəxsin iştirakçı dövlətin vətəndaşı olduğu, iddia edilən cinayətin iştirakçı dövlətin ərazisində baş verdiyi və ya vəziyyətin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən məhkəməyə göndərildiyi hallarda yurisdiksiyasını həyata keçirə bilər. 2024-cü ilin oktyabr ayına olan məlumata görə, Roma Statutuna qoşulmuş 125 iştirakçı dövlət mövcuddur və onlar məhkəmənin idarəedici orqanı olan Dövlət Tərəflərinin Assambleyasında təmsil olunurlar. Roma Statutuna qoşulmayan və məhkəmənin yurisdiksiyasını tanımayan ölkələrə Çin, Hindistan, Rusiya və ABŞ daxildir.

Prokurorluq Ofisi ondan çox vəziyyət üzrə istintaq başladıb və çoxsaylı ilkin araşdırmalar aparıb. Məhkəmə ilk həbs orderlərini 2005-ci ildə, ilk hökmünü isə 2012-ci ildə çıxarıb. Təqsirləndirilən şəxslər arasında dövlət başçıları və digər yüksək vəzifəli rəsmilər də olub. Son illərdə diqqət çəkən işlərə Vladimir Putin barədə Rusiyanın Ukraynanı istila etməsi ilə əlaqədar verilmiş həbs orderi, həmçinin Benyamin Netanyahu və müdafiə naziri Yoav Gallant, eləcə də bir sıra HƏMAS liderləri barədə Qəzza müharibəsi ilə əlaqədar çıxarılan orderlər daxildir.

Yarandığı gündən etibarən BCM ciddi tənqidlərlə üzləşib. Məhkəməyə qoşulmayan böyük dövlətlər də daxil olmaqla opponetlər onun legitimliyini şübhə altına alır, milli suverenliklə bağlı narahatlıqları və siyasi təsirə məruz qala bilməsini əsas gətirirlər. Məhkəmə həmçinin qərəzlilikdə və Afrika liderlərini qeyri-mütənasib şəkildə hədəf almaqda ittiham olunub. Digərləri isə həbslərin həyata keçirilməsi üçün dövlətlərin əməkdaşlığından asılılığını, nisbətən az sayda məhkumluq qərarlarını və proseslərin yüksək maliyyətini göstərərək məhkəmənin effektivliyini sual altına alıblar.

Həmçinin bax Beynəlxalq Ədalət Məhkəməsi Roma Statusu

İstinadlar

Kateqoriya:Beynəlxalq Cinayət Məhkəməsi Kateqoriya:Beynəlxalq məhkəmələr