Fəzlullah Rəşidəddin (; ) — tarixçi, həkim, dövlət xadimi. 1247-ci ildə Həmədanda yəhudi ailəsində anadan olmuşdur. 30 yaşında İslamı qəbul edən Rəşidəddin çox keçmədən Elxani dövlətinin qüdrətli 3 hökmdarının vəziri olmuşdur.
Fəzlullah Rəşidəddin monqol basqın və dağıntılarından sonra Elxanilər dövlətində sabit sosial və iqtisadi sistemin qurulmasına cavabdeh idi. O, həm də mühüm sənət və memarlıq himayədarı idi. Rəşidəddin Misir və Suriya, Çindən alim və tələbələri cəlb edən o cümlədən bir çox əsərlərini nəşr etdirdiyi Rəb-i Rəşidi kompleksinin qurucusudur. O, həm də məhsuldar müəllif idi. Alimin əsərlərinin bir neçəsi günümüzə qədər gəlib çatmışdır. Fəzlullah Rəşidəddin tərəfindən yazılmış Cəmi ət-Təvarix əhatə dairəsinin genişliyinə görə ilk dünya tarixi sayılır. O həmçinin elmin müxtəlif sahələrindən bəhs edən 24 cildlik "Əl-əhya vəl-əsar" adlı ensiklopedik əsərin müəllifidir. Alimin "Ər-risalət əs-Sultaniyyə", "Lətaif əl-həqaiq", "Tovzihat", "Bəyan ül-həqaiq" kimi başqa məşhur əsərləri var. "Tənsuqnamə" əsəri Rəbi-Rəşididə Rəşidəddinin göstərişi ilə Çin dilindən Ərəb dilinə tərcümə etdirilmişdi.
O, Elxani hökmdarı Olcaytunu zəhərləməkdə mühakimə olunaraq 13 iyul 1318-ci ildə, 70 yaşında edam edilmişdir.
Həyatı Fəzlullah Rəşidəddin 1247 ya da 1250-ci ildə Həmədan şəhərində həkim ailəsində dünyaya gəlmişdir. Alimin doğum ili ilə bağlı dəqiq məlumat yoxdur, lakin Müctəba Münəvinin yazdığına görə Rəşidəddin özünün "Bəyanül həqaiq" əsərini yazarkən yəni hicri 710 tarixində 62 yaşı varimiş. Digər tərəfdən məşhur "Cami ət-təvarix" əsərini bitirdiyi zaman alimin 60 yaşının olduğunu təxmin edərək onun 1247/48-ci ildə anadan olduğu qənaətinə gəlmək olar.
F. Rəşidəddin əczaçı kimi fəaliyyət göstərən yəhudi əsilli İmadədövlə Əbülxeyr Həmədaninin oğlu idi. Alimin yəhudi əsilli olduğunu vurğulayann B. Levis onu da qeyd edir ki, "Cami ət-təvarix" əsərində əks olunan miniatürlərdə yəhudi dininin elementləri mövcuddur. Yəhudi və ya müsəlman olmasından asılı olmayaraq F. Rəşidəddin tarixi Azərbaycan şəhəri olan Həmədanda anadan olmuş və daha bir Azərbaycan şəhərində — Təbriz kimi böyük mədəniyyət mərkəzində fəaliyyət göstərmişdi. Uşaq vaxtı yaxşı tibb təhsili alan alimin babası Müvəffəqdövlə Əbül Fərəc Əli və qardaşı Rəisidövlə bin Əbu Şüca Nəsrəddin Tusi ilə dost olmuşdur. Nəsrəddin Tusi İsmayililərin himayəsinə keçdikdən sonra bu iki qardaş da onların himayəsinə keçərək bir müddət İsmayillilərin tabeliyindəki qalada yaşayırlar. Çox keçmədən İsmayili lideri Ruknəddin Hürşahın Moğollara tabe olması ilə İmadədövlə ailəsi də monqol himayəsinə keçirlər. B. Hofman İbn əl-Fuvatiyə istinadən bildirir ki, İmadədövlə Əbülxeyr Həmədaninin ailəsinin Marağa şəhərinə köçməsi və onun Elxani idarəsində yüksək vəzifə tutmasında böyük alim Nəsirəddin Tusinin əhəmiyyətli rolu olmuşdur . Rəşidəddinin tibb sahəsindəki bilikləri onu Abaqa xanın dövründə Elxani sarayına daxil olmasına və Keyxatu xanın yeməklərindən məsul olduğu bir vəzifəyə gətirib çıxardı. Arqun xan 1288-ci ildə Rəşidəddin kimi həkim olan Sadüdövlə bin Safini vəzir təyin edir. Bu zaman o Rəşidəddinə də divanda vəzifə verilməsini təklif etsə də alim onun bu istəyinə təmkinlə yanaşımış və qəbul etməmişdir.
Rəşidəddin həkimlik peşəsinə təzəcə başlayanda bu sahədə biliklərini artırmaq üçün Yəzd şəhərinə səfər etmiş və özü kimi bir həkim olan Şərəfəddin Əli ilə tanış olmuşdur. Yəzd şəhərinin görkəmli simalarından olan Şərəfəddinlə dostluq edən Rəşidəddin, onun kitabxanasından yararlanma şansı qazanmışdı. Hicri 695-ci ildə (1296) Sədrəddin Əhməd-i Zəncani vəzir təyin olunsa da, məclisdə tezliklə fikir ayrılığı yarandı. Qütbəddin Şirazi və Muinuddin Xorasani Qazan xanın hüzuruna gedərək onlara Zəncaninin dövlətə xəyanət etdiyini bildirdilər. Zəncanini günahkar bilən Qazan xan, onu tutduğu vəzifədən azad edərək, edam etdirdi. Rəşidəddin 697-ci ildə (1298) dövləti Sədəddini Savəci ilə birgə idarə etmək üçün vəzir təyin edildi. Beləliklə, Rəşidəddin Elxailərin siyasi və inzibati həyatında yalnız Qazan xan ona bu tapşırığı verdikdən sonra təsirli ola bildi. Rəşidəddinlə birlikdə on üç il vəzirlik vəzifəsini yerinə yetirən Sadəddin Savəci, Tacəddin Əlişahın idarədə özünə yer tapmasından sonra hakimiyyətdə öz təsirini itirməyə başladı. Dövlət strukturunda köklü dəyişikliklər edən Qazan xan islahatlarının hər mərhələsində fəal iştirak edən Rəşidəddin kəndlilərin həyat səviyyəsinin yüksəldilməsinə, kənd təsərrüfatının yaxşılaşdırılmasına çalışırdı. Bu islahatlar nəticəsində gözlənilən inkişafın əldə olunmasını təmin edilmişdi. Rəşidəddinin anlayışına görə, əkinçiliklə məşğul olan kəndli dövlətə düşən vergini rahatlıqla ödəyə bilsə, heç bir üsyana cəhd etmək ağlına da gəlməzdi. Rəşidəddin dövlətin ilk dövrlərində dağıdılmış ərazilərin, istifadəyə yararsız körpü və su kanallarının bərpası üçün də böyük səylər göstərmiş, tərk edilmiş, yararsız torpaqları işlək vəziyyətə gətirərək insanların bu bölgələrdə məskunlaşmasına şərait yaratmışdır. Kənd təsərrüfatının yaxşılaşdırılması üçün çoxlu səylər göstərən Rəşidəddin botanika mövzusunda yazdığı "Asar-u İhya" adlı əsərində başqa ölkələrdə yetişdirilən bitkilərin də ölkədə yetişdirilməsinin vacibliyini qeyd etmiş və ona gətirilən bitkilərin xüsusiyyətlərini açıqlamışdır.
Rəşidəddin Qazan xanın həkimi və məsləhətçisi olmaqla yanaşı, həm də onun hər mövzuda danışa biləcəyi ən yaxın dostu idi. Rəşidəddin və oğlu İbrahim birlikdə xanın yeməyinə, onun hazırlanmasına və təqdimatına nəzarət edirdilər. 1300-cü ildə Qazan xanın Suriya yürüşündən sonra Məmlük mənbələri Rəşidəddindən xanın vəziri və həkimi kimi bəhs etmişdilər.
Alimləri və elmi fəaliyyəti dəstəkləyən Rəşidəddin, 1303-cü ildə Fərat çayı yaxınlığındakı Ane şəhərində xanın Suriya yürüşü zamanı tarixçi Vəssafın onunla ilə görüşməsinə və əsərini təqdim etməsinə şərait yaratmışdır. Rəşidəddin Olcaytu Xan dövründə də sahib olduğu hörmət və imtiyazı saxlamış, Elxani dövlətinin bir çox yerində var-dövlətini və sərvətini qoruya bilmişdir. Onun 14 oğlundan 8-i ölkənin müxtəlif şəhərlərinin idarəsində iştirak edirdilər. Rəşidəddinin uzun müddət vəzirlik etdiyi Sadəddin Savəci ilə dostluğu Tacəddin Əlişahın Elxani sarayına vəzir təyin olunması ilə pozuldu. 1310-cu ildə Savəci Rəşidəddinin Tacəddin Əlişahla yaxınlaşıb onu gözdən salacağından şüphələnərək öz narazılığını Olcaytu xanın qarşısında dilə gətirdi və Rəşidəddini bir sıra cinayətlərdə ittiham etdi. Çox keçmədən Rəşidəddinlə Savəci dostluğunun bitməsini fürsət bilən Əlişah Sacəddin Savəcini xan qarşısında fitnə-fəsadla ittiham etdi. Savəci Rəşidəddindən kömək istəsə də çağırışı cavabsız qaldı. Nəticədə 1312-ci ildə edam edildi, lakin Savəcinin öldürülməsi Elxanilər sarayındakı mübarizələrin qarşısını ala bilmədi. Vəzir Tacəddin Əlişah ilə idarədə təsirli olmağa çalışan Rəşidəddin arasında düşmənçilik başladı və bu düşmənçilik Rəşidəddinin ölümü ilə nəticələndi. Xorasan valisi Əbu Səid əsgərlərin maaşını ödəmək üçün atası Olcaytu xandan bir qədər pul istədi. İki vəzirin fikir ayrılığı səbəbindən dövlət xəzinəsinin ehtiyaclarının qarşılanmadığını görən Olcaytu xan iki vəzirlə də ayrı-ayrılıqda görüşdü, lakin məsələnin həlli mümkün olmadıqda xan onlar arasındakı səlahiyyətləri bölmək qərarına gəldi. Bundan sonra Rəşidədin mərkəz və ölkənin cənub bölgələrini, Tacəddin Əlişah isə Mesopotamiyanın şimalını və Anadolunu idarə edəcəkdi.
Dövlət xəzinəsinin son vəziyyəti ilə əlaqədar dövlətin gəlir və xərc hesablarını araşdırmaq Əmir Çobana həvalə edilmişdi. Bu araşdırma nəticəsində Əlişahın köməkçilərinin hesablarında açıq aşkar edilsə də , Tacəddin Əlişah özünün xan yanındaki nüfuzundan istifadə edərək bağışlanmasına nail oldu. Xəstəliyi ilə bağlı idarəçilikdən tamamilə uzaq olan Rəşidəddin Əmir Çobanın himayəsinə sığındı, lakin çox keçmədən Tacəddin Əlişah və köməkçilərinin də təsiri ilə Əmir Çoban Rəşidəddini dəstəkləmək fikrindən daşındı. Vəzirlikdən uzaqlaşdırılan Rəşidəddin paytaxt Sultaniyyədən Təbrizə gedərək xəlvətə çəkildi. Rəşidəddinin dövlət işlərindəki təsirinin əhəmiyyətini qısa müddətdə dərk edən Əmir Çoban ondan yenidən idarəçiliyə qayıtmasını xahiş etsə də ilk əvvəl Rəşidəddin onun bu xahişini rədd edir. Səbəb olaraq isə artıq ömrünün son illərini yaşadığını və onu heç bir dövlət vəzifəsinin maraqlandırmadığını bildirir, lakin Əmir Çoban təkidlərinə davam edərək Rəşidəddini razı salmağa nail oldu. Onun yenidən dövlət idarəçiliyinə qayıtmasını Tacəddin Əlişah və köməkçiləri birmənalı qarşlamadı. Çox keçmədən onlar Rəşidəddini Olcaytu xanı zəhərlməkdə günahlandırdı. Şayiələrə inanan Əbu Səid Rəşidəddindən sorğu-sual olunmasını xahiş etdi. Əksəriyyəti Əlisaha sadiq olan insanların müdaxiləsi və Olcaytunun həkimi Cəlaləddin bin Harranın Rəşidəddin əleyhinə verdiyi ifadə ilə o günahkar bilindi və 718-ci ildə (1318) oğlu İbrahimlə birlikdə edam edildi. Rəşidəddinin cəsədi edamından sonra onun yəhudi köklərinə vurğu edilərək Təbriz küçələrində gəzdirilir. Ona qarşı başladılan bu rəftar ölümündən sonrakı illərdə davam etdirilir. Hətta Əmir Teymurun oğlu Miranşah Rəşidəddinin cəsədini Təbrizdəki məzarından çıxarılaraq yəhudi qəbiristanlığına basdırılmasını əmr edir.
Fəzlullah Rəşidəddinin və oğullarının danışıq dili türk dili idi. O, monqol dilini də mükəmməl bilmişdir. Əsərləri müasir dövrə ərəb və fars dilində çatsa da, türk və monqol dillərində yazmağı da bilmiş, türk adət və ənənələrini mənimsəmişdir. Hər iki oğlu türklər tərəfindən fəzilət və əxlaqları, Elxani qanun və nizamlarını bildiklərinə görə mədh edilib sevilmişdir. Rəşidəddin və oğlu Qiyasəddinin qızları türk dilində "xatun" ləqəbi daşımış, Rəşidəddinin nəvələrindən biri Artuq adlandırılmışdır.
Elmi və mədəni fəaliyyəti Fəzlullah Rəşidəddinin təhsilin inkişafındakı xidmətlərini iki istiqamətə ayırmaq mümkündür: 1. Alimin təsis etdiyi mədrəsələrin təhsilin inkişafında rolu; 2. Onun əsərlərindən dərslik kimi istifadə olunması və o dövr üçün bunun əhəmiyyəti.
Əsərləri Tansuqnamə. 1938-ci ildə Süheyl Ünver Tansuqnamə-i İlhani dər Fünun-i Ulum-i Xita əsərini tapır. Vank Şu-ho adlı çinli alim tərəfindən qələmə alınan əsər Rəşidəddinin təşviqi ilə Çincədən fars dilinə tərcümə edilmişdir. Rəşidəddin tərəfindən yazılmış əsərin giriş hissəsi və birinci hissəsi bəzi əskikliklərə günümüzə qədər gəlib çatmışdır. Əsər Süleymaniyyə Kitabxanası Ayasofya Kolleksiyası 3596-da qorunur.
Əsər-ü ihya. Əsər əkinçilik, ölçü vahidləri, təqvimlər, geologiya, yenidənqurma fəaliyyətləri və gəmiçilik haqqında yazılmışdır. Kitab İrəc Əfşar və Məniçöhr Sutudə tərəfindən Tehranda nəşr edilmişdir.
Əsilə və əcvibə. Rəşidəddin bu əsərində dünyanın müxtəlif yerlərindən göndərilən suallara cavab verir. Bu əsər hal-hazırda Süleymaniyyə Kitabxanasının Ayasofya kolleksiyasında 2180 nömrəsi ilə saxlanılmaqdadır. Əsərin dili farscadır.
Mükatəbat-i Rəşidi. Rəşidəddinin oğullarına və dostlarına yazdığı məktublardan ibarətdir.
Kitabüs Sultaniyyə və ya Ər-risalət əs-Sultaniyyə. Əsər Rəşidəddin və Olcaytu xanın müzakirə etdiyi müxtəlif məsələlərdən ibarətdir. Əsərin ərəb nüsxəsi Süleymaniyyə Kitabxanası Turhan Sultan toplusu 325 nömrə qeydiyyatdadır və kitabxana kataloqunda "Risale-i Sultaniyyə" adı ilə qeyd edilmişdir. Fəvaid-i Sultaniyyənin farsca nüsxəsi Süleymaniyyə Kitabxanasının Nuruosmaniyyə kolleksiyasında "ər-Risaletü sultaniyye fil-meratibin-nebeviyyə" adı ilə 3415 nömrə ilə saxlanılır.
Bəyan ül – həqaiq. Əsərin ümumi mövzusu İslam kəlamı, fəlsəfəsi, təbabəti və təbiət elmləridir. İyirmi risalədən ibarət olan əsər Süleymaniyyə Kılıç Əli Paşa Kitabxanasının 834 nömrəli qeydiyyatındadır.
Vəqfnamə-i Rəb-i Rəşidi Rəşidəddin tərəfindən yazılmış müfəssəl cədvəldən, alimin Tehran yaxınlığında qurduğu Rəb-i Rəşidinin qaydalarından və orada həyata keçiriləcək fəaliyyətlərdən ibarətdir. 1309-cu ildə qələmə alınan vəqfnamədə kompleksin çörəklə təmin edilməsindən tutmuş işçilərin maaşlarına qədər ətraflı məlumatlar vardır. Bundan başqa o vəqfnamədə kompleksdə yaşayan qulların mənsub olduqları ölkə və milliyətə əsasən siyahısını da vermişdir.