Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti
Haqqında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.
Tarixçəsi Azərbaycanda əmək müfəttişliyi sisteminin tarixi 1919-cu ilə təsadüf edir. 5 avqust 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Əmək Nazirliyinin nəzdində əməyin mühafizəsini, əməkhaqqı dərəcələrini və əmək mübahisələrini tənzimləmək məqsədilə Əmək Müfəttişliyi təsis olunmuşdur. O dövrdə ölkənin 8 bölgəsində rayon müfəttişlikləri fəaliyyət göstərir, fəhlələrin sosial müdafiəsi və sığortası ilə bağlı ilk addımlar atılırdı. Müasir dövrdə isə 1997-ci il 27 yanvar tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyi yaradılmışdır. 2011-ci ildə bu qurumun bazasında Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) təsis edilmiş, Prezidentin 16 fevral 2011-ci il tarixli 386 nömrəli Fərmanı ilə Xidmətin Əsasnaməsi təsdiq olunmuşdur.
Xidmətin vəzifələri və səlahiyyətləri Xidmət əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak edir. Xidmətin əsas fəaliyyət istiqamətləri bunlardır: İşçilərlə əmək münasibətlərinin əmək müqaviləsi əsasında tənzimlənməsi; Əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi; Əməyin mühafizəsi, texniki təhlükəsizlik və əmək şəraitinə nəzarət; İşçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri hallarından icbari sığortası; İş yerlərinin və işçilərin attestasiyası; İnzibati xətalarla bağlı təqsirkar şəxslərin qanunvericiliyə uyğun məsuliyyətə cəlb edilməsi. Xidmət fəaliyyətini həyata keçirərkən mərkəzi və yerli icra hakimiyyəti orqanları, həmkarlar ittifaqları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə işləyir. Xidmətin strukturu aparatı, regional şöbələri, Naxçıvan Muxtar Respublikasının Dövlət Əmək Müfəttişliyi Xidməti və "Əməyin Mühafizəsi Mərkəzi"ndən ibarətdir.
Əməyin Mühafizəsi Mərkəzi 3 sentyabr 2020-ci ildə Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsi yaradılmışdır. Mərkəz əmək hüquqları, əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində məsləhət xidmətləri göstərir. Fəaliyyət dairəsinə təlimlərin keçirilməsi, standartların müəssisələrdə tətbiqi, sertifikasiya və inspeksiya nəzarəti, fərdi mühafizə vasitələrinin sertifikatlaşdırılması kimi xidmətlər daxildir.
Həmçinin bax
Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi
İstinadlar
Kateqoriya:Azərbaycanın dövlət təşkilatları