Milliyyətçilik və ya millətçilik (XX əsrin əvvəllərində milliyyətpərvərlik) ― müəyyən bir millətin maraqlarını müdafiə edən, xüsusilə həmin millətin öz vətəni üzərindəki suverenliyini qoruması və ya qazanması üçün mübarizə aparan ideologiya və ya hərəkat.
Millətçilik hər bir millətin kənar müdaxilədən (öz müqəddəratını təyin etmə) azad olaraq özünü idarə etməsini, bir millətin inzibati struktur üçün təbii və ideal bir əsas olduğunu, millətin siyasi gücün yeganə haqlı mənbəyi olduğunu (xalq suverenliyi) müdafiə edir. Bundan əlavə, millətçilik mədəniyyət, dil, din, siyasət və ortaq tarixə inanc kimi paylaşılan sosial xüsusiyyətlərə əsaslanaraq, tək bir milli kimlik yaratmağı və ya həmin kimliyi davam etdirməyi, milli birliyi və həmrəyliyi dəstəkləməyi hədəfləyir. Buna görə də, milliyyətçilik millətin qəbul edilmiş mədəniyyətini qorumağa və inkişaf etdirməyə çalışır və mədəni canlanmalar millətçi hərəkatlarla əlaqələndirilir. Milliyyətçilik həmçinin, milli nailiyyətləri qürur mənbəyi kimi təşviq edir və vətənpərvərliklə yaxın əlaqələrə sahibdir. Milliyyətçilik tez-tez digər ideologiyalarla birləşə bilir. Bunlara misal olaraq konservatizmi (milli konservatizm) və ya sosializmi (sosialist millətçiliyi) göstərmək olar.
Tarix boyunca insanlar öz qohumluq əlaqələrinə, adət-ənənələrinə, regional rəhbərliklərinə və öz ətənlərinə müəyyən qədər bağlı olsalar da, milliyyətçilik XVIII əsrin sonuna qədər geniş yayılmış konsepsiya ola bilmədi. Millətçiliyin mənşəyini və əsasını anlamaq üçün üç paradiqma mövcuddur. Primordializm (perennializm) hər zaman millətlərin mövcud olduğunu və millətçiliyin təbii bir fenomen olduğunu irəli sürür. Etnosimvolizm millətçiliyi dinamik, təkamül hadisəsi kimi izah edir və millətlərin və millətçiliyin inkişafında simvolların, miflərin və ənənələrin əhəmiyyətini vurğulayır. Modernizm isə millətçiliyin son dövrlərə aid sosial fenomen olduğunu və onun mövcud olmaq üçün müasir cəmiyyətin sosio-iqtisadi strukturuna ehtiyacı olduğunu iddia edir.
Millətin müxtəlif tərifləri vardır, bu da millətçiliyin müxtəlif növlarının yaranmasına gətirib çıxarır. Etnik milliyyətçilik milləti ortaq etnik mənsubiyyət, irs və kültür əsasında formalaşdığını iddia edir. Vətəndaş millətçiliyi isə millətin ortaq vətəndaşlıq, dəyərlər, inistitutlar əsasında formalaşdığını və konstitutsional vətənpərvərliklə əlaqələndiyini iddia edir. Tarixi inkişaf boyunca milli kimliyin qəbul edilməsi təsirli qrupların müəyyən sosial nizamla həmin sosial nizamın üzvləri arasındakı təcrübə arasındakı narazılıqdan qeyri-məmnun olmasından qaynaqlanır və ortaya millətçilərin həll etməyə çalışdığı anomie meydana çıxır. Bu anomie vahid cəmiyyət yaratmaq üçün sosial olaraq kimliyin yenidən şərh edilməsinə, qəbul edilməsi lazım hesab edilən elementlərin saxlanılmasına, əksinə olduqda isə ortadan qaldırılmasına səbəb olur. Bu inkişaf daxili struktur məsələlərinin və ya mövcud bir qrup və ya qrupların digər icmalara, xüsusən də onları idarə edən (və ya idarə etdiyi hesab edilən) xarici güclərə qarşı narazılığının nəticəsi ola bilər. Milli rəmzlər və bayraqlar, dövlət himnləri, milli dillər, milli miflər və digər milli kimlik rəmzləri milliyyətçilikdə olduqca vacibdir.
Təcrübədə milliyyətçilik, kontekstdən və fərdi dünyagörüşündən asılı olaraq müsbət və ya mənfi olaraq göstərilə bilər. Milliyyətçilik Yunan inqilabında, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında, İrland inqilabında, müasir İsrailin yaranması ilə nəticələnən Sionizm hərəkatında və Sovet ittifaqının süqut etməsində mühüm rol oynamışdır. Bütün bu müsbət cəhətlərlə yanaşı, irqi milliyyətçilik Nasist Almaniyasının həyata keçirdiyi Holokostda əsas faktorlardan biri olmuşdur. Bu yaxınlarda, Krımın Rusiyaya mübahisəli ilhaqında da milliyyətçilik mühüm rol oynadı.
Terminologiya "Millət", "suverenlik" və bununla əlaqəli digər terminoloji konseptlərdən ilk dəfə XVII əsrdə Hüqo Qrotiusun "De Jure Belli ac Pacis" kitabında istifadə edilmişdir. İspaniya və Niderland arasındakı Səksənillik müharibə və katolik və protestant millətləri (Katolik Fransa protestant düşərgədə idi) arasındakı Otuzillik müharibə dövrlərində yaşayan Hüqonun dini fərqliliklərdən qaynaqlanan müxalifətlər fonunda millətlər arasındakı toqquşmalarla dərindən maraqlanması təəccübləndirici deyildir. Millət sözü 1800-cü ilə qədər Avropada bir ölkənin sakinlərinə, həm də ortaq tarixə, qanuna, dilə, siyasi hüquqlara, din və adət-ənənələrə sahib olan kollektiv kimlikləri müasir dövrdəki konsepsiyaya bir qədər uyğun şəkildə ifadə etmək üçün işlədilirdi.
Millət sözündən törəmiş milliyyətçilik sözü nisbətən yeni bir sözdür. Milliyyətçilik konsepsiya olaraq daha əvvəlki dövrlərə aid olsa da, ingilis dilində söz kimi ilk dəfə 1844-cü ildə işlədilmişdir. Milltəçilik elə həmin əsrdə də xeyli vacib rol oynadı. XX əsrdə baş vermiş iki dünya müharibəsindən sonra insanların bunun günahkarı kimi millətçiliyi görməyə başladılar. Bundan sonra siyasi və fəlsəfi sahədə gələcəyin qloballaşmanınmı, yoxsa millətçiliyinmi olacağı böyük mübahisə mənbəyinə çevrilmişdir.
Tarix Amerika filosofu olan Hans Kohnun 1944-cü ildə yazdığına görə, milliyyətçilik XVIII əsrdə meydana çıxmışdır. Lakin hər halda, tarixdən bir neçə milliyyətçilik örnəyi də göstərmək mümkündür. Bunlara misal olaraq I və II əsrlərdəki yəhudi üsyanlarını, Sasanilər dövründə fars mədəniyyətinin, IV və V əsrdə Qərbi Roma imperiyasında latın mədəniyyətinin yenidən dirilişini və digər çoxsaylı nümunələri göstərmək olar. Müasir dövrdən örnək göstərmək lazım gələrsə isə, 1805–1814-cü illərdə mövcud olan və Almaniyanı Napoleon idarəçiliyinə tabe edən Reyn Konfederasiyasına cavab olaraq yüksələn alman millətçiliyini göstərmək olar. Linda Kolli özünün Britonlar — Milləti formalaşdırmaq 1707–1837 () adlı əsərində millətçiliyin 1700-cü illərdə hansı şəraitdə ortaya çıxmasını və 1830-cu illərdə özünün pik nöqtəsinə çatmasını araşdırmışdır. Əksər tarixçilər millətçiliyin başlanğıc tarixi kimi Böyük Fransa burjua inqilabını hesab edirlər. Bu tarix inqilabın təkcə fransız millətçiliyi üzərindəki təsirinə görə yox, həmçinin italyanlar, almanlar və Avropanın digər intelektualları arasında oynadığı rola görə götürülür. Milliyyətçilik şablonu tədricən xalq suverenliyinə əsaslanan yeni dövlət qurmaq ətrafında ictimai rəyi səfərbər etmək metodu olaraqdan 1789-cu ildən daha da irəli getdi. Russo və Volter kimi ideyaları ilə Fransa inqilabına təsir etmiş filosofların özləri də erkən konstitusionalist azadlıq hərəkatları olan Korsika Respublikasından (1755–1768) və Amerika inqilabından (1765–1783) təsirlənmişdilər.
Sənaye inqilabı zamanı cəmiyyətdə güclü inteqrasiya prosesi başladı. Milləti əhatə edən iqtisadiyyatın və milli ictimai sferanın formalaşması nəticəsində britaniyalılar artıq özlərini kiçik birliklər, əyalətlər, bölgə və ailəylə identifikasiya etməkdən daha irəli gedərək bütün ölkəylə identifikasiya etməyə başladılar. Vətənpərvər millətçiliyin ilkin meydana çıxış tarixi XVIII əsr olaraq qəbul edilir və bu milliyyətçilik Britaniya hakimiyyəti, o dövrün ziyalıları və yazıçıları tərəfindən güclü dəstəyə sahib olmuşdur. Milli simvollar, himnlər, miflər və hekayələr millətçilərin səyləri nəticəsində qurulmuş və geniş şəkildə qəbul edilmişdir. Union Jack milli rəmz kimi 1801-ci ildə qəbul edilmişdi. Tomas Arn 1740-cı ildə "Hökm et, Britaniya" mahnısını bəstələmiş, 1712-ci ildə karikaturaçı Con Arbusnot ingilis milli ruhunu təmsil edən "Con Bull" xarakterini yaratmışdır.
XVIII əsrin sonlarında amerikan və fransız inqilabları ilə əlaqəli olaraq artan siyasi toqquşmalar vətənpərvər millətçiliyin yayqın cazibəsini daha da artırdı.
Bu termindən Prussiya alimi Yohann Qotfridd Herder (1744–1803) 1772-ci ildə yazdığı "Dilin kökəni ilə bağla incələmə" adlı əsərində bəhs etmiş və ümumi dilin rolunu vurğulamışdır. O, milliyyəti və vətənpərliyi xüsusi vurğulayırdı. Deyirdi, "vətənpərvər ruhunu itirmiş kəs özünü və özü haqqındakı bütün dünyanı itirmişdir. Müəyyən bir anlamda hər bir insan mükəmməlliyi millidir."
XIX əsr Millətçiliyin siyasi baxımdan inkişafı və xalq suverenliyini önə çəkməsi Avropanın etnik/milli inqilabları ilə özünün kulminasiya nöqtəsinə çatdı. XIX əsr tarixi boyunca milliyyətçilik ən güclü və ən mühüm siyasi-sosial qüvvə oldu.
Napoleonun 1800–1806-cı illərdə alman və italyan dövlətlərini işğal etməsi millətçiliyin stimullaşdırılmasında və milli birlik tələblərinin yüksəlməsində mühüm rol oynamışdır.
Fransa Fransada hələ inqilabın erkən dövrlərində belə milliyyətçilik özünə yer tapa bilmişdi. 1793-cü ildə fransız hökumətinin elan etdiyi kütləvi səfərbərlik çağırışında deyilirdi:
Bundan sonra bütün düşmənlər respublikanın sərhədlərindən qovulana qədər ütün fransızlar daimi hərbi xidmətə çağırılırlar. Gənclər döyüşə gedəcək; evli kişilər xəstəxanalarda silah düzəldəcəklər; uşaqlar köhnə kətanları lintə çevirəcəklər; yaşlı adamlar ictimai yerləri təmir edəcək, döyüşçülərin cəsarətini artıracaq, respublikanın birliyini və padşahlara nifrətini təbliğ edəcəklər.
Fransız inqilabının sona çatmasından sonra milliyyətçilik hərəkatı daha da sürətləndi. Müharibədə məğlub olmaq, ərazi itirmək millətçiliyi daha da gücləndirdi. 1871-ci ildə Almaniya tərəfindən məğlub edilmək millətçiliyi geniş şəkildə yayılmasına səbəb oldu. Bunu qısas hissi və Elzas-Lotaringiyanın geri almaq istəyi təhrik edirdi. Lakin 1895-ci ildən sonra fransız millətçiləri Dreyfus işinə və daxili məsələlərə fokuslanmışdılar və Elzas problemi geri plana salınmışdı.
Fransızların reaksiyası milli vətənə "aid" olan itirilmiş ərazilərin qaytarılmasını tələb edən məşhur Revanşizm davası idi. Revanşizm gücünü vətənpərvər və qisasçı düşüncələrdən alır və çox zaman iqtisadi və geopolitik faktorlar tərəfindən dəstəklənir. İfrat revanşistlər itirilmiş mövqeyin və ya torpağın yeni bir müharibədə qazanılacaq qələbə ilə yenidən əldə edilə biləcəyinə inanırlar. Bu da onu irredentizmlə əlaqələndirir. İrredentizm ana vətəndən və aid olduğu millətin sərhədlərindən kənarda qalmış millətin və ya torpağın "qurtarılmasını" özündə ehtiva edir. Revanşist siyasət tez-tez milləti millət-dövlətlə identifikasiya edir. Revanşizm dövlətin sərhədlərindən kənarda yaşayan və eyni millətdən olduğu iddia edən qrupu azad etmək üçün etnik millətçiliyi səfərbər edir və məqsədi uğrunda dəstək qazanmaq üçün sərt milliyyətçilikdən istifadə edir. Revanşizm çox zaman qədim və hətta, xatırlanması çətin olan zamanlardakı yerli işğallara əsaslanır və irredentizmlə, revanşizmlə bağlı iddialar rəqiblərinin qarşısında bu əsaslarla haqlı çıxardılır.
Fransada 1894–1906-cı illəri əhatə edən Dreyfus işi vətən xainliyini və katolik, mühafizəkar fransız millətçiliyinə sədaqətsizliyi əsas mövzu halına gətirdi. Dreyfus yəhudi və millətçilərə görə qıraqdan biri idi və əsl fransız ola bilməzdi, ona inanmaq olmazdı və ondan şübhələnmək üçün yetərli qədər əsas var idi. Mühafizəkar baxımdan millətə həqiqi sədaqət, ölkəni fəlakətə aparan liberal, respublika azadlığı və bərabərlik prinsipləri ilə təhdid edilirdi.
Rusiya 1815-ci ildən əvvəl rus millətçiliyi zəif idi və əsasən, çara loyallığa fokuslanmışdı. Rus şüarı bu idi — "provoslavlıq, mütləqiyyət və milliyyət". Bu şüar knyaz Sergey Uvarov tərəfindən hazırlanmış və I Nikolay tərəfindən rəsmi ideologiya halına gətirilmişdi. Uvarovun üçlüsünün komponentləri bunlar idi:
Ortodoks xristianlıq (provoslavlıq) — provoslavlığın və Rus Pravoslav Kilsəsinin qorunması. Mütləqiyyət — bütün sosial təbəqələr üçün paternalist qoruma qarşılığında Romanovlar sülaləsinə şərtsiz sədaqət. Milliyyət (, həmçinin milli ruh kimi də tərcümə oluna bilər) — rus milləti üzərində dövlətin qurucu rolunun tanınması.