Nigar Cavid qızı Arpadarai () — Azərbaycan Milli Məclisinin VI və VII çağırış deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü.
O, 2015–2020 Formula 1 Azərbaycan Qran Prisinin Marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri və Milli mətbuat katibi kimi fəaliyyət göstərmişdir.
Həyatı Nigar Cavid qızı Arpadarai 17 yanvar 1982-ci ildə Bakı şəhərində rəssam ailəsində anadan olmuşdur. O, 1998-ci ildə Bakı şəhəri 44 saylı tam orta məktəbi bitirmişdir. 1998–2002-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində "Beynəlxalq hüquq" ixtisası üzrə bakalavr, 2002–2004-cü illərdə isə magistratura təhsili almış, magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir.
Ailəsi Atası Cavid Arpadarai Süleyman oğlu rəssamdır, 1992–2001-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin direktoru vəzifəsində çalışmışdır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Anası Lətafət Məmmədova SSRİ Rəssamlar İttifaqının üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi Hafiz Məmmədovun qızıdır. 1980–2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışmışdır. 1996–2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Rəssamlıq kafedrasının rəhbəri vəzifəsində işləmişdir. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Hazırda Türkiyənin İstanbul şəhərində çalışır. UNESCO Rəssamlar Birliyinin üzvüdür.
Nigar Arpadarai evlidir, iki oğlu var.
Fəaliyyəti
Əmək fəaliyyəti 2002–2005-ci illərdə Yunanıstan Respublikasının Azərbaycandakı səfirliyində çalışmışdır.
2006–2009-cu illərdə Avropa Komissiyasının Azərbaycandakı Nümayəndəliyində Xüsusi Elçinin köməkçisi, 2008–2009-cu illərdə isə Mətbuat və məlumat üzrə mütəxəssis kimi çalışmışdır.
2009–2015-ci illərdə Azərbaycanın telekom şirkəti "Azerfon" şirkətində müxtəlif vəzifələrdə çalışmışdır. 2009–2010-cu illərdə korporativ satış üzrə mütəxəssis, 2010–2011-ci illərdə brendin tanıdılması üzrə menecer, "Azerfon-Vodafone" (Qlobal "Vodafone" brendinin tərəfdaşı), 2011–2012-ci illərdə Marketinq departamentində brendin tanıdılması üzrə menecer, xarici işlər üzrə menecer, brendin strateji tanıdılması üzrə menecer, 2012–2015-ci illərdə İctimaiyyətlə Əlaqələr (PR) və Korporativ Kommunikasiyalar şöbəsinin rəhbəri olmuşdur.
2015–2020-ci illərdə Formula 1 Azərbaycan Qran-prisinin təşkilatçısı olan Bakı Şəhər Halqası Əməliyyat şirkətində Qran Prinin Milli Mətbuat Katibi və Marketinq və Kommunikasiyalar şöbəsinin rəhbəri vəzifəsində çalışmışdır.
Siyasi fəaliyyəti 2020-ci il 9 fevral tarixində Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı seçkilərində 29 saylı Səbail Seçki Dairəsindən 2020–2025-ci illər üçün deputat seçilmişdir.
Azərbaycan Respublikası Milli Məclisində beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin və ailə, qadın və uşaq məsələləri komitəsinin, Avropa Şurası Parlament Assambleyasında miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin, sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin üzvüdür.
2024-cü il oktyabrın 8-də Azərbaycan–Danimarka parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycanın qadın siyasətçiləri Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları Kateqoriya:XXI əsr Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycan neftçiləri