Elnur Marat oğlu Allahverdiyev () — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı.

Həyatı Elnur Marat oğlu Allahverdiyev 1978-ci il aprelin 21-də Bakı şəhərində anadan olub. 1995–1999-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində (ABU) hüquqşünaslıq üzrə ali təhsil alıb. 1999–2000-ci illərdə Qazax rayonunda Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. 2012–2015-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyatın hüquqi tənzimlənməsi üzrə ali təhsili alıb.

Elnur Allahverdiyev ailəlidir, üç övladı var. Dövlət xadimi Marat Allahverdiyevin oğludur.

İctimai-siyasi fəaliyyəti Elnur Allahverdiyev 2001-ci ildən 2020-ci ilə qədər "ABC-Telecom" MMC-nin Baş direktoru olub. 14 noyabr 2014-cü ildən 29 dekabr 2019-cu ilədək Sloveniyanın Azərbaycanda olan Fəxri Konsulu vəzifəsində çalışıb. 26 mart 2018-ci ildən 1 iyul 2021-ci ilə qədər "Azərcell" MMC-nin Müşahidə Şurasının sədri olub. Elnur Allahverdiyev 2020-ci ildə parlament seçkiləri ilə əlaqədar bütün sahibkarlıq fəaliyyətini dayandırmışdır. 2020-ci il fevralın 9-da baş tutan parlament seçkilərində 17 saylı Yasamal üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyası namizədi olaraq iştirak edən Elnur Allahverdiyev 2145 səslə (40,98%) VI çağırış Milli Məclisin deputatı seçilmişdir. 2020-ci il martın 10-dan səlahiyyətlərinin icrasına başlayan Elnur Allahverdiyev Milli Məclisin Gənclər və İdman Komitəsinin, İqtisadi Siyasət, Sənaye və sahibkarlıq Komitəsinin, habelə Hesablayıcı Komissiyasının üzvü seçilmişdir.

GUAM Parlament Assambleyası sədri, GUAM PA-da Azərbaycan nümayəndə heyətinin, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdur.

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)" yubiley medalı Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının fəxri fərmanı Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin təşəkkür məktubu Qırmızı Ürəklər Fondunun fəxri fərmanı 17 fevral 2026-cı ildə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümü münasibətilə fəxri fərmanla təltif olunub.

İstinadlar

Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan siyasətçiləri