"Neftçi" Futbol Mərkəzi, əvvəlki adı ilə İsmət Qayıbov adına stadion və ya İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu — Bakıda, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində SOCAR-ın balansında olan Neftçi PFK-ya aid stadion. Stadionun yaşıl ot örtüyü üç tərəfdən üstüörtülü tribunalarla əhatələnib. Tribunalarda 5 minədək plastik oturacaq quraşdırılıb.

İlk dəfə 2001-ci ildə UEFA tərəfindən lisenziya alan bu stadionda 21 yaşlılardan ibarət Azərbaycan milli komandası Almaniya və İngiltərə komandaları ilə Avropa çempionatının seçmə oyunlarını keçirib. Regional kubok turnirinin qrup mərhələsinin oyunları da bu arenada keçirilir. Stadionun meydançasında avtomatik suvarma sistemi, drenaj, olimpiya təyinatlı arenada qaçış zolaqları, habelə, idman zalları var. Burada uşaq və gənclər güləş, sambo, karate, taekvondo, ağır atletika və voleybolla məşğul olurlar.

Neftçi və Qaradağ Lökbatan klubları da bir müddət ev oyunlarını bu stadionda keçiriblər.

2015-ci ilin sonu 2016-cı ilin əvvəlində sökülüb. Sonradan yerində Neftçi PFK-nın futbol mərkəzi üçün yeni, daha az tamaşaçı tutumu olan stadion tikilib.

İstinadlar

Kateqoriya:Azərbaycan stadionları Kateqoriya:Azərbaycan futbol stadionları