Gəray bəy — 1931-ci ildə şair Səməd Vurğunun "Komsomol poeması"nın əsas qəhrəmanlarından biri. Azərbaycan ərazilərində sovet hakimiyyəti qurmağa çalışan bolşeviklərə qarşı döyüşən köhnə bəy və qaçaq.
Personajın təsviri Gəray bəy sovet hökumətinə, gənc kommunist Bəxtiyar və onun komsomol dəstəsinə qarşı çıxır. Köhnə quruluşun tərəfdarıdır. Peykanlıda söz sahibidir və geniş torpaq mülklərinə sahib bəydir. Bir mülkədar kimi onun özünəməxsus əqidəsi var və Gəray bəy bu əqidəyə sadiqdir. Bütün varlılar kimi sovet hökuməti Gəray bəyin də var dövlətini əlindən alıb. Bu səbəbdən də o, yaxın adamları ilə birlikdə dağlara çəkilərək qaçaqlıq edir və yeni qurulan hökumətə qarşı barışmaz düşmənçilik edir. Humay adlı qızı var və Humay, komsomol Bəxtiyarın dəstəsində vuruşan Şəkər bəyin oğlu gənc komsomol Cəllala sevgilidir. Personajın ətrafında cərəyan edən hadisələr Gəray bəy Dikdaş dağının ətəyində bolşevik dəstəsi ilə vuruşan zaman komsomol Bəxtiyarın açdığı atəşlə qolundan yaralanıb və elə həmin gündən bir qolu topal qalıb. Şair əsərdə bu hadisəni belə təsvir edir: - Bacarmazsınız! Çünki milyonlardan yüz qat azsınız! Deyərək Bəxtiyar bir nişan aldı, Gülləsi dağlara gurultu saldı. O düşmən dəstənin başçısı Gəray, Tüfəngi üzünə tutduğu zaman, Cəlal qaranlığa sıxdı naqanı, Töküldü yəhərə Gərayın qanı. Yataraq birtəhər atın yalına, Səyirdib dolandı dağın dalına. O gündən bir qolu topal yaşadı, Topal Gəray - deyə çağrıldı adı. Komsomol poeması. Atışma'' Gəray bəyə ən çox təsir edən hadisələr, onu bu hala salanların bir vaxtlar silahdaşları, yoldaşları olması, hətta süfrəsidnə qalan artıqları yeyənlər, köhnə paltarlarını geyənlərdir. Bunlar Gərayı bir bəy əqidəsinə xas insan kimi olduqca çox hiddətləndirir. Gəray bəy artıq zamanı saxlamaq, xoşbəxt günlərini qaytarmaq istəyir. Lakin mübarizə aparmaq çətindir. Şair bu hadisəni belə təsvir edir: Kürün qumsal sahilində qaşlarını çalaraq, Qamçısını döyür suya hiddətindən Gəray bəy... Üç aydır ki, ormanların arasında yataraq Əl üzmüşdür vətənindən, Millətindən Gəray bəy. Qamçısını döyür suya hiddətindən Gəray bəy! - Nədən mənim qabağımdan artanları yeyənlər, Köhnə-köşkül paltarımı öz əyninə geyənlər İndi mənə ağ olsunlar?.. Xanimanım dağılır, Qızı yelin inəklərim yad əllərdə sağılır... Komsomol poeması. Sahildə Gəray bəy hakimiyyətin ona yaşatdığı hadisələrin düşüncələrindən qurtula bilmir və ara sıra öz köhnə günləri üçün darıxır. Şair bu hadisələri belə təsvir edir: Bir axşam günəşin batdığı zaman Sizin bildiyiniz o topal Gəray Qalın bir ormanın arasında tək, Ağacdan-ağaca göz gəzdirərək, Kürün sahilində gəlib dayandı, Gözləri hirsindən alışıb yandı. Onun xatirindən keçdi doyunca Haman bu ormanda, sahil boyunca Bir zaman kükrəyib at oynatdığı, Turaca, kəkliyə tüfəng atdığı... Komsomol poeması. Sahildə Gəray bəy yeni qurulmaqda olan sovet hakimiyyətinin kommunist bayrağı altında döyüşən ordusu ilə mərdliklə vuruşur. Lakin Gəray bəy nə sovet hökumətinə nə onun ordusuna, qayda və qanunlarına təslim olmaq niyyətində deyil. Ağır günlər, baş verən hadisələr onun ilk təsliminə qədər gətirib çıxarır. Lakin ilk təslim sovet ordusuna deyil, öz taleyinədir. O özünü Kürə ataraq öldürmək və bu yaşayışdan canını qurtarmaq niyyətinə düşür. Lakin kişilik hissləri, namusu və arı onu bu təslimdən xilas edir. Hakimiyyətə qarşı getdikcə artmaqda olan kini onu bu qərardan daşındırır. Şair bu hadisəni belə təsvir edir: Azacıq keçmədən sular qaraldı, Sahildə bir dərin səssizlik vardı. O taydan bu taya işıqlar gəlir. Tüstülər burulub göyə yüksəlir Gəray bəy gözünü zilləyib ona, Varlığı daş kimi qalmışdır dona... Üçüncü gündür ki, qolunda yara Karıxıb, vurnuxur dörd bir diyara. Gurultu qopduqca ac mədəsindən, Diksinir, suların oynaq səsindən. Nələr keçdiyini o duya-duya, Özünü tullamaq istərkən suya, Qalıb pəncəsində namusla arın, At kimi sıçrayan ağ dalğaların Qoynuna gözləri dikilib qalır, Qəlbində həsrəti, kini çoxalır... Komsomol poeması. Sahildə Gəray bəyi ələ keçirmək komsomolçular olduqca çətindir və onlar mümkün olan bütün variantlardan istifadə edirlər. Hətta Gəray bəyin dost dediyi insanları da özlərinə çəkib Gəray bəyi tələyə salaraq tutmaq istəyirlər. Gəray bəy özünü öldürmək fikrindən danşındıqdan sonra çayı o taya keçmək istəyir və köhnədən dost dediyi Gəmiçi Bəhmənlə rastlaşır. Gəmiçi Bəhmən Gəray bəydən təslim olmasını xahiş etsə də Gəray bəy bu təklifi olduqca sərt qarşılayır. Gəray bəy tərs və əqidəsindən, sözündən dönməz bir kişidir. Bir neçə gündür ki, komsomolçular Gəray bəyi izləyir. Gəmiçi Bəhmənlə Gəray bəy arasında olan hadisələri pusquda dayanan komsomolçular müşahidə edirlər. Şair bu hadisəni belə təsvir edir: - Sənmisən, ay Bəhmən? - Kimdir soruşan? - Mənəm, bir barı gəl, söyləyir Gəray. - Bu ki, tanış səsdir, - deyərkən Bəhmən Fırlanıb geriyə, yönəlir həmən: - Vay, səni xoş gördük, haradan belə? Bu namərd vətənə... Bu namərd elə Yenəmi üz qoyub, salam verirsən? - Haqlısan, ay Bəhmən, sözlərində sən Fəqət nə etmək ki, belədir insan, Əziz dostlarına küsər bir zaman, Sonradan qövr eylər əski yaralar... - Yoxsa, bu gəlməkdə bir fikrinmi var? - Onsuz olurmu heç... Vardır, şübhəsiz... Bu el, bu güzəran, bu mən, bu da siz, Gəlin köməkləşək görək nə olur? Axtaran dünyada hər haqqı bulur - Demişlər babalar, - Bu doğru, lakin Bir az hövsələniz olmasa sakin, Yenə də günahsız qanlar axacaq, Burax bu tərsliyi, gəl Allaha bax! – Gözaltı süzərək qoca Bəhməni: - Sonra danışarıq... Hələlik məni, Duz-çörək eşqinə keçir sahilə! - Komsomol poeması. Sahildə Gəmiçi Bəhmən bu hadisədən sonra etdiyi xahişin bir mənası olmadığını anlayır və əvvəllər dost dediyi Gəray bəyə xəyanət edir. Gəray bəyə isə bu xəyanət olduqca ağır gəlir və o həyatında ilk dəfə düşmənə təslim olur. Şair bu hadisəni belə təsvir edir: - Keçərsən!.. - deyərək qışqırdı birdən Dünəndən Gərayın izilə gələn. Komsomol Bəxtiyar, yanında Cəlal, - Olsun inqilaba qanımız halal - Deyib vermişdilər yenə baş-başa... Gəray öz yerində dönmüşdü daşa. İstədi əlini atsın naqana, Gördü ki, naqanı batmışdır qana. Hirsindən bozarıb gözləri doldu, Ömründə ilk dəfə o təslim oldu. Komsomol poeması. İlk təslim Komsomolçular Gəray bəyin böyük evini əlindən alıblar. Evi kənd camaatı üçün klub binasına çeviriblər. Ara-sıra burada tamaşalar oynanılır. Hətta günlərin birində kənd klubunda ssenarisi tamamilə Gəray bəyə və İslam dininə qarşı yazılmış, dördpərdəli tamaşa da oynayırlar. Aktyorlar isə elə Gəray bəyə qarşı vuruşan komsomol Bəxtiyarın özü və dəstəsidir. Şair bu hadisəni belə təsvir edir: Bir aydı Gərayın evi alınmış, Orada başqa bir həyat salınmış. Leninin əksidir divarda duran, Tarixdə ən böyük, ən canlı insan. Komsomol poeması. Kənddə teatr Bəxtiyarın sağ əli hesab olunan komsomol Cəlal Gəray bəyin qızı Humayla son görüşdən sonra Gəray bəyin yanına gedir. Gəray bəy Cəlal danışdıqca onu səbrlə dinləyir. Cəlal Gəray bəyə yalvararaq bildirir ki, onu Gəray bəyin yanına gətirən yeganə səbəb qızı Humaydır. Cəlal bu işdə Gəray bəydən atalıq haqqını və vicdan əsirgəməməyi xahiş edir. Cəlal bildirir ki, Humay Gəray bəydən izinsiz bu işə razılaşmaz. Gəray bəy Cəlalı bu fikirindən daşındırmaq və Cəlala bu işin baş tutmayacağını başa salmağa çalışsa da Cəlal Gəray bəyin sözlərini boş hesab edir. Gəray bəy Cəlalın sözlərini dinləyərək düşünür, qızını yada salır və yenə də baş verən hadisələr onu içdən yandırır. Kənd rəhbəri olan Çalpapaq Kərəm yadına düşdükcə özündən çıxır, atının yad əldə yəni Çalpapaq Kərəmdə olmasını namusuna toxunulmuş kimi qəbul edir. Şair bu hadisələri belə təsvir edir: Sevdalar düşkünü, komsomol Cəlal - Dünyanın qeydindən küsən bir xəyal "Mərhəmət!" - deyərək yenə inləyir, Cəlal danışdıqca Gəray dinləyir. - Gəray bəy, yazığam, zavallıyam mən... Sizin yanınıza məni gətirən Böyük bir qüvvətdir, adı – məhəbbət; Yaradıb, yaşadan insandır, əlbət! Bu işdə vicdanı əsirgəmə sən, Atalıq haqqını əsirgəməsən, Humay xoşbəxt olar. Nə zamandı biz Sevişdik and içib, birdir qəlbimiz. - O halda mən kiməm?.. - Atasınız siz! Humay tapşırdı ki, sizdən izinsiz Yaxşı söyləməzlər onun adına... Gəray bəy qızını salır yadına, Gözündə rəqs edir onun heykəli. Yanında samavar, çay tökür əli, Keçir xatirindən cahü-cəlalı: Sürüsü, ilxısı, naxırı, malı... Komsomol poeması. Qanlı çadır O indi uzaq... Hər şeydən qabaq Onu yandıran Budur ki, bu dəm Çalpapaq Kərəm Minib Gəray bəyin Ərəb atına, Sürəndə səs salır yerin altına... Oxucu, bəlkə sən Özün bilirsən Ki, bizim yerlərdə bir papaq, bir at, Bir də hər kişinin aldığı arvad Namusdan sayılır... Gizli bir eyhamla gülümssyərək: - Cəlal! İki qılınc bir qına sığmaz, Bütün vəziyyəti ölçüb biç bir az... - Doğrudur, döyüşdə səninlə bəzən Qoç kimi üz-üzə vuruşmuşam mən, Komsomol poeması. Qanlı çadır Gəray bəy göründüyü kimi qəddar deyil. Qızına olan sevgisi onun Cəlala olan kinini azalda bilir. Cəlalın qızıyla olan münasibətinə razılıq verir. Hətta Cəlal həmin gecə Gəray bəyin çadırında gecələyir. Lakin dönməzlik və komsomola olan kini onu rahat buraxmır və Gəray bəy qızının sevgilisi gənc Cəlalı öldürür. Şair bu hadisələri belə təsvir edir: Cəlal Gəray bəyin yanında yatmış, Soyuq dəydiyindən qan-tərə batmış. Gəray bəy fikirdə, oyaqdır hənuz, Nəysə plan tökür yenə duyğusuz: - Nahaq söz vermişəm Cəlala dünən: Bəlkə də alverdə uduzuram mən? Qız hara, mən hara, komsomol hara? İnanmaq olarmı bu kafirlərə? Zəhmətim olmasın qızıma halal, Yoxsa, yalan deyir mənə bu Cəlal? O, bəlkə öyrənib hər sirrimizi, Sonradan güdaza verəcək bizi? Bəlkə də davanın şirin yerində Xəlvətcə arxama dolanıb yenə O öz gülləsini mənə çaxacaq? Xeyr! Bu dünyada hər şeydən qabaq İgidə ehtiyat və inad gərək!.. Gəray bu fikirlə qeyzə gələrək, Yanından götürür öz naqanını... Qatilin o dəmki həyəcanını Mən necə göstərim? Cəlal yuxuda... Humay yol gozləyir qan uda-uda... Azacıq keçmədən açılır naqan, Bir də ayılmayır Cəlal yuxudan... Komsomol poeması. Qanlı çadır Cəlalın ölüm xəbərinə dözə bilməyən Humay özünə qəsd edir. Gecədən Cəlalın xəyalı ilə dağlara sarı yol alır və səhər açılanda bir dağın qarlı ətəyində çobanlar tərəfindən tapılır. Şair çobanların dili ilə Gəray bəyi və hadisəni belə təsvir edir: Gəray bəy bu günü görsəydi inan,Yanan gozlərindən odlar yağardı. Bir eli, bir günü diri boğardı,Daşı-daş üstündə qoymazdı bir an.
Alın yapıncımı, bürüyün onu,Canı var... Tez olun, tonqal qalayın! Aləmə car çəkib, bir xəbər yayın!Zəhərdir bu şirin dünyanın sonu...
Gəray bəy ölməmiş, sağdır dünyada,Atadan, babadan böyüyümüzdür; İndi pis günüdür, hər dərdi yüzdür,Bizimdir namusu hər kim olsa da... Komsomol poeması. Humayın ölümü