Əbdüləli bəy Əmircanov () — Azərbaycan Milli Şurasının üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə naziri.

Həyatı

Erkən dövr və təhsil Əbdüləli Şirəli bəy oğlu Əmircanov 1874-cü ildə Şəki şəhərində anadan olmuşdur.

1876–1883-cü illərdə Şəki şəhər məktəbində oxumuş, 1888-ci ildə Tiflisdəki Aleksandrovsk Müəllimlər İnstitutunu bitirmişdir.

Müəllimlik və maarifçilik fəaliyyəti Təhsilini başa vurduqdan sonra Əmircanov Şəki, Lənkəran və Bakıda müəllim işləmişdir. O, Teymur bəy Bayraməlibəyovla birlikdə bir sıra mədəni-maarif tədbirlərinin təşkili ilə məşğul olmuşdur.

1900-1902-ci illərdə Əbdüləli bəy Bakı Xəzinə Odasında masa rəisi işləyib. O, 1902-1905-ci illərdə Lənkəranda, 1905-1918-ci illərdə Bakıda vergi müfəttişi vəzifəsində çalışıb. 1906-cı ildə Lütfəli bəy Behbudovla birgə “Nicat” müsəlman qiraətxanasını açıb.

“Nəşri-maarif” cəmiyyətinin 24 noyabr 1906-cı ildə keçirilən yığıncağının nəticəsində təftiş komissiyasının üzvü olub. 1907-ci ildə Bakı Şəhər Dumasına üzv seçilib. O, eyni zamanda Bakı Şəhər İdarəsi Məktəblər Komissiyasının və Bakı Kommersiya Məktəbinin Hamilər Şurasının üzvü olub. Əbdüləli bəy həmçinin Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti sədrinin müavini olmuşdur.

Siyasi fəaliyyəti Rusiyada Fevral inqilabından (1917) sonra Əmircanov siyasi proseslərə qoşulmuş və Bakı Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti İcraiyyə Komitəsinə üzv seçilmişdir.

1918-ci ilin martında Bakıda törədilən soyqırımı zamanı minlərlə azərbaycanlının xilas edilməsində və qırğınların qarşısının alınmasında mühüm rol oynamışdır. Bu hadisələr zamanı onun böyük qardaşı – Moskva Universiteti hüquq fakültəsinin məzunu, hüquqşünas Qasım bəy Əmircanov ermənilər tərəfindən öldürülmüşdür.

Əmircanov Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumət kabinetində (1918, iyun–oktyabr) maliyyə naziri, daha sonra dövlət nəzarətçisi (1918, oktyabr–dekabr) olmuşdur. O, həmçinin Azərbaycan Milli Şurasının qərarına (1918, 19 noyabr) əsasən Parlamentin üzvü seçilmişdir. Parlamentdə Bitərəflər qrupuna daxil olmuş, maliyyə-büdcə və sorğu komissiyalarında çalışmışdır.

1919-cu ildə xarici ölkələrlə ticarət əlaqələri yaratmaq məqsədilə Bakıda "Dəyanət" şirkətinin təsisində iştirak etmişdir. Həmin ilin fevralında isə Xosrov bəy Sultanov, Behbud xan Cavanşir və Teymur bəy Makinski ilə birlikdə fikir ayrılığı səbəbindən Müsavat və bitərəflər fraksiyasından ayrılmışdır.

Mühacirət həyatı 1920-ci ilin aprelində Azərbaycan işğal edildikdən sonra Əmircanov İstanbula mühacirət etmişdir. 1927-ci ildə Əbdüləli bəy Azərbaycan Milli Mərkəzinin katibliyinə və xəzinədarlığına seçilmişdir. Bu dövrdə “Türk Ocaqları” təşkilatı Məhəmmədəmin Rəsulzadə və Xosrov bəy Sultanzadə ilə birlikdə Əbdüləli bəyə də ayda 75 lirə məbləğində təqaüd ayırmışdır. Lakin 1934-cü ildə Varşavada keçirilən konqres zamanı o, Milli Mərkəzdən çıxarılmışdır.

O, 1948-ci ildə İstanbulda vəfat etmişdir.

Ailəsi Əbdüləli bəy Keşlənin nüfuzlu zadəganlarından Bala bəy Əlibəyovun qızı Səltənət xanımla ailə həyatı qurmuşdur. Mühacirət dövründə əvvəlcə İstanbula yalnız özü gəlmiş, sonradan övladları Məryəm, Valiyə, Rüstəm və Fuad da ona qoşulmuşdur. Digər övladları Rəşid və Muradın isə sovet hakimiyyətinin yaratdığı maneələr səbəbindən atasına qovuşmasına uzun müddət imkan verilməmişdir.

1938-ci ildə Səltənət xanım Sovet Azərbaycanını tərk etməyə nail olsa da, övladları Rəşid və Muradın xaricə çıxmasına icazə verilməmişdir. Səltənət xanımın İstanbula gəlişindən sonra ailə şəhərin Cahangir məhəlləsində yaşamışdır.

Nəhayət, yalnız 1962-ci ildə Murad ailəsini görmək üçün İstanbula gələ bilmişdir. O, XX əsrin sonlarında – 1999–2000-ci illərdə vəfat etmişdir.

Mənbə

İstinadlar

Ədəbiyyat

Ədəbiyyat

Kateqoriya:Əmircanovlar (Şəki) Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Bakı Şəhər Dumasının X çağırış üzvləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin siyasətçiləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə nazirləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin nazirləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri Kateqoriya:Azərbaycanlı siyasi mühacirlər Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycanlı siyasətçilər Kateqoriya:Azərbaycan memuarçıları Kateqoriya:Azərbaycan antikommunistləri Kateqoriya:Azərbaycan müsəlmanları