Sabit Rəhmanın Ev-Muzeyi — Şəki şəhərində yerləşən 1910-cu ilə aid aid tarixi-memarlıq abidəsi və ev muzeyi.
Bu evdə Azərbaycan SSR əməkdar incəsənət xadimi, yazıçı, dramaturq Sabit Rəhman və Azərbaycan Respublikasının xalq artisti, bəstəkar Emin Sabitoğlu dünyaya gəlib.
Bina haqqında Bina 1910-cu ildə Sabit Rəhmanın atası Rəhman Əfəndi tərəfindən tikdirilib. Sabit Rəhman da bu evdə anadan olub. O dövrdə Şəkidə evlər əsasən kərpicdən tikilirdi. Rəhman Əfəndi isə evini daşdan tikmişdi. Məhz buna görə də yerli camaat Rəhman Əfəndinin nəslinə "Daşagirənlər" adını veriblər. 2 mərtəbəli olan bina milli memarlıq üslubunda tikilib. Binada 2 qədim buxarı və bir böyük divar sobası var. İkinci mərtəbədə yerləşən buxarı həndəsi naxışlarla bəzədilib.
Muzey haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 sentyabr 2000-ci il, № 163-li Qərarına əsasən Şəki şəhərində Sabit Rəhmanın ev-muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Şəki şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış təklifi qəbul edilib. Bundan sonra 2000-ci ildə binanın bərpasına başlanılıb. 2001-ci ilin iyun ayının 8-də binada Sabit Rəhmanın ev-muzeyi istifadəyə verilib.
Böyük ekspozisiya zalında Sabit Rəhmanın şəxsi əşyaları, istifadə etdiyi masa, uşaqlıq və gənclik illərində çaldığı royal nümayiş etdirilir. Üzeyir bəy Hacıbəyli vaxtilə Sabitin bu royalda ifasını dinləyib və çox bəyənib, ona bu işi davam etdirməyi məsləhət görüb. Lektoriya zalında Sabit Rəhmanın oğlu, 600-dən çox mahnının müəllifi bəstəkar Emin Sabitoğluna aid eksponatlar, üçüncü otaqda ailənin məişət əşyaları, dördüncü otaqda isə dramaturqun 50 illik yubileyində verilmiş hədiyyələr sərgilənir. Ev-muzeydə bütövlükdə 460-a yaxın eksponat saxlanılır.
Şəkilləri
Həmçinin bax Emin Sabitoğlu Sabit Rəhman
İstinadlar
Kateqoriya:Şəki muzeyləri Kateqoriya:Azərbaycandakı ev-muzeylər Kateqoriya:1910-cu ildə tikilmiş yaşayış evləri