Xızrı Şıxsəidov () — rusiyalı dövlət xadimi, siyasətçi. 7 fevral 2013-cü ildən etibarən Dağıstan Respublikası Xalq Məclisinin sədri. Daha əvvəl Rusiya Dövlət Dumasının Vahid Rusiya Partiyasından V və VI çağırış millət vəkili.

Həyatı və təhsili Xızrı Şıxsəidov 1 avqust 1947-ci ildə Buynaksk şəhərində anadan olub. Milliyyətcə qumuqdur. 1954-cü ildən 1965-ci ilə qədər Buynaksk şəhər 2 nömrəli məktəbdə təhsil alıb. 1965-ci ildə Dağıstan Kənd Təsərrüfatı İnstitutunda bağçılıq və üzümçülük fakültəsinə daxil olub.

1970-ci ildə Dağıstan Kənd Təsərrüfatı İnstitutunu, 1982-ci ildə isə Rostov Ali Partiya məktəbini bitirib.

Fəaliyyəti 1970-ci ildən Buynaksk rayonunda kənd təsərrüfatı sahəsində aqronom kimi fəaliyyət göstərməyə başlayıb. 1971-ci ildən Daqsadvintrestdə aqronom kimi, Markovskiy sovxozunun baş aqronomu kimi işə başlayıb. Sonradan müxtəlif vəzifələrdə, partiya orqanlarında və respublikanın kənd təsərrüfatı müəssisələrində fəaliyyət göstərib. 1985–1990-cı illərdə Dağıstan SSR-nın Ali Sovetinin IX çağırış millət vəkili, 1990-cı ildən 1995-ci ilə qədər Dağıstan Respublikasının Ali Sovetinin xalq deputatı olub. 1992-ci ilin noyabr ayından 1995-ci ilin oktyabr ayına qədər Müqaviləli Respublika Korporasiyası olan "Daqvino"-nun prezidenti olub. 1995-ci ildə Dağıstan Respublikasının Xalq Məclisinin deputatı seçilib. Elə həmin ildə Dağıstan Respublikasının Hesablamalar palatasının sədri təyin edilib. 1997-ci ilin avqust ayında Dağıstan Respublikası Hökumətinin sədri təyin edilib. Bunla yanaşı həm də Dağıstan Respublikasının Dövlət Məclisi sədrinin birinci müavini vəzifəsini icra edib. 2004-cü ilin oktyabr ayından Dağıstan Respublikasının Hesablamalar palatasının sədridir. 2007–2013-cü illər arasında Rusiya Federasiyasının Dövlət Dumasının Federal Məclisinin deputatı olub. 2013-cü ilin fevral ayından etibarən Dağıstan Respublikasının Xalq Məclisinin sədridir. Vahid Rusiya partiyasının Ümumrusiya Baş Şurasının üzvü, Dağıstan regional şöbəsinin katibidir.

Mükafatları "Dostluq" ordeni (Rusiya) (31 oktyabr 1998-ci il) — Dövlət qarşısındakı ləyaqətli xidmətinə, uzun müddətli vicdanlı əməyinə və eləcə də xalqlar arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsi üçün verdiyi töhfələrə görə. "Şərəf" ordeni (Rusiya) (16 oktyabr 2012-ci il) — Rusiya parlamentarizminin inkişafına verdiyi böyük töhfələrə görə və eləcə də aktiv qanunverici fəaliyyətinə görə. "Dostluq" ordeni (Azərbaycan) (31 iyul 2017-ci il) — Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında eləcə də Azərbaycan və Dağıstan xalqlarlı arasında, dostluq əlaqələrinin və əməkdaşlığın inkişafı üçün göstərdiyi xüsusi səylərə görə. "Dağıstan Respublikasına xidmətlərinə görə" ordeni. Dağıstan Respublikasının "Doğma torpağa sevgi" şərəf nişanı. Rusiya Federasiyasının Federal Məclisinin Dövlət Dumasının "Parlamentarizmin inkişafına xidmətlərinə görə" şərəf nişanı.

İstinadlar

Kateqoriya:Rusiya Federasiyası Dövlət Dumasının VI çağırış deputatları Kateqoriya:Dağıstan MSSR Ali Sovetinin deputatları