İqtisadi Zonaların İnkişafı Agentliyi — Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 22 yanvar 2021-ci il tarixli 1257 nömrəli Fərmanı ilə "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin əsasında publik hüquqi şəxs kimi yaradılmışdır.

Haqqında 2021-ci il 21 dekabr tarixli 1506 nömrəli Fərman ilə Agentliyin Nizamnaməsi təsdiq edilib. İqtisadi Zonaların İnkişafı Agentliyi 2021-ci 28 dekabr taixində dövlət qeydiyyatına alınıb. Hazırda Agentliyin idarəçiliyində 8 sənaye parkı, 3 sənaye məhəlləsi, Yevlax Pilot Aqropark və Peşə Təhsil Mərkəzi fəaliyyət göstərir.

Sənaye parkları Sənaye parkları – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Müasir istehsal infrastrukturuna malik sənaye parkının yaradılması ölkədə sənaye sahələrinin inkişafının, ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsini, habelə istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəldilib. Sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb ki, iş adamları burada bir çox üstünlüklərdən yararlana bilərlər. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, mənfəət vergiləri, eləcə də istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıq və qurğulara görə ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.

Sənaye parkları dövlət vəsaiti hesabına tam infrastruktur sistemi ilə təmin edilirlər. Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində 8 sənaye parkı mövcuddur. Sumqayıt Sənaye Parkı Qaradağ Sənaye Parkı Pirallahı Sənaye Parkı Mingəçevir Sənaye Parkı Ağdam Sənaye Parkı "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı Hacıqabul Sənaye Parkı Naxçıvan Sənaye Parkı

Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanı ilə yaradılıb. Parkın adı dövlət başçısının müvafiq Fərmanı ilə 2025-ci il 8 sentyabrda dəyişdirilərək Sumqayıt Sənaye Parkı adlandırılıb. Sumqayıt şəhərində yerləşən və nəhəng infrastruktura malik parkının ərazisi 640 hektar təşkil edir. Burada neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılıb. 2013-cü il oktyabrın 3-də dövlət başçısının iştirakı ilə Parkın təməlqoyma mərasimi keçirilib.

Qaradağ Sənaye Parkı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 3 iyun tarixli 1255 nömrəli Sərəncamı ilə yaradılıb. Bakı şəhərinin Qaradağ rayonu ərazisində Bakı-Astara magistral yolunun 25-ci kilometrində yerləşən parkının ərazisi 72 hektardır və fəaliyyət istiqaməti iri, orta və ağır tonnajlı gəmilərin və avadanlıqların istehsalı və təmiridir.

Pirallahı Sənaye Parkı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 14 sentyabr tarixli 2336 nömrəli Sərəncamı ilə yaradılıb. Parkın ərazisi 30 hektar torpaq sahəsi təşkil edir və əsas fəaliyyət istiqaməti əczaçılıq sənayesinin inkişaf etdirilməsidir.

Mingəçevir Sənaye Parkı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2015-ci il 26 fevral tarixli 1077 nömrəli Sərəncamı ilə yaradılıb. Mingəçevir şəhərində yerləşən parkın ərazisi 26 hektar torpaq sahəsi təşkil edir. Mingəçevir Sənaye Parkı yüngül sənaye, tekstil sənayesi üzrə ixtisaslaşıb. 2016-cı il sentyabrın 21-də Mingəçevir Sənaye Parkının təməli qoyulub.

Ağdam Sənaye Parkı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci il 28 may tarixli 1347 nömrəli Fərmanı ilə yaradılıb. Ağdam rayonunda yerləşən parkın ərazisi 190 hektar təşkil edir və qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək. 2021-ci il mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib.

"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli 1453 nömrəli Fərmanı ilə yaradılıb. Cəbrayıl rayonunda yerləşən sənaye parkı 200 hektar ərazini əhatə edir. Ərazi kənd təsərrüfatı məhsullarının emalı, sənaye, sosial və texniki zonalara bölünəcək. "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı Bakıdan Zəngəzur dəhlizi vasitəsilə Türkiyə sərhədinə qədər olan yolun təxminən ortasında yerləşir.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 12 iyun tarixli Fərmanı ilə Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkı yaradılıb. Park 60 hektar ərazini əhatə edir.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 5 dekabr tarixli Fərmanı ilə Naxçıvan Sənaye Parkı yaradılıb. Park 310 hektar ərazini əhatə edir.

Sənaye məhəllələri Sənaye məhəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və s. məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edir. Hazırda İqtisadi Zonaların İdarəçiliyində 3 sənaye məhəlləsi mövcuddur.

Masallı Sənaye Məhəlləsi Neftçala Sənaye Məhəlləsi Sabirabad Sənaye Məhəlləsi

Masallı Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyun tarixli 2115 nömrəli Sərəncamı ilə yaradılıb və 2018-ci il sentyabrın 18-də açılışı olub. Sənaye Məhəlləsinin hazırda 10 hektar ərazisi var.

Neftçala Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli 1011 nömrəli Sərəncamı ilə yaradılıb.Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 10 hektar ərazini əhatə edən sənaye məhəlləsinin 2017-ci il sentyabrın 24-də açılış mərasimi keçirilib.

Sabirabad Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli 3407 nömrəli Sərəncamı ilə yaradılıb və 2017-ci il noyabrın 28-də Azərbaycan Respublikası Prezidenti tərəfindən təməli qoyulub. 20,3 hektar ərazini əhatə edir.

Yevlax Pilot Aqropark İqtisadiyyat nazirinin 25 avqust 2020-ci il tarixli F-117 nömrəli əmrinə əsasən "Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası" layihəsi çərçivəsində Yevlax rayonu ərazisində pilot aqroparkın yaradılması ilə əlaqədar işlərə başlanılmışdır. Aqroparkın 2021-ci il dekabrın 4-də iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə rəmzi açılış mərasimi keçirilmişdir və aqroparkda ilk ağac əkilmişdir.

Ümumi ərazisi 2807 hektar olan Yevlax Pilot Aqroparkı ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk dövlət aqroparkıdır. Aqroparkda intensiv meyvə bağlarının salınması, heyvandarlıq və quşçuluq təsərrüfatlarının, həmçinin emal sahələrinin yaradılması nəzərdə tutulub. Aqroparkda intensiv meyvə bağlarının salınması, müasir heyvandarlıq və quşçuluq komplekslərinin, həmçinin emal sahəsinin yaradılması üzrə işlər görülür.

Peşə Təhsil Mərkəzi İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində sənaye ixtisasları üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edən müasir tipli Peşə Tədris Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 aprel tarixli 68 nömrəli qərarına əsasən yaradılıb. Nazirlər Kabinetinin 2020-ci il 18 iyul tarixli 257 nömrəli qərarı ilə Mərkəzin adındakı "Tədris" sözü "Təhsil" sözü ilə əvəz edilərək Peşə Təhsil Mərkəzi adlandırılıb. 2020-ci il 14 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Peşə Təhsil Mərkəzinin açılış mərasimində iştirak edib.

Hazırda Mərkəzdə 12 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir.

Həmçinin bax Azərbaycan İnvestisiya Şirkəti

İstinadlar

Kateqoriya:Əlifba sırasına görə dövlət qurumları Kateqoriya:Azərbaycan İqtisadiyyat Nazirliyi Kateqoriya:2021-ci ildə Azərbaycanda yarananlar