Böyük Adiliyyə mədrəsəsi — Dəməşqdə XIII əsrə aid mədrəsə.
Haqqında Bu şafii mədrəsəsinin əsası Dəməşqdə Nurəddin Məhəmməd Zəngi tərəfindən qoyulmuşdur. Lakin, o vəfat edərkən, mədrəsənin inşası tamamlanmamışdı. Sonra onu Məlik əl-Adil Seyfəddin davam etdirmişdir. Sonra o da vəfat etmiş və bu işi onun oğlu əl-Məlik əl-Muəzzəm başa çatdırmışdır. Mədrəsədə müdərris kimi çalışanlar qismində qazı Kəmaləddin Ömər Əbu Həfs ibn Bəndər ibn Ömər ət-Tiflisinin də adı çəkilir. Ömər ət-Tiflisi təqribən hicri 602-ci (1205) ildə anadan olmuşdur. Ömər ət-Tiflisi Misirə üz tutana qədər qadıl-quzat (baş qazı) xoylu Şihabəddinin müavini vəzifəsində çalışmışdır. Misirdə hicri 672-ci (1273) ildə vəfat edənə qədər tədrislə məşğul olmuşdur.Ən-Nüeymi Əbdülqadir ibn Məhəmməd əd-Diməşqi. Əd-Dəris fi tarix əl-Mədaris. Dər əl-kutub əl-elmiyyə. I c., Beyrut, 1990, s.274.
Adiliyyə mədrəsəsində digər bir azərbaycanlı, əsli Xoydan olan Şəmsəddin Əbül-Abbas Əhməd ibn əl-Xəlil ibn Səadə ibn Cəfər ibn İsa da fəaliyyət göstərmişdir. Sultan İsa ibn Məlik əl-Adilin zamanında Şəmsədin Şama gəldiyi vaxt sultan ona böyük hörmət edərək, əhvalını soruşur və sözlərini diqqətlə eşidərdi. Sultan özü şəriət elmlərini və fiqhi bildiyi üçün Şəmsəddinə çox hörmət bəsləyər, onunla söhbət edərdi. Sonralar sultan ona Dəməşqdə yer verib, onun üçün maaş təyin etmişdir. Bir çox xadimlər onun yanında oxumuş və biliyindən faydalanmışlar. O, gözəl danışıqlı, iti düşüncəli, fəsahətli, bəlağətli, səxavətli və mərd bir adam idi. Onun müəllimi Fəxrəddin ibn Xətib Ərrey də onun yanına gəlmiş, onun da şagirdləri var idi. Sonralar böyük Sultan Şəmsəddini Dəməşqin baş qazısı təyin etmişdir. Buna baxmayaraq o, olduqca təvazökar və xoşsöhbət idi, namaz vaxtında namaz qılmaq üçün məscidə ayaqla gələrdi. Qazı Əbül-Abbas Əhməd ibn Xəlil ibn Səadə ibn Cəfər əl-Xuveyyi Dəməşqdə "əl-Adiliyyə" mədrəsəsində qiraət yolu ilə isnad zənciri kimi 14 mühəddisi sayaraq qeyd etdikdən sonra Peyğəmbər Məhəmməd haqqında Aişənin söylədiyi hədisi nəql etmişdir. Şəmsəddin həmin mədrəsədə yaşamış və vəfat edənədək orada dərs demişdir.Tərbiyət Məhəmmədəli. Danişməndani Azərbaycan. Görkəmli elm və sənətadamları. Bakı, 1987, s. 424. İbn Əbi Useybiyə onu "Sədr əl-İmam", "kamil alim", "qadı əl-qudat" kimi epitetlərin sahibi kimi qələmə verir. O, qeyd edir ki, Şəmsəddin orada fəqihlərə dərs demişdir. Bu işi hicri 637-ci (1239) ildə rəhmətə gedənə qədər davam etdirmişdir.İbn Əbi Useybiyə. Uyun əl-ənbiyə fi təbaqati-l-ətıbbə. Beyrut, 1998, s. 598–599.
Həmçinin bax Nizamiyyə mədrəsəsi Gəncə mədrəsəsi Ordubad mədrəsəsi Zaviyə mədrəsəsi Nizamiyyə mədrəsəsi (Gəncə) Beyləqan mədrəsəsi Marağa mədrəsələri Şamaxı mədrəsəsi
İstinadlar
Xarici keçidlər Nərgiz Əliyeva. Orta əsrlərdə Azərbaycan alimlərinin elmi əlaqələri və tədris fəaliyyəti. Bakı: "Turxan" NPB, 2015.
Kateqoriya:Azərbaycan mədrəsələri