Məmməd bəy Muradov və ya Məhəmməd Muradzadə () — azərbaycanlı memuarçı, Cümhuriyyət tələbəsi.
1918-ci ilin mart ayında Bakıda baş vermiş Mart soyqırımının şahidi olub. Bu hadisələrdə öz doğma atasını və bir neçə qohumunu itirib. Bu hadisələrlə bağlı "Mart hadiseyi-əliməsi" adlı bir əsər yazıb. Əsər Azərbaycan Cümhuriyyəti dövründə hökumət mətbəəsində nəşr olunub.
Ağdam kənd məktəbində və Bakı 3-cü kişi gimnaziyasında orta təhsil alıb. Azərbaycan Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilib. Paris Universitetində tibb təhsili alıb. 1923-cü ildən sonra həyatı haqda məlumat yoxdur.
Həyatı
İlk illəri Məmməd bəy Fərhad bəy oğlu Muradov 1900-cü il yanvarın 1-də Şuşa qəzasının Muradbəyli kəndində olub. Ağdam kənd məktəbini bitirib. Daha sonra 1911-ci ildən 1918-ci ilədək Bakı 3-cü kişi gimnaziyasında təhsil alıb.
1918-ci ilin mart ayında Bakıda baş vermiş Mart soyqırımının canlı şahidi olub. Bu hadisələrdə öz doğma atasını və bir neçə qohumunu itirib. Anası əsir alınıb. Həmin ilin dekabr ayında bununla bağlı "Mart hadiseyi-əliməsi" adlı bir əsər yazıb. Əsər 1920-ci ildə hökumət mətbəəsində kitabça halında nəşr olunub.
Azərbaycan Cümhuriyyətidə 1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyəti elan olunub. Bu dövrdə Məmməd bəy Ümuri-Xeyriyyə Nəzarətində (Sosial Təminat Nazirliyi) işləyib. 1919-cu il sentyabrın 1-də Azərbaycan Cümhuriyyəti Parlamenti 1919–1920-ci tədris ilində ali təhsilli mütəxəssislərin hazırlanması məqsədilə 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul edib. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrılıb. Avropa ali məktəblərinə göndərilən hər bir tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank məbləğində yol xərci müəyyən edilib.200px|thumb|left|Məmməd bəy digər cümhuriyyət tələbələri ilə birlikdə. 1920-ci il 18 noyabr.1919-cu ildə hökumət hesabına xaricdə təhsil almaq üçün Azərbaycan Cümhuriyyətinin Xalq Maarif Nazirliyinə müraciət edib. O öz məktubunda İsveçrə universitetlərinin birində tibb fakültəsində oxumaq istədiyini qeyd edib. Bu müraciətindən sonra Məmməd Muradov dövlət hesabına ali təhsil almaq üçün seçilən tələbələrdən biri olub.
1920-ci il yanvarın 13-də Məmməd bəy təhsilini başa vurduqdan sonra Azərbaycan Cümhuriyyəti hökumətinin təyinatı ilə göstərilən yerdə dörd il işləyəcəyinə, həmçinin təhsil aldığı ölkənin ərazisində heç bir siyasi və ya partiya fəaliyyətində iştirak etməyəcəyinə dair iltizamnamələr təqdim edib. 1920-ci il yanvarın 14-də ona Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilməsi haqqında 543 saylı vəsiqə təqdim edilib.
Xaricə göndərilən tələbələrin bir hissəsi 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə Bakı Dəmiryolu Vağzalından yola salınıb. Fevralın 11-də Parisə çatan tələbələri Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşının rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb. Əlimərdan bəy tələbələr qarşısında çıxış edərək onlara nəsihətlər verib və uğurlar arzulayıb.
Bir müddət Parisdə qaldıqdan sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif şəhərlərinə göndəriliblər. Məmməd Muradov Paris Universitetində tibb təhsili alıb. Aprel işğalından sonra 1921–1922-ci illərdə XKS sədri Nəriman Nərimanovun tapşırığı ilə dövlət hesabına xaricdə ali təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənmək üçün ezamiyyətə göndərilən nümayəndənin hazırladığı hesabata görə Məmməd bəy həmin illərdə təhsilini davam etdirib. Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illəri əhatə edən məlumatında isə Məmməd bəyin təhsilini başa vurmasına 2 il qaldığı göstərilib. Sonrakı həyatı haqda məlumat yoxdur. Ehtimal olunur ki Azərbaycana geri qayıtmayıb.
Ailəsi Məmməd bəy Muradov Şuşa qəzasında yaşamış Qatırçı Muradın nəslindəndir. Atası Fərhad bəy Məhəmmədrza bəy oğlu Muradov 1878-ci ildə Muradbəyli kəndində anadan olub. Əvvəlcə molla yanında daha sonra isə Şuşa Real Məktəbində təhsil alıb. Daha sonra Asya xanım Kərim bəy qızı Nuribəyova ilə ailə qurub. Bu evlilikdən Məmməd və Cəmil adlı iki oğulları dünyaya gəlib. Fərhad bəy Muradov 1918-ci ildə Mart soyqırımında öz evində ermənilər tərəfindən öldürülüb.
Mənbə
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Məmməd bəy Muradov — Mart hadiseyi-əliməsi
Kateqoriya:Ağdamda doğulanlar Kateqoriya:Muradovlar (Şuşa) Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri Kateqoriya:Azərbaycan memuarçıları