Şirvani Basayev () — Çeçen hərbçi və dövlət xadimi. İçkeriyanın yanacaq və energetika naziri, Çeçenistanın müstəqilliyi uğrunda hər iki Çeçenistan müharibəsinin iştirakçısı. Briqada generalı və İçkeriya ordusunun qərargah rəisi. Şamil Basayevin kiçik qardaşı. Bioqrafiyası Şirvani Basayev 1968-ci il iyunun 11-də Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Vedeno rayonunun Dışne-Vedeno kəndində anadan olmuşdur. Atası Salman Basayev rus qoşunları ilə döyüşdə həlak olmuşdur. Anası isə Nura Basayeva idi. Şirvaninin özü istisna olmaqla, bütün Basayevlər ailəsi hər iki Çeçenistan müharibəsində həlak olur. O, ÇİR-nın ən məşhur komandirlərindən biri idi və briqada generalı rütbəsinə qədər yüksəlmişdir. Çağırış adları - Berkut, Rəsul, ləqəbi - Qumral Şirvani.

İçkeriyanın ali mükafatı olan “Koman siy” (“Millət şərəfi”) ordeni ilə təltif edilmişdir.

O, Vedeno, Nojay-Yurt və Şatoy rayonlarında çeçen separatçılarının dəstələrinə komandanlıq etmiş, 2001-ci ildə Vedenodakı hərbi komendantlıq da daxil olmaqla, öz zonasında federal qoşunlara qarşı cəsarətlə dirəniş göstərmişdir.

Qardaşı Şamillə birlikdə Çeçenistanda və Qafqazda 90-cı illərdə başlayan bütün siyasi və hərbi proseslərdə iştirak etmişdir:

- 1991-ci ilin avqust-noyabr aylarında qumral Şirvani “çeçen inqilabı” hadisələrində fəal iştirak edib;

- 1991-ci il oktyabrın 5-də Çeçen-İnquş MSSR Dövlət Təhlükəsizlik Komitəsinin binasının ələ keçirilməsində iştirak edib;

- 1992-ci ilin avqustunda kiçik Basayev Abxaziya tərəfində gürcü-abxaz münaqişəsində könüllü kimi iştirak edib;

- 1994-1996-cı illərdə Şirvani Birinci Çeçenistan müharibəsində iştirak edib;

- 1994-cü ildə Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin "Abxaz batalyonu"nun (1992-1993-cü illərdə Gürcüstan-Abxaziya müharibəsində iştirak etmiş çeçen könüllülərdən ibarət batalyon) "xüsusi əməliyyatlar" taqımının komandiri olur;

- 1995-ci ildə Bamut kəndinin komendantı olur;

- 1995-ci il noyabrın 27-də Cövhər Dudayev onu Vedeno rayon administrasiyasının başçısı təyin edir (Bitimirovun yerinə);

- 1995-ci ildə qardaşı Şamilin Budyonnovska basqını zamanı Şirvani Federal qüvvələrlə danışıqlarda iştirak edib;

- 1996-cı ildə Nazran, Xasavyurt və Moskvada federal mərkəzlə danışıqlarda İçkeriya nümayəndə heyətinin üzvü olub;

- 1998-ci ildə Çeçen İçkeriya Respublikasının yanacaq və energetika naziri təyin edilib;

- 1998-ci ilin martında “UNCO” neft şirkətinin prezidenti;

- 1999-cu ilin avqustundan Şirvani çeçen döyüşçülərinin Dağıstana yürüşündə iştirak edib;

- 1999-cu ildən Şirvani Basayev İkinci Çeçenistan müharibəsində İçkeriya ordusunun qərargah rəisi kimi iştirak edib.

Şirvani dəfələrlə ölüm ayağında olmuş və çoxlu yaralar almışdır. Rusiya xüsusi xidmət orqanlarının məlumatında onun bir neçə dəfə öldürülməsi bəyan edilib. 2000-ci ildə Şirvani Basayevin öldürülməsi barədə şayiələr yayılsa da, bu təsdiqini tapmamışdır. Bəzi məlumatlara görə, ağır zədə aldıqdan sonra 2002-ci ildə müalicə olunmaq üçün təcili olaraq Türkiyəyə təxliyə edilib.

Çeçenistan rəhbəri Ramzan Kadırovun sözlərinə görə, Şirvani Basayev Türkiyədə yaşayır.

İstinadlar

Kateqoriya:Birinci çeçen müharibəsi iştirakçıları Kateqoriya:İkinci çeçen müharibəsi iştirakçıları