Ceyhun Yusif oğlu Əliyev və ya Ceyhun Əli () — azərbaycanlı aparıcı, spiker, moderator, telejurnalist, dövlət qulluğunun kiçik müşaviri, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis.
Həyatı Ceyhun Əli 1984-cü ildə fevralın 16-da Salyan rayonunda anadan olub. 1991–1995-ci illərdə Bakı şəhərinin 20 saylı liseydə, 1995–2001-ci illərdə Respublika İncəsənət Gimnaziyasında Səhnə danışığı — Nitq mədəniyyəti ixtisası üzrə təhsil alıb. Ali təhsilini 2001–2006-cı illərdə Bakı Slavyan Universitetinin Filologiya fakültəsində alıb. Rus, ingilis, türk dillərində sərbəst danışır. 2009-cu ildə Almaniyanın Deutsche Welle Akademie / akademiyasının "Konflikt-sensetiv jurnalistika" üzrə beynəlxalq sertifikatını alıb.
Fəaliyyəti Əmək fəaliyyətinə 2004-cü ildə başlayıb.
2004–2006-cı illərdə ANS Müstəqil Teleradio Şirkətində diktor, aparıcı, reportyor, xüsusi müxbir vəzifələrində çalışıb. 2006-cı ildən Azad Azərbaycan Müstəqil Teleradio Yayım Şirkətində diktor, aparıcı, reportyor, xüsusi müxbir, İctimai-Siyasi Proqramlar Departamentinin redaktor assistenti, redaktoru vəzifələrində çalışmağa başlayıb. Televiziya sahəsində biliklərini artırmaq məqsədi ilə xarici telekanallarda (RTR, Ekspert TV) təcrübə keçmək üçün 2008-ci ildə əmək fəaliyyətinə ara verib. 2008-ci ilin sonunda ANTENN Müstəqil Teleradio Şirkətində İctimai — Siyasi Proqramlar Departamentinin direktoru vəzifəsinə işə başlayıb. 2009–2010-cu illərdə RTV Bakı studiyasının rəhbəri vəzifəsini icra edib.
2010–2018-ci illərdə Azad Azərbaycan Müstəqil Teleradio Yayım Şirkətində İctimai-Siyasi Proqramlar Departamentinin redaktoru, ATV Xəbər proqramının aparıcısı, "Həftə Sonu" Analitik — İnformasiya Proqramında xüsusi müxbir, redaktor vəzifələrində çalışıb. Həmin ildən ATV kanalını Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasında akkreditasiya olunan telejurnalist qismində təmsil edib.
2018–2019-cu illərdə "AzerTelecom" şirkətində İctimaiyyətlə əlaqələr və Korporativ Kommunikasiya Departamentinin rəhbəri vəzifəsində çalışıb.
2020–2021-ci illərdə Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.
2018-ci ildən İctimai Televiziyada teleaparıcı, redaktor vəzifəsində fəaliyyət göstərir.
Ceyhun Əli hazırda müxtəlif beynəlxalq və yerli təşkilatların, dövlət qurumlarının, özəl şirkətlərin həyata keçirdiyi layihələr, konfrans, simpozium, forum, qurultay və marafonlarda aparıcı, eyni zamanda moderator qismində fəaliyyət göstərir.
İstinadlar
Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:ANS TV-nin jurnalistləri Kateqoriya:Azərbaycanın televiziya aparıcıları Kateqoriya:Salyan rayonunda doğulanlar
Xarici keçidlər
Ceyhun Əli — YouTube kanalı