Aydın Yusif oğlu Məmmədov () — Azərbaycan dövlət xadimi, "Azərbxariciticarət" Birliyinin baş direktoru, Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri (1988–1990), Azərbaycan SSR əhaliyə məişət xidməti naziri (1983–1986), Azərbaycan Kommunist Partiyasının Mingəçevir Şəhər Komitəsinin (1981–1983) və Oktyabr Rayon Komitəsinin (1968–1971) birinci katibi, Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1971–1978), Azərbaycan SSR maarif nazirinin müavini (1964-cü ildən), Azərbaycan LKGİ Mərkəzi Komitəsinin birinci katibi, Azərbaycan SSR Ali Sovetinin VIII, IX, X, XI və XII çağırış deputatı.
Həyatı Aydın Yusif oğlu Məmmədov 1932-ci ildə Gürcüstan Sovet Sosialist Respublikasının Marneuli rayonunun Kəpənəkçi kəndində doğulmuşdur. 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunda ali təhsilini tamamlamışdır. O, həmçinin 1960–1964-cü illərdə Sov. İKP MK yanında Ali Partiya Məktəbində ali təhsil və Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasında aspirantura təhsili almışdır. İqtisad elmləri namizədidir.
Aydın Məmmədov 1956-cı ildən əmək fəaliyyətinə başlamışdır.
Siyasi fəaliyyəti
Sovet dövrü Aydın Məmmədov 1957-ci ildən Azərbaycan LKGİ Sumqayıt Şəhər Komitəsinin birinci katibi, Azərbaycan LKGİ Mərkəzi Komitəsinin ikinci, sonra isə birinci katibi vəzifələrini daşımışdır.
Aydın Məmmədov 1958-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.
Aydın Məmmədov 1964-cü ildən Azərbaycan SSR maarif nazirinin müavini, 1968-ci ildən Azərbaycan Kommunist Partiyası Oktyabr Rayon Komitəsinin birinci katibi, 1971-ci ildən Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1981–1983-cü illərdə Azərbaycan Kommunist Partiyası Mingəçevir Şəhər Komitəsinin birinci katibi, 1983-cü ildən isə Azərbaycan SSR əhaliyə məişət xidməti naziri vəzifələrini daşımışdır.
Aydın Məmmədov 12 dekabr 1988-ci ildə Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri təyin olunmuşdur.
Aydın Məmmədov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. O, həmçinin Azərbaycan SSR Ali Sovetinin VIII, IX, X və XI çağırış deputatı olmuşdur.
Müstəqillik dövrü Aydın Məmmədov 1990-cı ildə Azərbaycan Ali Sovetinin XII çağırış deputatı seçilmişdir. O, 7 fevral 1991-ci ildə Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiyasına (Əsas Qanununa) dəyişikliklər və əlavələr haqqında Qanun layihəsinin işlənib tamamlanması üzrə yaradılmış Redaksiya komissiyasının üzvü təyin olunmuşdur.
Aydın Məmmədov 1990-cı illərdə "Azərbxariciticarət" Birliyinin baş direktoru olmuşdur, lakin "Azərbaycan Respublikası xalq deputatının statusu haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən o, Azərbaycan Ali Sovetinin sədri Rəsul Quliyevin 26 iyul 1994-cü ildə imzaladığı 870 nömrəli qərara əsasən bu vəzifəsindən azad edilmişdir.https://e-qanun.az/framework/8935
Təltifləri Aydın Məmmədov "Oktyabr inqilabı" ordeni, "Qırmızı əmək bayrağı" ordeni və digər medallarla təltif olunmuşdur.
İstinadlar
Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Azərbaycan SSR xalq komissarları və nazirləri Kateqoriya:Azərbaycan LKGİ Mərkəzi Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mingəçevir Şəhər Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Oktyabr Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Azərbaycan uzunömürlüləri Kateqoriya:Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədrləri