Aydın Məmməd oğlu Kərimov () — Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü, Azərbaycan Respublikası ədliyyə nazirinin birinci müavini, Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədr müavini, Əlincə Cəmiyyətinin sədr müavini.

Həyatı Aydın Məmməd oğlu Kərimov 1 iyul 1956-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Şərur rayonunun Mahmudkənd kəndində doğulmuşdur. Naxçıvan Dövlət Universitetinin Tarix-ədəbiyyat və Samara Dövlət Universitetinin Hüquq fakültələrində ali təhsilini almışdır. Bir müddət hüquqşünas olaraq fəaliyyət göstərmişdir.

Evlidir, 3 övladı var.

İctimai-siyasi fəaliyyəti Aydın Kərimov Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur. 1991-ci ildə o, Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədr müavini seçilmişdir. O, həmçinin, Azərbaycan Xalq Cəbhəsi nizamnaməsinin və proqramının həmmüəlliflərindəndir.

Aydın Kərimov 29 iyul 1992-ci ildə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 47 nömrəli fərmanı ilə Azərbaycan Respublikası ədliyyə nazirinin birinci müavini vəzifəsinə təyin olunmuşdur. O, 16 avqust 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Azərbaycan Ali Sovetinin sədri Heydər Əliyevin 495 nömrəli sərəncamı ilə bu vəzifədən azad edilmişdir.

Aydın Kərimov 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi və Əlincə Xeyriyyə Cəmiyyəti üzvü olaraq xalq deputatları seçkiləri üzrə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlüyünə namizəd göstərilmiş və seçilmişdir.

Aydın Kərimov Əlincə Cəmiyyətinin sədr müavini olmuşdur. O, 1992-ci ildən Müstəqil "Qanun" jurnalının baş redaktoru, 1994-cü ildən isə Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin (MEPHM) prezidentidir. O, həmçinin Türkiyə Respublikasında dərc olunan "Türk yurdu" jurnalının Azərbaycandakı təmsilçisidir.

1995-ci il parlament seçkilərində Aydın Kərimov Azərbaycan Xalq Cəbhəsi Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 11-ci sırada olmuşdur. Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərdə proporsional siyahı üzrə 346 192 (9.6%) səs toplayaraq siyahısından ilk 3 nəfərin deputat seçilməsinə nail olmuşdur. Beləliklə, Aydın Kərimov deputat seçilə bilməmişdir.

Aydın Kərimov 2010-cu illərdə Azərbaycan Respublikasının Ombudsman Aparatı Ekspertlər Şurasının sədri vəzifəsində çalışmışdır.

İstinadlar

Kateqoriya:Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvləri Kateqoriya:Əlincə Xeyriyyə Cəmiyyətinin sədr müavinləri Kateqoriya:Azərbaycan Respublikasının ədliyyə nazirlərinin müavinləri Kateqoriya:Azərbaycan hüquqşünasları