Əbülfəz Elçibəy (Əbülfəz Qədirqulu oğlu Əliyev; ) — Azərbaycan dövlət, siyasi və ictimai xadimi, dissident, tərcüməçi, Azərbaycan Milli Azadlıq Hərəkatının qurucularından biri və lideri, həmçinin daha sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasına çevirilən Azərbaycan Xalq Cəbhəsi təşkilatının qurucusu, ilk sədri (1989–2000) və Azərbaycan Respublikasının ikinci Prezidenti (1992–1993). thumb|250px|Əbülfəz Elçibəyin andiçmə mərasimi 1970-ci illərdən etibarən Azərbaycanda türkçü və antikommunist kimi tanınmışdı. SSRİ dağıldıqdan sonra 17 iyun 1992-ci ildə müstəqil Azərbaycanın ilk azad seçkilərində etibarlı səslərin 59,4 %-ni toplayan Əbülfəz Əliyev ölkənin demokratik yolla seçilmiş ilk prezidenti oldu.
Həyatı və karyerası Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Naxçıvan MSSR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. O, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olmuş və burada ərəb dilini öyrənmişdir. 1962-ci ildə universitetdən məzun olduqdan sonra təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləmişdir.
1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz Elçibəy 1964-cü ilin oktyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışmış, xarici ezamiyyətdən dönərək 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə tamamlamışdır. 1968–1975-ci illərdə ADU-nun "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim vəzifəsində çalışıb, həmçinin bu dövrdə (1969) "Tulunilər dövləti (868–905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsini almışdır.
1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adı ilə həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. Qaradağ daş karxanasında fiziki işlərə cəlb olunlaraq cəza çəkdiyi müddətdə məhbuslar arasında türkçülük və milli ideyaları təbliğ etməyə davam etmişdir. 17 iyul 1976-cı ildə azadlığa buraxıldıqdan sonra bir müddət işsiz qalmışdır.
1976-cı ilin dekabrında Azərbaycan EA Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlamışdır. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi, elmi rütbə və vəzifələrə qədər təyin olunmuşdur. (16.07.1992-ci ilədək).Əbülfəz Elçibəyin bioqrafiyası/adam.az
Siyasi fəaliyyəti Əbülfəz Elçibəy tələbəlik illərindən sovet idarəçiliyinə qarşı fəaliyyət göstərmiş, gizli tələbə dərnəklərinin qurulmasında və müstəqillik ideyalarının yayılmasında iştirak etmişdir. O, həmçinin Bütöv Azərbaycan ideyasını təbliğ etmişdir. 1975-ci ildə siyasi fəaliyyətinə görə həbs edilən Elçibəy, 1988-ci ildə başlayan Azərbaycan Milli Azadlıq Hərəkatının qurucularından biri və lideri olmuşdur. 1989-cu ilin iyulunda Azərbaycan Xalq Cəbhəsinin (AXC) təsisçiləri arasında yer almış və ömrünün sonuna qədər təşkilatın sədri vəzifəsini icra etmişdir. 18 oktyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilmişdir.
Prezidentliyi dövrü 7 iyun 1992-ci ildə keçirilən seçkilər nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilən Əbülfəz Elçibəy ölkənin dövlət suverenliyinin möhkəmləndirilməsi və demokratik təsisatların qurulması istiqamətində fəaliyyət göstərmişdir.
Onun prezidentliyi dövründə dövlətin əsas prioritetlərindən biri müstəqilliyin tam təmin edilməsi və milli ordunun qurulması olmuşdur. Bu məqsədlə könüllü batalyonlardan nizami orduya keçid prosesi başladılmış, qismən hərbi səfərbərlik və orduya çağırış işləri təşkil edilmişdir.
Rusiya siyasəti "Rusiya əleyhinə" qiymətləndirilən düşüncələrini xarici siyasətdə də əks etdirən Elçibəy ölkəni Rusiyanın təsir dairəsindən çıxararaq xarici siyasətdə Qərb yönümlü siyasət aparmağa başlamışdı. Bu məqsədlə SSRİ dövründən qalma 4-cü ordunun və Zaqafqaziya hərbi dairəsinin digər ünsürlərinin Azərbaycandan çıxarılması ilə ölkəni rus ordusundan tamamilə təmizlədi. Azərbaycan hakimiyyəti Rusiyanı Qarabağ münaqişəsində Ermənistanı dəstəkləməkdə günahlandırdı və keçmiş SSRİ ölkələrini birləşdirən Müstəqil Dövlətlər Birliyinə qoşulmaqdan imtina etdi. Azərbaycanın Türkiyə və Qərblə yaxınlaşma siyasəti Moskvanın mənfi reaksiyasına səbəb oldu. Bu, ovaxtkı Rusiya prezidenti Boris Yeltsin ilə yeni seçilmiş Əbülfəz Elçibəy arasında münasibətləri daha da gərginləşdirmişdi. Rusiya rəhbərliyini tənqid edən Elçibəy bütün Rusiya dövlət xadimləri arasında demokratiyaya ən böyük xidmətin Mixail Qorbaçova deyil, Tatarıstan prezidenti Mintimer Şaymiyevə məxsus olduğunu bildirmiş, Tatarıstanın yeni konstitusiyanı qəbul etməsi ilə əlaqədar olaraq təbrik teleqrafı göndərmiş və öz fikrincə orada müstəmləkə zülmündən, qəhrəman tatar xalqından və həmçinin 20-ci əsrin sonunun türk dünyasının oyanışı və dirçəlişi ilə əlamətdar olduğu fikrindən bəhs etmişdi.
12 sentyabr 1992-ci ildə prezident Moskvaya səfər etdi və səfər zamanı "Azərbaycan Respublikası ilə Rusiya arasında Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Təhlükəsizlik Müqaviləsi" imzalandı. SSRİ-də təhsil aldığı üçün rus dilində səlis danışmasına baxmayaraq, rus xadimləri ilə danışarkən nümayişkaranə şəkildə tərcüməçidən istifadə etməsi ilə tanınırdı. Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Hikmət Hacızadə Azərbaycanın Rusiyadakı ilk səfiri təyin edildi.
Türkiyə Türkiyə ilə strateji müttəfiqliyin tərəfdarı olan Elçibəy 1992-ci ilin noyabrında paytaxt Ankaraya səfər zamanı Anıtqəbirdə Mustafa Kamal Atatürkün məzarını ziyarət etmiş və xatirə dəftərinə bu sözləri yazmışdır:
O, həmçinin turançılıq baxışlarına sahib olmasına görə Türkiyə Milliyətçi Hərəkat Partiyasının lideri polkovnik Alparslan Türkeş tərəfindən dəstəklənirdi.
Qarabağ Əbülfəz Elçibəy hakimiyyətə Birinci Qarabağ müharibəsi dövründə gəlmişdi. Bir sıra ərazilər Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Hərbi gücə güvənən Elçibəy hakimiyyətə gəldikdən dərhal sonra Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başladı.
12 iyun 1992-ci ildə başlayan "Goranboy əməliyyatı" və ya "Ağdərə əməliyyatı" adlanan genişmiqyaslı hücum əməliyyatının gedişində, 16–18 iyun tarixlərində hərbçilər öncə Ağdərə rayonunun Suqovuşan və Təpəkənd kəndlərinə daxil olmuşdular. 29 iyunda Həsənqaya kəndi, ardınca Qızıloba və Çiləbürt kəndləri erməni qüvvələrindən təmizləndiyi gün təxminən 80 nəfərdən ibarət "Arabo" batalyonu məhv edildi. İyulun əvvəlində Azərbaycan ordusunun Kəlbəcər istiqamətindən etdiyi hücumlardan sonra, 4 iyul 1992-ci ildə səhər tezdən Azərbaycan Ordusunun dəstələri Ağdərə şəhərini işğaldan azad etdilər. Avqust ayına kimi ərazilərin 40%-i işğaldan azad edildi.
Azərbaycan Ordusu sentyabr ayında şimaldan Xankəndiyə yaxınlaşdı. Oktyabr ayına qədər Azərbaycan qoşunlarının irəliləməsi və hücum əməliyyatı dayandı, vəziyyət Ermənistan lehinə dəyişdi. Laçın ərazisində döyüşlər başladı və Azərbaycan ordusu Laçın dəhlizi üzərində nəzarəti bərpa edə bilmədi.
Oktyabrın 24-də ABŞ Konqresi Azərbaycanı Ermənistanı blokadaya salmaqda günahlandırdı və Azadlığı Dəstək Aktına düzəliş qəbul etdi.Bircə Bayramova. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində "907-ci maddə" həll olunmamış problem kimi // Tarix və onun problemləri, № 3, 2011, s.188–192.Balamirzə Məmmədli. "Azadlığı müdafiə aktı"na 907-ci düzəlişin səbəblərinin tarixşünaslığı. // Tarix və onun problemləri, № 2, 2026, s.166–173. Bu düzəliş Azərbaycana ABŞ tərəfindən dövlət səviyyəsində hər cür, o cümlədən humanitar yardım göstərilməsini qadağan etdi. Bəzi mənbələrə görə, düzəliş erməni lobbisinin təzyiqi altında qəbul edilib.
İqtisadi islahatlar Azərbaycan Respublikası Prezidenti Əbülfəz Elçibəyin 1992-ci il 16 iyul tarixli 50 nömrəli fərmanına əsasən Azərbaycan Respublikasının Milli Ləl-Cəvahirat Fondu yaradılmışdır. Elçibəyin prezidentliyi dövründə, bir il ərzində Milli Ləl-Cəvahirat Fonduna 1,5 ton qızıl və digər qiymətli metallar toplanmışdır. 1993-cü il iyunun 1-nə qədər Milli Bankda valyuta ehtiyatı 1992-ci ilin uyğun dövrünə nisbətən 100 dəfədən çox artaraq 156 milyon dollara çatmışdır. Dövlət büdcəsinin kəsiri 5 faizdən artıq olmamışdır. Azərbaycanın milli valyutası — manat dövriyyəyə buraxılmış və rubldan manata keçidin əsası qoyulmuşdur.
İqtisadi siyasət iki əsas məqsədə: köhnə təsərrüfatı dağılmaqdan qorumağa və liberal bazar iqtisadiyyatını formalaşdırmağa yönəlmişdi. Bu məqsədlə Dövlət Əmlak Komitəsi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Yardım Komitəsi, İqtisadiyyat Nazirliyi və Torpaq Komitəsi yaradılmışdır.
İslahatları tənzimləmək üçün dövlət əmlakının özəlləşdirilməsi, banklar və bank fəaliyyəti, mülkiyyət, xarici investisiyaların qorunması, icarə, torpaq vergisi və aksizlər haqqında qanunlar qəbul edilmişdir.
Həmçinin iqtisadiyyatın liberallaşdırılması və xarici kapitalın cəlb edilməsi üçün AMOKO, BP, Yunokal, Statoyl və Pennzoyl kimi dünya şirkətləri ilə neft sənayesinə 10 milyard dollara yaxın sərmayə qoyulmasını nəzərdə tutan müqavilələr və neftin Aralıq dənizinə daşınması haqqında ilkin sənəd hazırlanmışdır. Ticarətin liberallaşdırılması, dövlət ticarət müəssisələrinin kommersiyalaşdırılması və xırda sahibkarlığın inkişafı haqqında prezident fərmanları verilmişdir. Bu dövrdə minlərlə xüsusi müəssisə, onlarca müstəqil bank fəaliyyətə başlamış, kəndlərdə 17 mindən artıq sərbəst icarə kollektivi yaradılmış, taksilərin və yaşayış evlərinin özəlləşdirilməsinə başlanılmışdır.
Hüquqi islahatlar və münasibətlər Siyasi partiyalar, ictimai təşkilatlar və kütləvi informasiya vasitələri haqqında qanunlar qəbul edilmiş, bu əsasda 30-a qədər siyasi partiya və 500-dən çox mətbuat orqanı qeydiyyata alınmışdır. Məhkəmələrin statusu haqqında qanun qəbul edilmiş, İslah-Əmək sistemi Daxili İşlər Nazirliyinin tabeliyindən çıxarılaraq Ədliyyə Nazirliyinin tabeliyinə verilmişdir. Seçkilər haqqında hazırlanmış və parlament seçkilərinin çoxpartiyalılıq əsasında keçirilməsini nəzərdə tutan qanun layihəsi isə qəbul olunmamışdır. Milli münasibətlər sahəsində milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında fərman verilmişdir. Bu sənəd əsasında Bakıda 30-a qədər milli mədəniyyət mərkəzi normal iş şəraiti ilə təmin edilmiş, azsaylı xalqların çıxardığı 4 qəzetə maliyyə yardımı ayrılmış və onlara media resurslarından istifadə imkanı yaradılmışdır.
Elm, təhsil və mədəniyyət islahatları Təhsil haqqında qanuna əsasən özəl müəssisələrin açılmasına icazə verilmişdir. Ali və orta ixtisas təhsili məktəblərinə qəbulun test üsulu ilə keçirilməsinə başlanılmışdır. Bir il ərzində humanitar fənlər üzrə 7 yeni proqram və 90-a yaxın adda yeni dərslik hazırlanmışdır. Dərsliklərin nəşri üçün 110 milyon manatlıq yardımla müstəqil Azərbaycanın ilk dövlət nəşriyyatı olan "Öyrətmən" (indiki Təhsil) nəşriyyatı yaradılmışdır. Eyni zamanda latın qrafikalı əlifbaya keçid gerçəkləşdirilmiş və dövlət idarələrində ondan intensiv istifadəyə başlanılmışdır.
Beynəlxalq əlaqələr və müqavilələr Azərbaycan BMT, ATƏT (ATƏM), İslam Konfransı Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatında bərabərhüquqlu dövlət kimi təmsil olunmağa başlamış, 2 mart 1992-ci ildə Azərbaycan BMT üzvü olmuş və BMT-nin Bakı nümayəndəliyi açılmışdır. Rusiya, Türkiyə, İran, Ukrayna, Gürcüstan, Moldova, Qazaxıstan və Türkmənistanla əməkdaşlıq sazişləri imzalanmış, Belçika, ABŞ, Almaniya, İsrail, Misir, Pakistan və İngiltərə və digərləri ilə əlaqələrə zəmin yaradılmışdır.
Prezident Əbülfəz Elçibəy bir sıra xarici səfərlər zamanı 1992-ci ilin iyununda Qara Dəniz İqtisasi Əməkdaşlıq Sazişi və "Bosfor bəyanatı"nı, iyulunda isə Helsinki Müşavirəsinin Yekun aktını və "Avropada adi silahların məhdudlaşdırılması haqqında müqavilə"ni imzalamışdır. right|thumb|275px|Marqaret Tetçer Əbülfəz Elçibəy ilə