Arif Əliabbas oğlu Salahov () — artilleriya general-mayoru, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ilk 4 zabitindən biri olmuşdur.

Həyatı Arif Salahov 18 avqust 1937-ci ildə Abşeron rayonunun Digah kəndində anadan olmuşdur. 1955-ci ildə 106 nömrəli orta məktəbi bitirmişdir.

Arif Salahov 25 mart 2006-cı il tarixində Bakı şəhərində vəfat etmişdir.

Hərbi xidməti

SSRİ Silahlı Qüvvələrində 1956-cı il 26 oktyabr tarixində SSRİ Silahlı Qüvvələrinə çağırılmışdır. 1956–1958-ci illərdə Leninqrad hərbi dairəsinin Lomonosov şəhərində yerləşən təlim tank alayında xidmət etmişdir.

1958–1961-ci illərdə Tula Hərbi Artilleriya Məktəbində təhsil almış və leytenant rütbəsi ilə məzun olmuşdur. Daha sonra 1961–1965-ci illərdə Tiraspol şəhərindəki 59-cu motoatıcı diviziyada taqım komandiri kimi fəaliyyət göstərmişdir.

1965–1970-ci illərdə Penza Ali Mühəndis-Artilleriya Məktəbində təhsilini davam etdirmişdir. Məktəbi bitirdikdən sonra Almaniya Demokratik Respublikasının Stendal şəhərində yerləşən 207-ci motoatıcı diviziyaya göndərilmiş və burada müxtəlif artilleriya və qərargah vəzifələrində xidmət etmişdir.

1975–1985-ci illər ərzində Zaqafqaziya, Lənkəran, Kirovabad və Bakı şəhərlərində yerləşən müxtəlif hərbi hissələrdə artilleriya alay və divizionlarının komandiri, qərargah rəisi vəzifələrində xidmət etmişdir. 1986–1990-cı illərdə 4-cü Ordu Qərargah rəisinin müavini – Təşkilat-Səfərbərlik şöbəsinin rəisi olmuşdur.

1990-cı ilin mayında SSRİ Silahlı Qüvvələrindən tərxis olunmuşdur.

Azərbaycan Silahlı Qüvvələrində 1991-ci ilin oktyabrında Azərbaycan Silahlı Qüvvələrinə qəbul edilmişdir. 1992-ci ilin yanvar ayının 30-dək Artilleriya və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı vəzifəsində çalışmışdır.

1992–1993-cü illərdə 922 nömrəli artilleriya briqadasının komandiri olmuş, Ağdam-Füzuli istiqamətlərindəki döyüşlərdə iştirak etmişdir. 1993-cü ilin iyun–noyabr aylarında 3-cü Ordu Korpusunun komandiri kimi Tərtər istiqamətində döyüşlərə rəhbərlik etmişdir.

1993–1995-ci illərdə Müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini vəzifəsini icra etmiş, Beyləqan-Füzuli-Horadiz istiqamətindəki döyüşlərdə iştirak etmişdir. Daha sonra 1995–1998-ci illərdə Silahlı Qüvvələrin Baş Müfəttişi, 1998–2006-cı illərdə isə 109 nömrəli hərbi hissənin artilleriya rəisi vəzifəsində xidmət etmişdir.

Hərbi rütbələri

Leytenant — 22 avqust 1961 Baş leytenant — 19 oktyabr 1964 Kapitan — 24 yanvar 1970 Mayor — 26 aprel 1974 Podpolkovnik — 21 iyul 1978 Polkovnik — 12 sentyabr 1983

General-mayor — 21 aprel 1994 (Azərbaycan Respublikası Prezidentinin 134 nömrəli Fərmanı ilə)

Təltifləri

"Azərbaycan Bayrağı" ordeni — 2005

Digər çoxsaylı SSRİ və Azərbaycan Respublikası medalları

İstinadlar

Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar