Əhmədbəyli — Azərbaycan Respublikasının Füzuli rayonunun Əhmədbəyli kənd inzibati ərazi dairəsində kənd.
Tarixi 1823-cü il tarixli "Qarabağ vilayətinin təsviri" ("Описание Карабагской провинции") adlı mənbədə Xırdapara-Dizak (mənbədə "Хурдапара-Дизах") mahalının müsəlmanların (mənbədə — tatarların) yaşadığı Əhmədbəyli (mənbədə "Ахматбеглы") kəndində 2 tüstünün olduğu göstərilib.
"1886-cı il tarixli ailə siyahılarından çıxarış edilmiş Zaqafqaziye diyarının əhalisi haqqında statistik məlumatlar icmalı"na əsasən Yelizavetpol quberniyasının Cəbrayıl mahalının Qarakel kənd dairəsinin (mənbədə: "Каракеллинского сельского округа") Əhmədbəyli (mənbədə: "Ахмедбеклу ") kəndində 4 tüstü var imiş və burada şiyə mənsəbinə mənsub 20 azərbaycanlı (mənbədə: tatar) yaşayır, bütün şəxslər bəy ailələrinə mənsub imiş.
1915-ci il tarixli "Qafqaz təqvimi"nə əsasən Karyagin mahalının Əhmədbəyli (mənbədə: "Ахмедбеклу") kəndində 42 nəfərin, əsasən azərbaycanlıların (mənbədə: "tatarlar") yaşadığı göstərilmişdir.
Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 1994-cü il yanvar ayında Azərbaycan ordusunun həyata keçirdiyi Horadiz əməliyyatı nəticəsində işğaldan azad olunmuş, sonra Əhmədbəyli kəndində yenidən kənd məktəbi tikilmiş, general Məhəmməd Əsədovun adı verilmişdir.
1999-cu ildə "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunla Əhmədbəyli və İkinci Mahmudlu kəndlərini əhatə edən Füzuli rayonunun Əhmədbəyli bələdiyyəsi təşkil edilib.
2013-cü ildə kənd qazlaşdırılmışdır. Sonralar Adliyyə Nazirliyinin Füzuli Qeydiyyat İdarəsi və Füzuli notariat ofisi Əhmədbəylidə yerləşdirilmişdir.
İkinci Qarabağ müharibəsi gedişatında "Azərenerji" ASC tərəfindən işğaldan azad olnan Füzuli, Xocavənd və Cəbrayıl ərazilərinə elektrik enerjisi Əhmədbəyli qovşağından çəkilmişdir.
17.11.2020-ci il tarixli 2297 nömrəli Sərəncama əsasən "Zəfər yolu" kimi tanınan, uzunluğu 101.5 km, eni 37.7 metr olan Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisinə başladığı elan edilmişdir.
Toponimikası Köndələnçayın (Araz çayının qolu) sol sahilində, düzənlikdədir. Kənd Əhməd adlı bəyin adı ilə adlandırılmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Füzuli rayonunun yaşayış məntəqələrində subartezian quyularının qazılması nəzərdə tutulmuşdur. Sərəncama əlavə edilmiş siyahıda Əhmədbəyli kəndi üçün 4 subartezian quyusunun qazılması və həmin quyulardan 1263 nəfərin faydalanmasının nəzərdə tutulduğu göstərilmişdir.
Həmçinin bax Füzuli rayonunun Əhmədbəyli bələdiyyəsi Füzuli rayonu
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti
Kateqoriya:Füzuli rayonunun kəndləri