Rza Məmmədrza oğlu İsmayılov () — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR meşə sənayesi naziri, Azərbaycan Kommunist Partiyası Yevlax Rayon Komitəsinin birinci katibi (1937–1939), Azərbaycan SSR Ali Sovetinin I və II çağırış deputatı.

Həyatı Rza Məmmədrza oğlu İsmayılov 1911-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1929-cu ildə Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra Qala kəndində müəllimlik etmiş və bir neçə il xalq maarifi sistemində işləmişdir. Sonralar məsul partiya işinə göndərilmiş, 1937–1939-cu illərdə Azərbaycan Kommunist Partiyası Yevlax Rayon Komitəsinin birinci katibi olmuşdur.

1939-cu ildə Rza İsmayılov Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının fəhlə-kəndli milisi orqanlarında işləmiş, burada əvvəlcə XDİK Fəhlə-Kəndli Milis İdarəsi rəisinin müavini, sonra isə rəisi vəzifəsində çalışmışdır. 1941-ci ildə Rza İsmayılov Azərbaycan SSR xalq meşə sənayesi komissarının birinci müavini təyin edilmiş, az sonra isə meşə sənayesi naziri təsdiq olunmuşdur. Bu vəzifədə o, 1953-cü ilədək işləmişdir. Sonralar isə Rza İsmayılov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin məsul təşkilatçısı, Bakı ət kombinatının direktoru vəzifələrində çalışmışdır. 1960-cı ildən 1971-ci ilədək isə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Meşə Təsərrüfatı Komitəsi sistemində işləmişdir.

Rza İsmayılov 1932-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, Azərbaycan KP MK-nın üzvü, birinci və ikinci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. "Qırmızı əmək bayrağı" və "Şərəf nişanı" ordenləri, eləcə də SSRİ medalları ilə təltif edilmişdir. İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.

Rza İsmayılov 1973-cü ilin yanvar ayında vəfat etmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan SSR xalq komissarları və nazirləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin I çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin II çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Yevlax Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri