2023-cü ildə İranda dron hücumları — 2023-cü ildə, 28 yanvardan 29 yanvara keçən gecə İranda pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlar. Hadisə zamanı üç pilotsuz uçuş aparatı İsfahanda yerləşən sursat fabrikinə hücum etmişdir.

Zəmin Son bir neçə ildə İranın hərbi, nüvə və sənaye obyektləri ətrafında bir sıra partlayışlar və yanğınlar baş vermişdir. 2021-ci ildə İran İsraili onun əhəmiyyətli Nətəzn nüvə obyektini sabotaj etməkdə günahlandırmış, qisas alacağına söz vermişdir. İran hökuməti 2022-ci ilin iyulunda İsfahanda həssas müdafiə sənayesi mərkəzini partlatmağı planlaşdıran, İsrailə işlədiklərini iddia etdiyi kürd silahlılarından ibarət təxribat qrupunu həbs etdiyini bildirmişdir.

Hücum Azərbaycan və İran arasında yüksək gərginlik dövründə, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı şəxsin hücumundan, onun mühafizə rəisini öldürməsindən və iki nəfərin yaralanmasından bir gün sonra baş vermişdir.

İsfahanda partlayış 28 yanvar 2023-cü ildə, yerli vaxtla saat 23:30-da İran Müdafiə Nazirliyinin İsfahan şəhərindəki sursat fabrikinə üç pilotsuz təyyarənin hücumu nəticəsində böyük partlayış baş vermişdir. Nazirlik binalara dəymiş ziyanın az olduğunu açıqlamışdır. Məlumata görə, partlayış İsfahanın İmam Xomeyni küçəsində baş tutmuşdur. Bundan başqa, nazirlik üç pilotsuz uçuş aparatının vurulduğu və hücumun uğursuz alındığı bildirmişdir. Nazirlik hücumda şübhəli bilinən şəxs barədə məlumat verməmişdir. "The New York Times" nəşri qeyd etmişdir ki, İran bu hücumda rəsmi olaraq heç bir dövləti günahlandırmasa da, İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli "Telegram" kanalları İsraili günahlandırmışdır. Bəzi vətəndaşlar üç-dörd partlayış səsi eşitdiklərini bildiriblər.

Elə həmin gün Xoy şəhəri yaxınlığında zəlzələ baş vermişdir ki, bu da hədəflərin vurulduğuna görə, yoxsa zəlzələyə görə zərər çəkməsi ilə bağlı çaşqınlığa səbəb olmuşdur.

İstinadlar

Kateqoriya:İsfahan Kateqoriya:2023-cü ildə İran Kateqoriya:2023-cü ildəki partlayışlar Kateqoriya:İran–İsrail vasitəçilik münaqişəsi Kateqoriya:29 yanvardakı hadisələr