Adeval Uolli Adeyemo () — ABŞ-nin xəzinə katibinin müavini vəzifəsində çalışan Nigeriya əsilli amerikalı hökumət rəsmisi. O, Obama Fondunun ilk prezidentidir və Barak Obamanın prezidentliyi dövründə 2015–2016-cı illərdə beynəlxalq iqtisadiyyat üzrə milli təhlükəsizlik müşavirinin müavini və Milli İqtisadi Şuranın direktor müavini vəzifələrində çalışıb.

Həyatı Adeyemo Nigeriyanın İbadan şəhərində yoruba ailəsində anadan olub və Cənubi Kaliforniyada böyüyüb. Atası müəllim, anası tibb bacısı idi. Onun iki kiçik bacısı var. 1999-cu ildə Kaliforniyanın Rialto şəhərindəki Eyzenhauer Liseyini bitirdikdən sonra, 2004-cü ildə Berkli Kaliforniya Universitetində bakalavr dərəcəsi və 2009-cu ildə Yel Hüquq Məktəbində Yuris Doktoru dərəcəsi qazanmışdır.

Karyera Adeyemo 2004-cü ildə Con Kerrinin prezidentlik kampaniyası zamanı Afro-Amerikan təbliğat direktoru vəzifəsində çalışıb və San-Fransisko ofisində işləyib.

Obama Administrasiyası Adeyemo Obama administrasiyasına qoşulmazdan əvvəl Hamilton Layihəsində redaktor idi. O daha sonra ABŞ Xəzinədarlıq Departamentində Cek Lyu-nun baş məsləhətçisi və aparat rəhbərinin müavini vəzifəsində çalışıb. Daha sonra Trans-Sakit Okean Tərəfdaşlığı üzrə danışıqlar aparan məsul şəxs kimi fəaliyyət göstərib. O, həmçinin Elizabet Vorrenin rəhbərliyi altında İstehlakçıların Maliyyə Müdafiəsi Bürosunun ilk rəhbəri kimi çalışıb.

2014-cü ilin noyabrında Adeyemo xəzinədarlıq katibinin beynəlxalq bazarlar və inkişaf üzrə müavini vəzifəsinə, hazırkı katibin müavini Marisa Laqo isə ABŞ ticarət nümayəndəsinin müavini vəzifəsinə namizəd göstərildi. O, 2015-ci ilin sentyabrında Senatın Bankçılıq, Mənzil və Şəhər İşləri Komitəsinin önünə çıxdı, lakin komitə onun namizədliyini bütün Senata təqdim etmədi və namizədlik 2015-ci ilin dekabrında prezident Obama tərəfindən geri götürüldü. Adeyemo bunun əvəzinə 2015-ci ildə beynəlxalq iqtisadiyyat üzrə milli təhlükəsizlik müşavirinin müavini və Milli İqtisadi Şuranın direktor müavini seçildi və 2016-cı ilə qədər vəzifədə qaldı. İşlədiyi müddətdə o, Prezidentin G7 və G20-nin nümayəndəsi idi və Xəzinədarlıq Departamentində baş məsləhətçi və baş direktorun müavini və Trans-Sakit Okean Tərəfdaşlığının makroiqtisadi siyasət müddəaları üzrə baş müzakirəçi də daxil olmaqla müxtəlif yüksək səviyyəli rəhbər vəzifələrdə çalışıb.

Qeyri-hökumət Adeyemo 2017-ci ildən başlayaraq iki il BlackRock-da baş məsləhətçi olub və əvvəllər firmanın CEO-su Laurens D. Finkin müvəqqəti aparat rəhbəri vəzifəsində çalışıb. O 1 avqust 2019-cu ildə Obama Fondunun ilk prezidenti seçilib.

Bayden Administrasiyası 2020-ci ilin noyabr ayında Adeyemonun Bayden Administrasiyasında ABŞ maliyyə nazirinin müavini vəzifəsinə namizəd göstəriləcəyi açıqlandı. 20 yanvar 2021-ci ildə namizədliyi təsdiq üçün Senata təqdim edildi. 23 fevral 2021-ci ildə Senatın Maliyyə Komitəsində dinləmə keçirildi. 3 mart 2021-ci ildə komitədən səsvermə yolu ilə məruzə edilmiş və 25 mart 2021-ci ildə Senat tərəfindən səsli səsvermə ilə təsdiq edilmişdir. 26 mart 2021-ci ildə nazir Canet Yellen tərəfindən and içizdirilərək vəzifəyə başladı. Nazir müavini Adeyemo 2022-ci ildə sanksiyaların tətbiqi ilə ciddi məşğul olub, əməkdaşlığı inkişaf etdirmək üçün xarici tənzimləyicilərlə görüş keçirib və onlarla əlaqəyə keçib.

İstinadlar