Yusif bəy İbrahimli () ― azərbaycanlı siyasətçi, Müsavat Partiyasının Mərkəzi Komitəsinin katibi.
Həyatı Yusif Ağaqulu oğlu İbrahimli 1883-cü ildə Bakının Keşlə kəndində anadan olub. Mollaxanada və mədrəsədə təhsil alaraq burada türk, ərəb, fars və rus dillərini öyrənib. 1900-cü ildə Bakıda açılmış Politexnik Sənaye məktəbini bitirib. Əvvəlcə Mantaşovun daha sonra isə Şibayevin neft emalı zavodlarında fəaliyyət göstərib. Tezliklə burada mühəndis operator vəzifəsinə yüksəlib.
1911-ci ildə Bakıda gizli şəkildə qurulmuş Müsavat partiyasının ilk üzvlərindən olub. 1913-cü ildə Məmməd Əmin Rəsulzadə Bakıya geri qayıtdıqdan sonra Müsavat partiyasının mərkəzi komitəsinin sədri seçilir. Yusif bəy İbrahimli isə Müsavat Partiyası mərkəzi komitəsinin katibi olur.
1917-ci il oktyabrın 26–31-ə qədər Bakıda, "İsmailiyyə" binasında keçirilmiş Müsavat partiyasının ilk qurultayında və 1919-cu il dekabrın 2-dən 12-dək davam edən Müsavat partiyasının II qurultayında iştirak edib.
Aprel işğalından sonra 1920-ci il may ayında Nəsib bəy Yusifbəyli ilə birlikdə Gürcüstana getmək üçün Bakıdan yola çıxıblar. Yevlaxda ayrılaraq hərəsi fərqli istiqamətlərdə Gürcüstana doğru yol alıblar. Yusif bəy İbrahimli Sığnaq qəzasında naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb. Ehtimallara görə o da Nəsib bəy Yusifbəyli kimi bolşeviklər tərəfindən öldürülüb.
Ailəsi
Yusif bəy İbrahimlinin dörd qardaşı, bir bacısı olub. Kiçik qardaşı Bəhram 1918-ci ildə Mart soyqırımında ermənilər tərəfindən öldürülüb. 1937-ci ildə qardaşı Sabit İbrahimli, əmiləri və əmisi uşaqları sürgün olunublar.
1912-ci ildə Ziba Əmrah qızı ilə ailə qurub. Bu evlilikdən iki qızı və bir oğlu olub. Həyat yoldaşı Ziba Əmrah qızı 1960-cı ildə dünyasını dəyişib
Xatirəsi Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Bakıdakı Çiçerin küçəsinin adı dəyişdirilərək Yusif bəy İbrahimli küçəsi adlandırılıb və burada onun barelyefi quraşdırılıb.
Mənbə
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər Tanış olun — Yusif bəy İbrahimli
Kateqoriya:Müsavat Partiyasının üzvləri Kateqoriya:Güllələnənlər Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin siyasətçiləri