Yaqub Bala oğlu Qədimov (20 aprel 1917, Bakı — 1983, Bakı) ― texnika üzrə elmlər doktoru (1962), professor (1962), AMEA-nın müxbir üzvü(1968). Həyatı Yaqub Qədimov 20 aprel 1917-ci ildə Bakı şəhərində anadan olub. 1941-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirib.
Əmək fəaliyyəti Yaqub Qədimov 1941-1942-ci illərdə "Azneft"də mühəndis, 1942-1943-cü illərdə sovet ordu sıralarında zabit, 1943-1945-ci illərdə "Azneft"də mühəndis kimi fəaliyyət göstərib. O, 1945-1964-cü illərdə AMEA Energetika İnstitutunda aspirant, elmi işçi, laboratoriya müdiri olub. 1964-cü ildən isə Azərbaycan Texniki Universitetində kafedra müdiri vəzifəsində çalışıb.
Elmi fəaliyyəti Yaqub Qədimov 1948-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1962-ci ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini, 1962-ci ildə professor elmi adını alıb. 1968-ci ildə isə AMEA-nın müxbir üzvü seçilib. Alimin 200-dən artıq elmi işin, monoqrafiyanın və ixtiranın müəllifidir.
Yaqub Qədimovun elmi yaradıcılığının əsas istiqaməti əsasən neft sənayesində texnoloji proseslərin avtomatlaşdırlmış idarəetmə sistemlərinin işlənməsinə həsr olunub. O, paylanmış parametrli sistemlərin idərə edilməsində bu sistemlərin impulslu sistemlərə gətirilməsi və diskret Laplas çevirmələrinin tətbiqi əsasında yeni səmərəli üsul işləmiş, paylanmış parametrli sistemlərin elementlərinin analoq modellərini, paylanmış parametrli dinamik sistemlərin hesabatı kadastrını tərtib edib. Quyuların qazılması prosesində elektromaqnitli mufta və tormozlu elektronəqllərin idarəedilməsinin avtomatlaşdırılması, neft-qaz kəmərlərində elektronəqllərin texnoloji parametrlərinin idərəedilməsinin avtomatlaşdırılmasının bir sıra nəzəri və tətbiqi problemlərini həll edib.
Ölümü Yaqub Qədimov 1983-cü ildə Bakıda vəfat edib.
Mükafatları Yaqub Qədimov "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilib.
İstinadlar