İsgəndər İmanverdi oğlu Allahverdiyev () — Azərbaycan hərbi xadimi, general-mayor (1992), Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsinin sədri (1991–1992), Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini və Sərhəd Qoşunlarının ilk komandanı (1992–1994).
Həyatı İsgəndər İmanverdi oğlu Allahverdiyev 1947-ci il fevralın 11-də Bakıda anadan olmuşdur.
16 dekabr 1991-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsi yaradılarkən İsgəndər Allahverdiyev bu komitənin sədri təyin edilmişdir. 8 oktyabr 1992-ci ildə ona general-mayor ali hərbi rütbəsi verilmişdir.
9 noyabr 1992-ci ildə Dövlət Sərhədini Mühafizə Komitəsi Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin tərkibinə verildikdə İsgəndər Allahverdiyev milli təhlükəsizlik nazirinin müavini — Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları İdarəsinin rəisi, eyni zamanda Sərhəd Qoşunlarının komandanı vəzifəsinə keçirilmişdir. 7 aprel 1994-cü ildə isə vəzifəsindən azad edilmişdir.
İsgəndər Allahverdiyev sonralar Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəis müavini işləmişdir. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü olmuşdur.
İsgəndər Allahverdiyev 27 mart 2002-ci ildə "Azərbaycan Bayrağı" ordeni ilə, 27 mart 2006-cı ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunmuş, SSRİ və Azərbaycanın bir sıra yubiley medallarına layiq görülmüşdür.
2026-cı ilin sentyabrında vəfat edib. Hərbi Memorial Məzarlıqda dəfn edilib.
İstinadlar
Kateqoriya:Dövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan) Kateqoriya:Azərbaycan sərhədçiləri