Məcməül-Xəvas - Sadiq bəy Əfşarın Çağatay türkcəsində yazdığı təzkirə əsəri. Ərəbcə “möhtərəm insanların toplaşdığı yer” mənasını verən “Məcməül-Xəvas” adlanan təzkirə müqəddimə, 8 fəsil və xətimədən ibarətdir. Sadıq bəy Əfşarın təzkirəsi Özbək şairi Əlişir Nəvayinin “Məcalisün-Nəfayis” adlı əsəri ilə həm üslub həm dil baxımından oxşarlıq göstərsə də, ondan fərqli olaraq burada fəsillər “məclis” yox “məcmuə” adlanır. Ümumilikdə 11 nüsxəsi olan əsər ilk dəfə hicri 1327/ 1948-ci ildə Təbriz Universitetinin müəllimlərindən biri olan Əbdür-Rəsul Xəyyampur tərəfindən fars dilinə tərcümə edilmiş, orijinal türkcə mətni ilə birlikdə çap edilmişdir. Bu nəşrdə əsərdəki türkcə şeir nümunələri tərcümə olunmayıb. “Məcməül-Xəvas”ın ikinci tərcüməsi məşhur Azərbaycan filoloqu Əkrəm Bağırovun Bakıda nəşr etdirdiyi kitabdır. Bu araşdırmada Təbriz Milli Kitabxanasındakı külliyyat nüsxəsi (Külliyyat-ı Sadiqi-i Əfşar) əsas götürülmüş və sözügedən nüsxə Xəyyampurun Təbrizdə nəşr olunmuş kitabı ilə müqayisə edilərək müqayisəli mətn kimi oxucuya təqdim edilmişdir. Əsərin yalnız tərcüməyi-hal hissələri müəllif tərəfindən Azərbaycan türkcəsinə çevrilmiş, türk və fars şeir nümunələri isə Azərbaycan-latın əlifbasına köçürülmüşdür.
Müəllifi Görkəmli Azərbaycan şairi, xəttatı, rəssam-naqqaşı, musiqi-şünası Sadiq bəy Əfşar həm də təzkirəçi idi. Sadiq bəy Əfşar hicri 940-cı ildə (miladi 1533-1534) Səfəvi dövlətinin paytaxtı Təbriz şəhərinin Vicuyə (Vərci) məhəllləsində anadan olmuşdur. Əsl adı Sadiqdir. Sadiqi isə təxəllüsüdür. Mənbələrdə bəzən Sadiqi Geylani, Sadiqi Kitabdar, Sadiq bəy Sadiqi adlarına da rast gəlmək mümkündür. İsgəndər bəy Münşi və Qazi Əhməd Qumi əsərlərində ondan Sadiq bəy Əfşar kimi bəhs edirlər. Babası Sadiq bəy türk xudabəndəli elindən olub, eli ilə birlikdə Şah İsmayıl zamanından Şamdan Azərbaycana gəlib yerləşmişdi.Lütfəli bəy Azər və Şəmsəddin Sami Sadiqinin əfşar tayfasına mənsub olduğunu yazırlar. Sadiq bəy külliyyatının əvvəlində öz mənşəyi barədə məlumat verib.
Sadiq bəy uşaqlıq və gənclik illərində dövrün tanınmış alim və sənətkarlarının şagirdi olmuşdu. Atasının ölümündən sonra el-obasını tərk edərək qələndər və dərvişlərə qoşulur. Müəllif “Məcməül-Xəvas” əsərində həyatı barədə bir sıra məlumatlar vermişdir. Müəllifin verdiyi məlumatlardan anlaşılır ki, o qələndərilər ilə yaşadığı illərdə Hələb, Bağdad, Nəcəf, Kərbala, Gilan, Lahican, Astrabad, Həmədan kimi bir sıra Səfəvi və Osmanlı şəhərlərini gəzmişdir. Məsələn əsərində Anadolunu şeir üstadı kimi bəhs etdiyi Baki ilə yaxşı bir dostluq münasibəti qurmuşdu. Baki 1556-1560-cı illərdə Hələbdə qazi naibi kimi çalışdığı üçün, Sadiq bəyin məhz bu illər ərzində Hələbə səfər etdiyi düşünülür. O əsərində Bağdadda Qivaməddin Bağdadi ilə, Nəcəf və Kərabalada isə Qılınc bəy ilə görüşündən bəhs etmişdir. Sadiqinin bu şəhərlərdə nə qədər yaşadığı bilinmir. İsgəndər bəy Münşi yazır ki, Həmədan hakimi Əmir Xan Sadiq bəy Sadiq bəyi qələndər və dərvişlərdən uzaqlaşdırıb öz himayəsinə götürür.
II Şah İsmayılın dövründə sarayda kitabxanaçılıq xidmətinə başlamış, I Şah Abbas dövründə kitabdar vəzifəsinə təyin olunmuşdur. Nəvaişünas C.Nağıyeva yazır:
“Saray kitabxanasında Sadiqi Nəvainin əsərlərini mütaliə edərək, əsərlərini nəstəliq xətti ilə köçürüb, onların bədii cəhətlərini müəyyənləşdirib tərtib edərək, Nəvai sənətinə, onun əsərlərinə vurulmuş və çağatay dilini öyrənmişdir.”
1581-ci ildə Astarabad döyüşündə hələ də cəsur döyüşçü olduğunu sübut edən Sadiq bəy, döyüşdən sonra Yəzdə gedərək bir müddət Xacə Qiyas-ı Nəqşbəndin yanında işləyir. Sadiqinin naqqaşlıq və rəssamlıq sahəsində də böyük xidmətləri olmuşdur. İsgəndər bəy Münşi Sadiqini rəssamlığından danışarkən onu əvəzsiz müsəvvir, iti qələmli rəssam adlandırır. Sadiqinin rəssamlığından bəhs edən Rocer Savori yazır:
“Saray kitabdarı kimi böyük bir vəzifəyə ucalmış aqressiv və çılğın dahi olan Sadiq bəy Əfşar rəssamlıqda heyrətamiz realizm nümayiş etdirirdi ki, bu da Səfəvi incəsənətində yeni bir yolun əsasını qoymuş və XVII və XVIII əsrlərdə realizmin yüksəlməsinə gətirib çıxarmışdı.”
1587-ci ildə I Şah Abbas taxta çıxdıqdan sonra Qəzvinə qayıdan Sadiq bəyə tezliklə yenidən kitabdar vəzifəsi verildi. Həmin illərdə Sadiqinin xəttat Əli Rıza Təbrizi ilə yaşadığı rəqabətə diqqət çəkən Qazıyev, Sadiqinin bu vəzifəni 1592-1598-ci illər arasında yerinə yetirdiyini bildirir. Səfəvi tarixçilərindən Cəlaləddin Məhəmməd Yəzdi “Tarix-i Abbasi” adlı əsərində Sadiq bəyin 1598-ci ildə kitabdar vəzifəsində olmadığını qeyd edir. Lakin onun ömrünün sonuna kimi məvacib almağa davam etdiyi qeyd olunur. Cambridge history of Iran adlı əsərin Teymurilər və Səfəvilər dövrlərindən bəhs edən altıncı cildində Sadiq Bəy Əfşarın kitabdar təyin olunduğu tarix hicri 995-ci il (miladi 1587) kimi göstərilir.
Türkcə yazdığı məktublardan ömrünün son illərində xəstə olduğu anlaşılan şairin ölüm tarixi tarixşünaslıqda müzakirə məsələsidir. Məşhur sənətşünas alim Adil Qazıyev, rəssamın 1020/1612-1024/1616 illər arasında vəfat etdiyini bildirmiş, bir neçə il sonra nəşr etdiyi ikinci araşdırmasında yeni tədqiqatlar nəticəsində bu tarixin 1002/1594-cü il olduğunu qeyd etmişdir. M. Muradova özünün "Sadiq bəy Sadiqinin təvəllüdü və ölümü haqqında" adlı məqaləsində şairin günümüzə qədər çatmış əsərlərindəki tərcümeyi-hal səciyyəli qısa məlumatına əsasən, şairin 1609-cu ildə 77 yaşında vəfat etdiyini yazmışdır. Valih-i Dağistaninin tərcümeyi-hallarında "Riyazüş-Şüarə" adlı əsərindəki məlumatlara əsaslanan bütün tədiqatlarda Sadiqinin vəfat tarixi 1018/1609-10-cu il kimi göstərilib. Lakin onun təxminən hicri 1022/1614-cü ildə vəfat etdiyini bildirən Taqi Övhədinin yazdığı “Ərəfatü’l-Arifin” kimi mənbələr də vardır.
Tədqiqi Sadiq bəy Əfşar kitabdar vəzifəsindən getdikdən sonra xəlvətə çəkilərək 1010/1602-ci ildə külliyyatını tamamlamışdır. Müəllif nüsxəsi Təbriz Milli Kitabxanasında 3616 nömrədə mühafizə edilən küliiyat şairin mənzum və mənsur şəkildə qələmə aldığı əsərlərdən ibarətdir. Bu əlyazmaya daxil olan əsərlər sonradan yazılaraq əlavə edilmiş mündəricatda aşağıdakı kimi təqdim edilir:
Qəsidələr (Zübtədül-kəlam) Qəzəllər Müxtəlif şeirlər Şairlərin təzkirəsi (Məcməül-xəvas) Rübailər Məqalə və mənzum hekayələr Şairlər adına deyilmiş müəmmalar “Fəthnamə” məsnəvisi Şairlər təzkirəsinin ardı Türk dilində yazılmış qəsidə və qəzəllər Feyzi şeirləri haqqında risalə “Qanunüs-süvər” - rəssamlıq haqqında risalə “Həzziyat” risaləsi Mərsiyə və tərkibənd Tərkibbənd - əlifba sırası ilə Tərcibənd Heydərinin həcvi Münşəat - türk və fars dillərində Fələkdən şikayət və Məhəmməd bəy Məzaqinin həcvi Müxtəlif həcvlər
Məcməül-Xəvas külliyyata daxil olan əsərlərdən 4-cüsü və ən əhəmiyyətlisi hesab edilir. Çağatay türkcəsində tərtib edilən ikinci təzkirə hesab edilən əsər I Şah İsmayıl dövründən qələmə alındığı ilə kimi yaşayıb-yaratmış fars, türk əsilli şairlərdən bəhs edir.
Məcməül-Xəvas əsərinin yazılma tarixi ilə bağlı müxtəlif fikirlər mövcuddur. İsmayıl Hikmət Ərtaylan “Azərbaycan ədəbiyyatı tarixi” kitabında əsərin hicri 1007/1598- ci ildə yazıldığını qeyd etmişdir. Azərbaycan alimi Məntiqə Muradova da Ərtaylanın fikri ilə razılaşır. Başqa bir türk alim Haluk İpəkdən isə təzkirənin Sadiqi tərəfindən 1016 /1607-1608-ci illərdə, külliyyatını tərtib edərkən, tamamlanıb məcmuəyə daxil edildiyini bildirir. Alim buna sübut kimi, İstanbul Universiteti Kitabxanasında saxlanılan və köçürülmə tarixi 1016/1607 -1608 olan, əsərin ən qədim əlyazma nüsxəsini göstərir. Məhəmmədəli Tərbiyət isə Sadiqinin 1010/1602-ci ildə İsfahanda əsərlərini bir araya topladığını və məcmuənin müqəddiməsində öz həyatı haqqında məlumat verdiyini bildirir. Əhməd Qartal Haluk İpəkdənin bəhs etdiyi əlyazmanın köçürmə tarixinin qeyd olunduğu qitəyə əsaslanaraq, qitənin Osmanlı türkcəsində yazıldığı üçün başqa nüsxədən köçürülmə olduğunu, buna görə də təzkirənin 1607- 1608-ci illərdən əvvəl yazıldığını bildirir. Sadiq bəyin təzkirəsini tərtibləmək üçün uzun illər ərzində məlumatlar toplamış Prof. Q.Kəndli Sadiqinin əsərini Məcməül-Xəvasa yazdığı müqəddiməyə əsasən Şah Abbasın gəncliyində və padşahlığının ilk dövründə yazıldığını bildirir:
Yüz şükr ki, bu təzkireyi-xeyri kəlam,
Bu şahi-cahan zamanında buldı tamam.
Ol ki, dəftərxaneyi-qədrində səbt etmiş adın,
Şahi-Abbas Əbülfəthi-Müzəffər giridar.
Bu şahənşahi-cavanbəxtin nihali-dövləti,
Gülşəni-iqbalü nüsrət icrə bulsun payidar
Quruluşu Məcməül-Xəvas təzkirəsi müqəddimə, 8 məcmə və xatimədən ibarətdir. Əsərin müqəddiməsində Sadiq bəy Əfşar özündən əvvəl təzkirə janrında əsərlər yaratmış orta əsl müəlliflərinin - Caminin “Baharistan”, Əlişir Nəvainin “Məcalisün-nəfais”, Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra” və Sam Mirzənin “Töhfeyi-Sami” təzkirələrinin adlarını çəkir və bu silsiləyə özünün də bir töhfə kimi Məcməül-Xəvas adlı bir təzkirə əlavə etdiyini və əsəri I Şah Abbas dövründə bitirdiyini qeyd edir.
fəsildə öz dövrünün şairlik istedadı olmuş müasir padşahlarından söz açır və onların əsərlərindən kiçik nümunələr verir. Burada 12 padşahın adı çəkilib. fəsil şahzadələr haqqındadır. Burada ümumilikdə 8 şahzadənin adına və əsərlərindən şeir nümunələrinə yer verilib. fəsil səltənət sütunu olan türklər haqqındadır. Burada 11 nəfər türk şairindən - Yusif bəy Çavuşlu, Məhəmməd bəy Əmani və başqalarından söz açılır. Yusif bəy Çavuşlunun təzkirədə nümunə kimi verilmiş 3 qəzəlindən biri London muzeyində mühafizə edilən OR-15398 nömrəli “Divan”ında yoxdur. Sadiq bəy onun haqqında yazır - “Şeir təbi Mövlana Füzuliyə yaxındır. Divanını onun rədif və qafiyələri bağlayıb.” Məhəmməd bəy Əmani haqqında isə yazır - “Özü türk, əməli saleh, işi ibadət, pisliklərdən uzaq bir insandır. Yezd hakimi olduğu vaxtlarda bəzən lütf edib yazdıqları şeirləri dinləmək üçün məni də məclislərinə çağırardı. Şeirlərindən feyz alırdım.” fəsil səltənət sütunu olan taciklər haqqındadır. Bu fəsildə 3 şairdən bəhs olunur. Fəsildə adı çəkilən şairlərdən biri Mirzə Hatəm bəydir. Təzkirəçi onun haqqında yazır Ordubadlıdır. Azərbaycana tabe olan kiçik bir qəsəbədir. Çox istedadlı və qüdrətlidir. İnşa və imlada və yazıçılıqda lazım olan türkcə və farsca istilahları yaxşı bilir. İnşa babında yazılmış az risalə və kitab tapılar ki, Mirzə onları mütaliə etməmiş olsun. fəsil səltənət sütunu olan türklərin və taciklərin böyük övladları haqqındadır. Bu fəsil 15 nəfəri əhatə edir. Şair şəxsən görüşdüyü insanlar və yaşadığı tarix haqqında maraqlı məlumatlar verir. fəsil Peyğəmbər nəslindən olan şairlər haqqındadır. Bu fəsil şairin öz müəllimi olan Mir Suni haqqında məlumatla başlayır. Ondan sonra 9 başqa şairdən söz açılır. Adı çəkilən şəxslər öz dövrünün tanınmış və görkəmli şəxsləri olmaqla yanaşı həm də şeir demişdirlər. Lakin şairliklə yanaşı onların başqa peşələri də varimiş. Məsələn Mir Əbu Turan Ələvi haqqında yazılır - “Həmədanda təbabətlə məşğul idi. Müalicəsi bir fayda gətiməsə də qədəmlərinin bərəkətindən xəstələri bir o qədər də tələfat vermirdilər.” Mir Cəzmi haqqında “Təbrizlidir. Öz vilayətində əttarlıqla məşğul olurdu.” Mir Cəfəri isə “Təbrizdə çəkmətikən idi. Qürur və himmətinin çoxluğundan şairliyi ar bilib öz sənəti ilə dolanır.” fəsilin əvvəlində yazır “Türk, fars və ərəb dillərində söz demək qüdrətinə malik olub, ərəb və əcəmdə şöhrət tapmış türk şairləri haqqında..” Bu fəsil böyük Azərbaycan şairi Məhəmməd Füzuli ilə açılır. Onun bu fəsildə Füzuli haqqında verdiyi məlumatlar şair haqqında ən etibarlı mənbələrdən hesab edilir. fəsil təzkirənin ən böyük fəslidir. Əcəmin müasir fəsahət və bəlağət sahibləri haqqında olan bu fəsil 222 şairi əhatə etməklə müəllifin müasiri olduğu onlarla yeni adlar, o cümlədən azərbaycanlı şairlər haqqında məlumat verir.
Məzmunu Əsərin dili olduqca yalın və sadədir. Əsərdə türkcə söz və ifadələrdən başqa ərəb və fars dillərində sözlərə də yer verilib.
Şairlərin həyatı haqqında faktlar