Vüqar Həmidulla oğlu Rəhimov (; ) — Azərbaycan əsilli Ukrayna güləşçisi, Avropa çempionatının gümüş və ikiqat bürünc mükafatçısı. 2012-ci il London Yay Olimpiya Oyunlarının iştirakçısı. Ukraynanın beynəlxalq dərəcəli idman ustası.
Karyerası Vüqar Rəhimov 5 fevral 1986-cı ildə Bakı şəhərində anadan olub. Atası fabrikdə, anası isə uşaq bağçasında tərbiyəçi işləyirdi. Ailədə 4 uşaq olublar — 3 qardaş, 1 bacı.
Vüqarda güləşə sevgi bu idman növü ilə məşğul olan böyük qardaşları — Atamoğlu və Rəhim (sonralar gənclər arasında yunan-Roma güləşi üzrə Ukrayna çempionu olub) sayəsində yaranıb. İdman zalına ilk dəfə 14 yaşında, Bakının Binə kəndində getmiş və burada qardaşları ilə birlikdə məşq etməyə başlamışdır.
2002-ci ildə yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Azərbaycan çempionu olub. Lakin buna baxmayaraq onu 50 kq çəki dərəcəsində yeniyetmələr arasında Avropa çempionatına aparmayıblar. Bu hadisədən sonra Nikolayev şəhərində yaşayan əmisinin dəvəti ilə Ukraynaya gedib. Bir il sonra, 2003-cü ildə isə Zaporojya şəhərinə köçüb və burada Yevgeni Çertkovun rəhbərliyi altında məşqlərə başlayıb.
2004 və 2005-ci illərdə gənclər arasında güləş üzrə Avropa çempionatlarında bürünc, 2006-cı ildə isə gümüş medal qazanıb.
Ukraynanı 55 kq çəki dərəcəsində yeddi dəfə (2005–2007, 2009–2011, 2013) dünya çempionatlarında, beş dəfə (2006–2007, 2009–2011) isə Avropa çempionatlarında təmsil edib. Dünya çempionatlarında ən yaxşı nəticəsi yeddinci yer (2006), Avropa çempionatlarında isə ikinci yer (2011) olub.
2012-ci ilin may ayında Helsinki şəhərində keçirilmiş güləş üzrə dünya Olimpiya təsnifat turnirində bütün rəqiblərinə qalib gələrək 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib. Olimpiya Oyunlarına təsnifat mərhələsindən başlayan Vüqar, ilk görüşündəcə çinli Li Şujinə məğlub olaraq mübarizəni dayandırıb.
2019-cu ildə Vüqar Rəhimov yunan-Roma güləşi üzrə Ukrayna yığmasına böyük məşqçi təyin edilib.
Şəxsi həyatı Zaporojye Milli Universitetinin bədən tərbiyəsi fakültəsində təhsil alıb. Müsəlmandır. İdmanda kumirləri Buvaysar Saytiyev və Fərid Mansurovdur.
2006-cı ildə ukraynalı xanım ilə ailə həyatı qurub. Nina adlı qızları var.
İstinadlar
Xarici keçidlər Vüqar Rəhimov Bakıda Avropa çempionatında. 2010-cu il
Kateqoriya:Ukrayna güləşçiləri Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:Ukrayna azərbaycanlıları