Şahzadə Alfred Ernest Albert (; ) — III Saksen-Koburq-Qota hersoqu.
Kraliça Viktoriya və Konsort-şahzadə Albertin ikinci oğludur. 1866-cı ildə Edinburq hersoqu təyin edildi. Ancaq Saksen-Koburq-Qota hersoqu olan əmisinin varisi olmadığı üçün bu hersoqluğun vəliəhdi oldu və əmisinin vəfatının ardından 1893-cü ildə Koburqda taxta çıxdı.
Həyatı 1844-cü ildə Vindzor qəsrində səhər saat 7:50 radələrində dünyaya gəldi. Anası Britaniya kraliçası Kraliça Viktoriya, atası isə şahzadə-konsort Saksen-Koburq-Zaafeldli Albertdir. 6 sentyabrda doğulduğu sarayda vəftiz edildi. Cütlüyün dördüncü övladı idi və doğulduğu əsnada böyük qardaşı Uels şahzadəsi Şahzadə Eduarddan sonra taxt sıralamasında ikinci yerdə idi. Qardaşı oğlu Şahzadə Albert Viktorun doğulduğu 1864-cü ilədək bu yerini qorudu. Ancaq qardaşının övladlarının doğumuyla taxt sıralamasındakı yeri gerilədi.
1856-cı ildə öz istəyilə Krallıq donanmasına qatıldı. 2 illik təlimin ardından keçdiyi imtahanla dənizçi zabit rütbəsi qazandı. 1862-ci ildə sürgün edilən Yunanıstan kralı Ottonun yerinə Yunan taxt-tacına dəvət edilsə də, anası Kraliça Viktoriyanın qəti etirazıyla bu planlar nəticəsiz qaldı. Belə ki, anası və yenicə vəfat edən atası onu, ata-baba torpaqları olan Saksen-Koburq-Qota taxt-tacı üçün varis seçmişdi. Beləcə, donanmadakı xidmətini davam etdirdi və 24 fevral 1863-cü ildə leytenant, 23 fevral 1866-cı ildə kapitan, 1867-ci ilin yanvarında isə komandir rütbəsi qazandı.
Anası Kraliça Viktoriyanın ad günü şənlikləri münasibətilə, 24 may 1866-cı ildə Edinburq hersoqu ünvanı qazandı. 8 iyunda isə Lordlar palatasındakı yerini aldı. Dünya səyahətinə çıxmaq məqsədilə 24 yanvar 1867-ci ildə Plimutdan yola düşdü. 7 iyunda Cəbəllüttariqdən ayrıldı və 24 iyulda Ümid burnuna, 24 avqustda Keyptauna, 31 oktyabrda isə cənubi Avstraliyaya çatdı.
Avstraliyaya rəsmi ziyarət edən ilk monarx ailəsi üzvü olan Şahzadə Alfred burada mərasimlə qarşılandı. Təxminən 5 ay davam edən Avstraliya səyahəti boyunca öz adını daşıyan bir çox dövlət qurumunun açılışında iştirak etdi. Onun ikinci Sidney səyahəti 12 mart 1868-ci ildə baş tutdu və bu səyahət əsnasında Henri O'Farrel tərəfindən planlanan sui-qəsdlə kürəyindən yaralandı. Yaxın məsafədən açılan atəşlə yaralanan Şahzadə Alfred 2 həftə boyunca burada yatılı müalicə olundu. Sui-qəsdçi isə dərhal ələ keçirildi və mühakimənin ardından 21 aprel 1868-ci ildə edam olundu.
Ardından evə qayıdan Şahzadə Alfred 17 aylıq səyahətin ardından 26 iyun 1868-ci ildə Solent boğazına daxil oldu. 1869-cu ildə Havay adalarını, Yeni Zelandiya və Yaponiyanı ziyarət etdi. 4 sentyabrda Tokioda gənc imperator Meyci tərəfindən qəbul edildi və Yaponiyaya rəsmi səfər edən ilk Avropalı şahzadə oldu. Onun növbəti səyahəti 1869-cu ilin dekabrında Hindistana, ertəsi il isə Şri-Lanka və Honkonqa oldu.
1862-ci ildə Kraliça Viktoriya böyük qızı Viktoriyaya yazdığı məktubunda oğlu Şahzadə Alfredi Danimarka kralı IX Kristianın qızı Şahzadə Daqmarla evləndirmək istədiyini yazırdı. Ancaq oğlunun Saksen-Koburq-Qota taxt-tacının varisi olması və bölgədə danlara olan nifrət səbəbilə, bu evlilik siyasi olaraq uyğun görülmədi. Digər gəlin namizədi isə çar I Nikolayın nəvəsi Olqa Konstantinovna oldu. Yenə anası Kraliça Viktoriyanın məktublarında yazdığına görə, Olqa Konstantinovnanın pravoslav olması səbəbilə bu təklif də nəticəsiz qaldı.
1868-ci ildə Darmştadtdakı bacısı Şahzadə Alisi ziyarəti əsnasında böyük knyaginya Mariya Aleksandrovna ilə tanış oldu. Rus çarı II Aleksandrın qızı olan Mariya Aleksandrovna bacısının əri Böyük Hesse hersoqu IV Lüdovikin bacısı qızı idi. 23 yanvar 1874-cü ildə Şahzadə Alfred Sankt-Peterburqdakı Qış sarayında Mariya Aleksandrovna ilə evləndi. Mərasimin ardından Londona yola düşən cütlük 12 martda şəhərə mərasimlə daxil oldu. Cütlüyün bu nigahdan 5 övladı doğuldu.
Alfred (1874-1899) Mariya (1875-1938) Viktoriya Melita (1876-1936) Aleksandra (1878-1942) Ölü doğulan bir oğlan uşağı (13 oktyabr 1879) Beatris (1884-1966)
Bir neçə il Maltada yaşadı və üçüncü övladı burada doğuldu. 30 dekabr 1878-ci ildə kontr-admiral, 18 oktyabr 1887-ci ildə admiral rütbəsinə yüksəldi. Əmisi Saksen-Koburq-Qota hersoqu II Ernstin varissiz ölümünün ardından 1893-cü ildə bütün taxt-tac haqqı Şahzadə Alfredə keçdi. Taxtın varisi olması səbəbilə ailəsiylə birlikdə 1889-cu ildə Koburqa köçmüşdü.
30 iyul 1900-cü ildə Koburqda vəfat etdi. Ölüm səbəbi boğaz xərçəngi olaraq elan edildi. Yeganə oğlu Alfred hələ onun sağlığında ikən vəfat etmişdi və bu səbəblə, taxt-tac onun qardaşı Şahzadə Leopoldun oğlu Karl Edvarda qaldı.
Qalereya
Mənbə
Ədəbiyyat
McKinlay, Brian The First Royal Tour, 1867–1868, (London: Robert Hale & Company, c1970, 1971) 200p. Reed, Charles Royal Tourists, Colonial Subjects, and the Making of a British World, (Manchester: Manchester University Press, 2016) Sandner, H., Das Haus Sachsen-Coburg und Gotha, (Coburg: Neue Presse, 2001). Van der Kiste, John, & Jordaan, Bee Dearest Affie, (Gloucester: Alan Sutton, 1984) Van der Kiste, John Alfred, (Stroud: Fonthill Media, 2013)
İstinadlar
Kateqoriya:XIX əsr Birləşmiş Krallıq şəxsləri Kateqoriya:Birləşmiş Krallıq şahzadələri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri