Viktoriya (; ) — Birləşmiş krallığın monarxı Kraliça Viktoriyanın qızı, Almaniya imperatriçası və Prussiya kraliçası.

Həyatı 21 noyabr 1840-cı ildə Böyük Britaniya və İrlandiya kraliçası Kraliça Viktoriyanın və Şahzadə-konsrot Şahzadə Albertin ilk övladı olaraq Bukingem sarayında dünyaya gəldi. 19 yanvar 1841-ci ildə monarxın yaşca ən böyük qızı kimi Monarxial şahzadə () ünvanı aldı. Qardaşı Şahzadə Eduardın həmin ilin noyabrındakı doğumunadək taxt-tacın yeganə varisi oldu. Valideynlərinin evlilik ildönümü olan 10 fevral 1841-ci ildə Bukingem sarayındakı taxt otağında vəftiz edildi. İlkin təlim-tərbiyəsi və sonrakı illərdə alacağı təhsil atası Şahzadə Albert tərəfindən tənzimləndi. Belə ki, hələ 18 aylıq ikən fransız dili, 4 yaşında ikən isə alman dili dərsləri almağa başladı. 6 yaşında etibarən isə aritmetika, tarix və coğrafiya, eləcə də atasından fəlsəfə və politika dərsləri aldı. Uşaqlarını ənənəvi saray həyatından uzaq tutmaq istəyən valideynləri tərəfindən Vayt adasındakı Osborn malikanəsi satın alındı və Viktoriyayla digər bacı-qardaşlarının uşaqlıq illəri əsasən burada keçdi.

Prussiya kralı III Fridrix Vilhelmin oğlu vəliəhd-şahzadə Vilhelm və xanımı Saksen-Veymar-Eisenaxlı Avqusta Kraliça Viktoriyanın Alman konfederasiyasındakı ən güclü müttəfiqlərindən biri idi. Üstəlik 1848 Berlin çevrilişinin ardından cütlük bir müddət siyasi mühacir kimi Londonda yaşadı. Cütlüyün sonrakı London səfəri isə 1851-ci ildə baş tutdu. Viktoriya və gələcək həyat yoldaşı Şahzadə Fridrix də məhz bu səfər əsnasında ilk dəfə tanış oldu. Bu tanışlıq əsnasında Viktoriya 11, Şahzadə Fridrix isə 19 yaşında idi. Berlin sarayında vəliəhdin rus çarının qızlarından biriylə evlənməsi gözlənilirdi. Buna baxmayaraq bəy namizədi daha sonra 1855-ci ildə təkbaşına Britaniya səfərinə yollandı. Bu dəfəki səfər əsnasında Balmoral qəsrində Kraliça Viktoriya tərəfindən qəbul edildi. Bu ziyarət əsnasında alınan evlilik təklifi, Şahzadə Viktoriyanın 17 yaşından sonra evlənməsi şərtiylə qəbul edildi. Cütlüyün nişanı 17 may 1856-cı ildə ictimaiyyətə elan edildi. Toy mərasimi isə 25 yanvar 1858-ci ildə Londondakı Sent-Ceyms sarayında baş tutdu.

Kraliça Viktoriyanın ən böyük qızının evlənərək Berlinə getməsi Berlin və London sarayları arasındakı məktublaşmanı artırdı. Hər həftə atasına məktub yazan Şahzadə Viktoriya bu məktublarda alman siyasi həyatı haqqında məlumatlar verirdi. Rus tərəfdarı və ingilis əleyhdarlığı ilə bilinən Berlin sarayına uyğunlaşması çətin oldu. İlk övladları Şahzadə Vilhelmin 1859-cu ildəki doğuşu problemli oldu. Olduqca təhlükəli keçən doğuşun ardından körpə təxminən 10 dəqiqə boyunca oksigensiz qaldı. Sonrakı illərdə bu onda bəzi nevroloji problemlərə və bundan qaynaqlanan xəstəliklərə səbəb oldu. Sonrakı illərdə cütlüyün ümumilikdə 8 övladı doğuldu.

II Vilhelm (27 yanvar 1859 – 4 iyun 1941) Şarlotta (24 iyul 1860 – 1 oktyabr 1919) Henri (14 avqust 1862 – 20 aprel 1929) Sigismund (15 sentyabr 1864 – 18 iyun 1866) Viktoriya (12 aprel 1866 – 13 noyabr 1929) Valdemar (10 fevral 1868 – 27 mart 1879) Sofiya (14 iyun 1870 – 13 yanvar 1932) Marqarita (22 aprel 1872 – 22 yanvar 1954)

1861-ci ildə Prussiya kralı IV Fridrix Vilhelm vəfat etdi və qaynatası I Vilhelm taxta çıxdı. Beləcə, əriylə birlikdə Prussiya taxt-tacının vəliəhdi oldular. Ancaq həmin ilin sonlarında atası Şahzadə Albert vəfat etdi. Atasıyla sıx və mehriban münasibəti olan Şahzadə Viktoriya və həyat yoldaşı vəliəhd-şahzadə Fridrix cənazə mərasimi üçün Londona yollandılar.

Vəliəhdlik dövrü boyunca həm Şahzadə Viktoriya, həm də həyat yoldaşı vəliəhd-şahzadə Fridrix müxalifət cəbhəsinin və baş nazir Otto fon Bismarkın əleyhdarlarının əsas simalarından biri oldu. Üstəlik, Bismarkın ölkəni 1864-cü ildə İkinci Şlezviq müharibəsinə daxil etməsi bu münasibətləri daha da kəskinləşdirdi. Belə ki, bu hərbi əməliyyat Danimarkaya qarşı aparılırdı. Şahzadə Viktoriyanın qardaşı və Britaniya taxt-tacının vəliəhdi Şahzadə Eduard isə Danimarka kralı IX Kristianın kürəkəni idi. Bütün bunlara baxmayaraq, Şahzadə Viktoriya vəliəhdi olduğu Prussiyanın müharibədəki qələbəsiylə fəxr etdi.

Həm İkinci Şlezviq müharibəsi, həm də Yeddihəftəlik müharibə və Fransa-Prussiya müharibəsinin ardından qazanılan qələbə həm Şahzadə Viktoriya, həm də həyat yoldaşı vəliəhd-şahzadə Fridrixin saraydakı nüfuzunu artırdı. Belə ki, həyat yoldaşı bütün bu hərbi əməliyyatlarda ön cəbhədə vuruşdu. Şahzadə Viktoriya arxa cəbhədə aparılan yardım və xeyriyyə işlərində yaxından iştirak etdi.

1887-ci ildə I Vilhelmin səhhəti ağırlaşdı və taxt-tacın əl dəyişəcəyi gözlənildi. Buna baxmayaraq Şahzadə Viktoriyanın həyat yoldaşı olan vəliəhd-şahzadə Fridrix də xəstə idi və boğazında xərçəng aşkarlanmışdı. Onun müalicəsi üçün cütlük 1887-ci ilin sentyabrında San-Remoya səyahət etdi. İmperatorun səhhətinin pis olduğu belə bir anda vəliəhdin ölkədən kənara səyahət etməsi isə, bir çox dövlət əyanı tərəfindən xoş qarşılanmadı. Ancaq onların bu səyahəti nəticəsiz qaldı. Noyabr ayında vəliəhd-şahzadə Fridrix danışıq qabiliyyətini tamamilə itirdi. Belə bir vəziyyətdə ikən qaynatası I Vilhelm 9 martda vəfat etdi və III Fridrix Alman imperatoru oldu. Viktoriya isə Alman imperatriçası ünvanı aldı.

Ancaq onların bu səltənəti yalnız 99 gün davam etdi. Belə ki, III Fridrix 15 iyun 1888-ci ildə saat 11:00 radələrində vəfat etdi. Taxt-tac isə böyük oğlu II Vilhelmə qaldı. Dul qalan Viktoriya oğlunun istəyilə Potsdam sarayından ayrıldı. 1898-ci ilin sonlarında süd vəzi xərçəngi diaqnozu qoyuldu. 5 avqust 1901-ci ildə vəfat etdi. Qalereya

Mənbə

Ədəbiyyat Jean Bérenger: Histoire de l'Empire des Habsbourg 1273–1918, Fayard 1990 Catherine Clay: Le roi, l'empereur et le tsar – Les trois cousins qui ont entraîné le monde dans la guerre, Librairie Académique Perrin (French translation), 2008 . Christopher Dobson (ed.): Chronicle of England, Chronique ed. (French translation), 1998. . Karin Feuerstein-Praßer: Die deutschen Kaiserinnen. 1871–1918. Piper Verlag, München 2005. . . . . . Wolfgang Mommsen: War der Kaiser an allem schuld – Wilhelm II. und die preußisch-deutschen Machteliten, Berlin, Ullstein ed, 2005 . Ponsonby, Sir Frederick (ed.), Letters of the Empress Frederick, London: Macmillan & Co., 1928. Ponsonby, Sir Frederick (Ed.), Briefe der Kaiserin Friedrich. Eingeleitet von Wilhelm II., Verlag für Kulturpolitik, Berlin 1929; [Letters of Empress Friedrich. Introduction by Wilhelm II] new edition: H. Knaur Verlag, München, . Wilfried Rogasch (Hrsg.): Victoria & Albert, Vicky & The Kaiser: ein Kapitel deutsch-englischer Familiengeschichte [Cat. of the Exhibition in the Deutsches Historisches Museum Berlin] Hatje Verlag, Ostfildern-Ruit 1997. .

. Kurt Tetzeli von Rosador and Arndt Mersmann (ed.): Queen Victoria – Ein biographisches Lesebuch aus ihren Briefen und Tagebüchern, Munich, Deutscher Taschenbuchverlag, 2001. . Thomas Weiberg: … wie immer Deine Dona. Verlobung und Hochzeit des letzten deutschen Kaiserpaares. Isensee-Verlag, Oldenburg 2007, .

İstinadlar

Kateqoriya:Hannover sülaləsi Kateqoriya:Süd vəzi xərçəngindən ölənlər Kateqoriya:Hohensollernlər Kateqoriya:XIX əsr Almaniya şəxsləri Kateqoriya:XIX əsr Birləşmiş Krallıq şəxsləri Kateqoriya:XX əsr Almaniya şəxsləri Kateqoriya:II Vilhelm Kateqoriya:İmperatriçalar Kateqoriya:İngiltərə tarixi Kateqoriya:İngiltərədə kral ailəsi Kateqoriya:Məktublar Kateqoriya:Vəliəhdlər