Kuru — Yeni Qvineyanın yüksək dağlarında Fore xalqı arasında baş verən nadir, sağalmaz, ölümcül neyrodegenerativ xəstəlikdir. Anormal qatlanmış zülalların (prionların) ötürülməsi nəticəsində yaranan, neyrodegenerasiya nəticəsində titrəmə və koordinasiya itkisi kimi əlamətlərlə nəticələnən transmissiv süngərvari ensefalopatiyanın (TSE) bir formasıdır. İlk dəfə XX əsrin əvvəllərində aşkar edilmişdir.
Kuru termini xəstəliyin klassik əlaməti olan bədən titrəyişlərinə görə kuriya və ya quria ("silkələmək") sözündən gəlir. Kuru sözünün mənası titrəmək deməkdir. Xəstəliyin əlamətlərindən biri olan patoloji gülmə tutmalarına görə gülmə xəstəliyi olaraq da tanınır. Müasir dövrdə kurunun Papuada, Yeni Qvineyanın Fore qəbiləsi arasında adamyeyənlik yolu ilə ötürüldüyünə inanılır. Ölən ailə üzvləri ənənəvi olaraq bişirilir və yeyilirdi ki, bu da mərhumun ruhunu azad etməyə kömək etdiyinə inanılırdı. Qadınlar və uşaqlar beyni (kişilər isə əzələli hissələri) yeyirdilər, bu orqan ən yüksək infeksion prion konsentrasiyasını özündə saxlayır və kuru xəstəliyinin yayılmasında mühüm rol oynayırdı. Buna görə də bu xəstəliyə qadınlar və uşaqlar arasında daha çox rast gəlinirdi.
Epidemiya çox güman ki, qəbilədəki bir insanda sporadik Kreysfeld-Yakob xəstəliyinin əmələ gəlməsi və həmin insanın ölümünə səbəb olması ilə başladı. Kəndlilər ölünün beynini yedilər və xəstəliyə yoluxdular. Bu ardıcıllıqla xəstəlik daha da çox yayılmağa davam etdi. Fore xalqı 1960-cı illərin əvvəllərində kuru xəstəliyinin endokannibalizm yolu ilə ötürüldüyü ilk dəfə irəli sürüldükdən, insan ətini yeməyi dayandırdıqdan sonra 10 ildən 50 ilə qədər uzanan uzun inkubasiya dövrü səbəbiylə xəstəlik özünü göstərməyə davam edirdi. Epidemiya nəhayət yarım əsrdən sonra kəskin şəkildə azaldı. 1957-ci ildə bu xəstəlik səbəbindən 200 ölüm halı müşahidə olundu. 2010-cu ildən bəri isə bu xəstəlikdən heç bir ölüm halı qeydə alınmamışdır.
Kliniki təsviri Kuru və ya ötürülən süngər formalı ensefalopatiya, fizioloji və nevroloji nəticələrə səbəb olan və nəticədə ölümlə nəticələnən sinir sisteminin bir xəstəliyidir. Mütərəqqi serebellar ataksiya və ya əzələ hərəkətləri üzərində koordinasiya və nəzarətin itirilməsi ilə xarakterizə olunur.
İnkubasiya dövrü də adlandırılan preklinik və ya asimptomatik faza orta hesabla 10–13 il davam edir, lakin bu dövr beş ilə qədər qısala da bilər. 50 il və ya daha çox davam edəcəyi də təxmin edilir.
Simptomların ilk görünüşü ilə başlayan klinik mərhələ orta hesabla 12 ay davam edir. Kurunun klinik inkişafı üç xüsusi mərhələyə bölünür: ambulator, oturaq və terminal. Fərdlər arasında bu mərhələlərdə müəyyən fərq olsa da, onlar təsirə məruz qalan əhali arasında əsasən eyni cürə təzahür edir. Klinik simptomlar başlamazdan əvvəl, şəxs baş, ayaq, oynaq ağrısı, prodromal simptomlar hiss edir.. Birinci (ambulator) mərhələdə yoluxmuş şəxsdə qeyri-sabit duruş və yeriş, əzələ nəzarətinin azalması, titrəmə, sözləri tələffüz etməkdə çətinlik (dizartriya) və titubasiya titrəmələri müşahidə edilir. Bu mərhələ insanın simptomlara baxmayaraq hələ də yeriyə bildiyinə görə ambulator mərhələ adlanır.
İkinci (oturuş) mərhələdə yoluxmuş şəxs dəstəksiz yeriyə bilmir və ataksiya, şiddətli titrəmələr yaşayır. Bundan əlavə, şəxs emosional qeyri-sabitlik və çarəsizlik əlamətləri göstərir, eyni zamanda idarəolunmaz və sporadik gülüş nümayiş etdirir. Digər nevroloji simptomlara baxmayaraq, xəstəliyin bu mərhələsində tendon refleksləri hələ də mövcuddur.
Üçüncü və son (terminal) mərhələdə, yoluxmuş şəxsin ataksiya kimi mövcud simptomları, artıq dəstəksiz oturmaq mümkün olmayan nöqtəyə qədər irəliləyir. Yeni simptomlar da ortaya çıxır: insanda disfagiya inkişaf edir ki, bu da ağır qida çatışmazlığına gətirib çıxarır. Həmçinin sidik qaçırma, danışmaq qabiliyyəti və ya istəyinin itirilməsi, şüurlu olmasına baxmayaraq ətraf mühitə reaksiya verməməsi kimi simptomlarda inkişaf edir. Terminal mərhələnin sonunda xəstələrdə tez-tez asanlıqla yoluxa bilən xroniki xoralı yaralar inkişaf edir. Xəstəliyə yoluxmuş şəxs terminal mərhələnin ilk simptomları göründükdən sonra, üç aydan iki ilə qədər olan müddətdə pnevmoniya və ya digər ikincili infeksiyalar səbəbindən ölür.
Xəstəliyin əsas simptomları tetanus (risus sardonicus) olan xəstələrdə müşahidə olunana bənzər "təbəssüm" ilə müşayiət olunan şiddətli titrəmə və başın əyilmə hərəkətləridir. Kuru xəstəliyinə verilən "gülən ölüm" adı qəzet yazarlarının verdikləri insafsız addır. Fore qəbilələri arasında kuru xəstəliyi heç vaxt bu adı ilə tanınmamışdır.Kyle-Little S. Whispering Wind. Adventures in Arnhem Land. — London: Hutchinson, 1957.
Səbəbləri thumb|мини|Normal qatlanmış prion zülalının alt domeni. Alfa spirallarının mövcudluğu nəzərə çarpır (göy spirallar). Kuru əsasən Fore xalqı və onların nikah bağladıqları insanlar arasında yayılmışdır. Fore xalqı öz inanclarına görə mərhumun cəsədini canlı qohumlarının cəsədlərinə daxil etmək, mərhumun ruhunu azad etməyə kömək etmək üçün öldükdən sonra ailə üzvlərinin bədən hissələrini ritual olaraq hazırlayır və yeyirdilər. Beyin yoluxucu prionla zəngin bir orqan olduğundan, beyni yeyən qadınlar və uşaqlar, əzələli hissələri yeyen kişilərə nisbətən daha çox bu xəstəliyə yoluxmuşlar.
Prion Yoluxucu agent olan prion (PrP) prion tərəfindən kodlanmış zülalın səhv qatlanmış formasıdır. Prionlar prion protein geni (PRNP) tərəfindən kodlanır. Prionun iki forması normal qatlanmış zülal olan PrP c və xəstəliyə səbəb olan səhv qatlanmış forma olan PrP sc formaları vardr. Bu iki forma amin turşusu ardıcıllığına görə fərqlənmir. Lakin, patogen izoform PrP sc ikinci və üçüncü strukturuna görə PrP-nin normal formasından fərqlənir. PrP sc izoformu beta hissələrində, normal PrP c forması isə alfa sarmallarında zənginləşdirilmişdir. Konformasiya fərqləri PrP sc-nin birləşməsinə, fermentlər və ya digər kimyəvi, fiziki vasitələrlə zülalların parçalanmasına son dərəcə davamlı olmasına imkan verir. Normal forma isə tam proteolizə məruz qalır və denaturasiya etməyən yuyucu vasitələrdə həll olur.
Təklif edilmişdir ki, əvvəlcədən mövcud olan və ya əldə edilmiş PrP sc PrP c-nin PrP sc-yə çevrilməsini təşviq edə bilər, daha sonra isə digər PrP c-yə çevrilir. Bu, onun sürətlə yayılmasına kömək edən, prion xəstəliklərinin patogenezinə səbəb olan zəncirvari reaksiyaya başlayır.
Yayılması 1961-ci ildə avstraliyalı tibb tədqiqatçısı Maykl Alpers antropoloq Şirli Lindenbaumun müşayiəti ilə Fore xalqı arasında dərin müşahidələr apardı. Onların tarixi araşdırmaları göstərirdi ki, epidemiya təxminən 1900-cü ildə Fore ərazisinin kənarında yaşayan və kortəbii olaraq Kreysfeld-Yakob xəstəliyinin bir növünü inkişaf etdirdiyi güman edilən tək bir fərddə yarana bilər.Kuru: The Science and the Sorcery (Siamese Films, 2010) Alpers və Lindenbaumun araşdırması inandırıcı şəkildə kurunun Fore xalqı arasında asanlıqla və sürətlə yayıldığını, onların endokannibalist dəfn adətlərini, qohumların fərdlərin "həyatı gücünü" Fore kənd sosial vahidinə qaytarmaq üçün ölülərin cəsədlərini istehlak etdiklərini göstərdi. Ailə üzvlərinin cəsədləri bir neçə gün müddətinə basdırılır, sonra isə cəsədlərə həşərat sürfələri bulaşdıqdan sonra eksqumasiya edilir, bundan sonra cəsəd hissələrə bölünür və qarnir kimi sürfəyə verilirdi.
Kuru qadınlar və uşaqlar arasında kişilərə nisbətən səkkiz-doqquz dəfə çox yayılmışdı. Bu isə kişilərin münaqişələr və ya döyüşlər zamanı insan əti yeməyin onları zəiflətdiyinə inanması ilə izah olunur. Uşaqlar daha çox ölülərin cəsədlərini, o cümlədən prion hissəciklərinin cəmləşdiyi beyinləri yeyirdilər. Ölümdən sonra qohumlarını təmizləmək vəzifəsini öz üzərlərinə götürdükləri və əllərində açıq yaralar və kəsiklər olduğu üçün qadın və uşaqların yoluxma ehtimalının daha çox olduğu hiss olunur. Prionların qəbulu xəstəliklə nəticələnsə də, əgər prion hissəcikləri dərialtı toxumaya çatsa yüksək ötürülmə sürəti baş verir. Avstraliya müstəmləkə hüquq-mühafizə orqanları və yerli xristian missionerlərin səyləri ilə adamyeyənliyin kökünü kəsməklə, Alpersin araşdırmaları göstərdi ki, 1960-cı illərin ortalarında kuru xəstəliyinə yoluxma sayı artıq azalmağa başlamışdı. Bununla belə, xəstəlik üçün orta inkubasiya dövrü 14 ildir və genetik cəhətdən ən davamlı olanlar üçün inkubasiya dövrünün 40 il və ya daha çox olduğu 7 hal müəyyən edilmişdir. Mənbələr sonuncu kuru xəstəlikli şəxsin 2005-ci ildə və ya 2009-cu ildə öldüyü barədə fikir ayrılığına malikdirlər. Kuru, insan prion xəstəliyinin, süngərvari ensefalopatiyaların ən tipik nümunəsidir. Məhz kuru xəstəliyinin tədqiqi zamanı insanlarda ötürülən süngərvari ensefalopatiyalar anlayışı formalaşmışdı.
Patogenezi Kuru xəstəliyinin yoluxucu olduğunu kəşf etdiyinə görə Carlton Gajdusek 1976-cı ildə Fiziologiya və ya tibb üzrə "Nobel" mükafatına layiq görülmüşdür. O, pul mükafatını Fore qəbiləsinə bağışlamışdı. Gajduşek özü prion nəzəriyyəsini qəbul etmədi və süngərvari ensefalopatiyanın yavaş hərəkət edən viruslardan qaynaqlandığını irəli sürdü. Bu nəzəriyyənin azlıq təşkil etməsinə baxmayaraq, hələ də tərəfdarları vardır.
Süngər formalı ensefalopatiyanın inkişafının prion nəzəriyyəsi başqa bir amerikalı alim Stenli Pruziner tərəfindən işlənib hazırlanmış və buna görə o, 1997-ci ildə Fiziologiya və ya tibb üzrə "Nobel" mükafatına layiq görülmüşdür.
İmmunitet thumb|мини|Kuru xəstəlikli insanın beyinciyinin görünüşü 2009-cu ildə Tibbi Tədqiqatlar Şurasının tədqiqatçıları Papua Yeni Qvineyadan olan bir populyasiyada kuruya güclü müqavimət göstərən prion zülalının təbii bir variantını aşkar etdilər. 1996-cı ildə başlayan bir araşdırmada tədqiqatçılar Şərq dağlarının və ətraf ərazilərin yoluxmuş əhalisi arasında 3000-dən çox insanı tədqiq etdilər və G127 prion zülalında variasiya müəyyən etdilər. G127 polimorfizmi səhv mutasiyanın nəticəsidir və coğrafi baxımdan quru epidemiyasının ən çox yayıldığı bölgələrlə məhdudlaşır. Tədqiqatçılar PrnP variantının çox yaxınlarda meydana gəldiyini, ən son ortaq əcdadın 10 nəsil əvvəl yaşadığını iddia edirlər.
Tədqiqatın nəticələri tədqiqatçılara Kreysfeld-Yakob xəstəliyi və Alzheimer xəstəliyi kimi prionla əlaqəli digər xəstəliklərin müalicəsini daha yaxşı başa düşməyə və inkişaf etdirməyə kömək edə bilər.
Tarixi Kuru ilk dəfə 1950-ci illərin əvvəllərində Papua Yeni Qvineyanın Şərq dağlıq ərazilərində patrul edən avstraliyalı zabitlər tərəfindən rəsmi hesabatlarda təsvir edilmişdir. Bəzi qeyri-rəsmi məlumatlara görə, kuru xəstəliyi bu bölgədə hələ 1910-cu ildə yaranmışdır. 1951-ci ildə Artur Keri Papua Yeni Qvineyanın Fore qəbilələrinə təsir edən yeni bir xəstəliyi təsvir etmək üçün bir hesabatda kuru terminindən ilk dəfə istifadə etmişdir. Carey öz araşdırmalarında kurunun ilk növbədə hamilə qadınlara təsir etdiyini və nəticədə onların ölümünə səbəb olduğunu qeyd etmişdir. Kuru Fore, Yeit və Usurufa xalqları arasında 1952–1953-cü illərdə antropoloqlar Ronald Berndt və Catherine Berndt tərəfindən qeyd edilmişdir. 1953-cü ildə kuru patrul zabiti Con MacArthur tərəfindən müşahidə edilmiş və hesabatda xəstəliyin təsviri verilmişdi. MacArthur kurunu bölgədəki qəbilələrin cadugərlik təcrübələri nəticəsində yaranan psixosomatik bir xəstəlik hesab etmişdir. Xəstəlik daha böyük epidemiyaya çevrildikdən sonra qəbilə üzvləri Lüteran həkimi Çarlz Pfarrdan xəstəlik barədə Avstraliya səlahiyyətlilərinə məlumat vermək üçün əraziyə gəlməsini xahiş etdilər.
Əvvəlki dövrlərdə insanlar kurunun cadugərlikdən qaynaqlandığına inanırdılar. Kuruya səbəb olan cadunun isə yoluxucu olduğunu düşünürdülər. Yoluxmuş insanlar səbəbsiz yerə güldüklərinə görə, onları axmaq adam mənasını verən negi-nağı da adlandırırdılar. Fore xalqı kuru xəstəliyi zamanı müşayiət olunan titrəmə və qəribə davranışlar səbəbiylə xəstəliyin ruhlar tərəfindən törədildiyinə inanırdı. Bunu müalicə etmək üçün qurbanlara kazuarina qabığı verirdilər.