Abbas Fəthi () — yazıçı, fədai, Azərbaycan Milli Hökuməti dövründə Milli Məclisə Urmiyadan seçilən nümayəndə.
1945–1946-cı illərdə Urmiya şəhərinin İqtisad və Ticarət idarəsinin rəisi və ADF şəhər təşkilatının təbliğat komitəsinə rəhbərlik edib. 21 Azər hərəkatında göstərdiyi şücaətə görə "21 Azər" medalı ilə təltif olunub.
Haqqında Abbas Fəthi 1897-ci ildə Urmiyada anadan olub. İlk təhsilini əvvəlcə molla yanında daha sonra isə yeni üsullu məktəbdə alıb. 1936-cı ildə ailəsi ilə birlikdə Zəncana köçüb və burada yol tikintisində işləyib. Burada Zəncana sürgün edilmiş siyasi məhbuslarla o cümlədən Məmməd Əmin Azadvətənlə tanış olub. Abbas Fəthi 1942-ci ildə Urmiyaya qayıdıb. 1944-cü ildə Məmməd Əmin Azadvətən Urmiyaya qayıtdıqdan sonra Tudə partiyasının Urmiya Vilayət Komitəsinin sədri seçilib. Bu dövrdə Abbas Fəthi də partiyaya üzv olaraq aktiv siyasi fəaliyyətə başlayıb. 1945-ci ildə Azərbaycan Demokrat Firqəsi yaradıldıqdan sonra Tudə Partiyasını tərk edərək Demokrat Firqəsinə üzv olub. 1945-ci il noyabrın 8-də Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin iclası baş tutub. Bu iclasda fədai dəstələrinin yaradılması haqda qərar qəbul edildi. Abbas Fəthi də 21 Azər hərəkatına fədai kimi qoşulub. 1945-ci il noyabrın 27-dən dekabrın 2-ə qədər İran tarixində ilk dəfə qadınların da iştirak etdiyi azad seçkilər keçirilib. Abbas Fəthi də Azərbaycan Milli Məclisinə Urmiyadan nümayəndə seçilib. Azərbaycan Milli Hökuməti qurulduğu gün 1945-ci il dekabrın 12-də Milli Məclisin birinci iclası da keçirilib. 1945-ci ilin dekabrın sonlarında Urmiyanın şah qoşunlarından təmizlənməsində iştirak edib. 1945–1946-cı illərdə Urmiya şəhərinin İqtisad və Ticarət idarəsinin rəisi və ADF şəhər təşkilatının təbliğat komitəsinə rəhbərlik edib. 1946-cı ilin mart ayında 21 Azər hərəkatında göstərdiyi şücaətə görə "21 Azər" medalı ilə təltif olunub.
1946-cı il dekabrın 11-dən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar. Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar. Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi. Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar. Azərbaycan Milli Hökuməti süqut etdi. Minlərlə insan həbs olundu. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər. 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu. Bundan sonra da qırğınlar və talan davam etdi.1946-cı ildə şah qoşunları Urmiya şəhərini tutduqdan sonra Abbas Fəthi də həbs olunaraq edam olunub.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Edam olunanlar Kateqoriya:Azərbaycan Demokrat Firqəsinin üzvləri Kateqoriya:Azərbaycan Milli Hökumətinin Milli Məclisinin deputatları Kateqoriya:Tudə partiyasının üzvləri