Rafiq Məmmədbağır oğlu Baxşəliyev () — Azərbaycan alimi, idman tədqiqatçısı, professor (2003), Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru (2002–2015).

Həyatı Baxşəliyev Rafiq Məmmədbağır oğlu 31 may 1939-cu ildə İrəvan şəhərində anadan olmuşdur. 1948-ci ildə Ermənistan SSR-dən deportasiya edilmiş, ailəsi ilə indiki Gəncə şəhərinə köçmüşdür. 1958-ci ildə buradakı orta məktəbi, sonradan 1962-ci ildə Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir.Ağacan Abıyev. Görkəmli alim və pedaqoq. Respublika: 31 may 2009-cu il. S. 2

Rafiq Baxşəliyev 1966–1973-cü illərdə hazırkı Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1972-ci ildə biologiya elmlər namizədi elmi dərəcəsi üzrə dissertasiyanı müdafiə etmiş, 1973-cü ildə isə dosent elmi adını almışdır. 1973–1981-ci illərdə Xarici Dillər İnstitutunda kafedra müdiri vəzifəsində çalışmışdır. 1981-ci ildən (qısa fasilə ilə) 2001-ci ilə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai hərbi hazırlıq və fiziki tərbiyə fakültəsinə rəhbərlik etmiş, dekan vəzifəsində çalışarkən iki mindən çox zabit yetirmişdir. 2002–2015-ci illərdə ADPU-nun prorektoru vəzifəsində işləmişdir.

2003-cü ildə Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adına layiq görülmüşdür. Ümumilikdə 51 il ali təhsil sahəsində işləmiş, 60-dan çox elmi məqalə, 15-dən artıq dərs vəsaiti və dərsliklər, bir çox monoqrafiya müəllifidir.

2006-cı ildə Silahlı Qüvvələrinin Hərbi Akademiyasında "Strateji tədqiqatlar və dövlət müdafiəsini idarəetmə" akademik kursu bitirmişdir. ADPU-nun Yeni Azərbaycan Partiyasının ilk partiya təşkilatının sədri kimi 1993–2006-cı illərdə fəaliyyət göstərmişdir.

1978-ci ildə SSRİ Maarif Nazirliyinin qərarı ilə "Ali məktəb əlaçısı" fəxri adı və döş nişanı ilə təltif edilmişdir. 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının "Əməkdar məşqçi"si və "Əməkdar idman işçisi", boks idman növü üzrə AİBA-nın beynəlxalq dərəcəli hakimidir. Çoxsaylı sertifikata və diplomlara layiq görülmüşdür.

Ailəlidir, oğullarının ikisi də dövlət qulluqçusudur.

İstinadlar

Kateqoriya:Yeni Azərbaycan Partiyasının üzvləri Kateqoriya:Ermənistandan deportasiya olunmuş azərbaycanlılar