The Summer Hikaru Died, Yaponiyada tanınan adı ilə – Mokumokuren tərəfindən yazılan və illüstrasiya olunan manqa seriyası. 2021-ci ilin avqustundan "Kadokawa Shoten" nəşriyyatının "Young Ace Up" veb-saytında serializasiya olunur. 2026-ci ilin iyununa qədər 9 tankobon cildi buraxılmışdır. Manqa seriyasında hadisələr şəhərdən uzaqda yerləşən kiçik bir qəsəbədə baş verir. Lisey şagirdi olan Yoşiki ən yaxın dostu olan Hikarunun öldüyünü və bədəninin fövqəltəbii bir varlıq tərəfindən ələ keçirildiyini kəşf edir. O, bu faktla üzləşməyə və "Hikaru" ilə münasibətlərinə aydınlıq gətirməyə çalışır.
Seriya əsasında yazılmış ranobe adaptasiyası 2023-cü ilin dekabrında buraxılmışdır. "CygamesPictures" studiyası tərəfindən çəkilən anime serialı adaptasiyası 2025-ci ilin iyulunda yayımlanmış, ikinci mövsümü anons edilmişdir. Manqa "Kono Manga ga Sugoi!" təlimat kitabçasının 2023-cü il buraxılışının kişi oxucular siyahısında birinci yerdə göstərilmişdir.
Məzmun Yoşiki Tsucinaka və Hikaru İndo şəhərdən uzaqda yerləşən kiçik bir qəsəbədə yaşayan iki yeniyetmə oğlandır. Şəxsiyyətləri və hobbiləri fərqli olsa da, yaxın dostdurlar. Lakin bir qış günü Hikaru təkbaşına dağda yürüş edərkən ölümcül yaralanır. O, ölməzdən öncə müəmmalı bir varlıq onun bədənini ələ keçirir və onun görünüşünə bürünür. Bu "Hikaru" orijinal Hikarunun bütün hislərinə və xatirələrinə malikdir, lakin ondan fərqli bir varlıqdır. Tezliklə Yoşiki onun tanıdığı Hikaru olmadığını anlayır. Yoşiki "Hikaru" ilə qalmaq və onunla dostluq münasibətlərini qorumaq istəyir. Lakin "Hikaru" kimi müəmmalı varlıqlar və onları ovlayan ovçular onların dinc həyatına müdaxilə edir.
Personajlar
Dağda gəzərkən ölən və bədəni müəmmalı bir fövqəltəbii varlıq tərəfindən ələ keçirilən lisey tələbəsi. Yeni "Hikaru" orijinal Hikarunu təqlid etməyə və Yoşiki ilə münasibətlərini qorumağa çalışır. Umeda bir müsahibəsində bildirmişdir ki, Mokumokuren onun səsinin personaja tam uyğun gəldiyini bildirmiş və personajı səsləndirərkən sərbəst olmasını tövsiyə etmişdir. O, personajı səsləndirərkən "həm insan kimi, həm də insan olmayan kimi" hiss etməyə çalışmışdır.
Hikarunun ən yaxın dostu. "Hikaru"nun Hikaru olmadığı tez başa düşür. Yeni "Hikaru"nun əsl Hikaru olmadığını bilir, buna baxmayaraq, onunla olan münasibətlərini qorumaq istəyir.
İstehsal "The Summer Hikaru Died" Mokumokurenin debüt manqasıdır. O, manqanın ideyasını liseyə qəbul imtahanlarına hazırlaşarkən fikirləşmiş, lakin əvvəlcə ideyasını heç kimə göstərmək istəməmişdir. 2021-ci ilin yanvarında ağlındakı ideyaları çəkməyə qərar vermiş və manqanın illüstrasiyalarını "Tvitter"də yayımlamışdır. Manqa istifadəçilər tərəfindən bəyənilmiş, "Young Ace Up" saytının redaktor departamenti onunla əlaqəyə keçərək manqanı serializasiya etməyi təklif etmişdir.
Şəhərdən uzaqda yerləşən kiçik qəsəbələr ənənəvi yapon qorxu hekayələrinin səciyyəvi xüsusiyyəti olduğu üçün Mokumokuren manqanın hekayəsi üçün belə bir yer seçmişdir. O, şəhərdə böyüsə də, babalarından əldə etdiyi məlumatlardan və valideynlərindən eşitdiyi hekayələrdən istifadə edərək ucqar qəsəbə atmosferini təsvir etməyə çalışmışdır. Filosof Donald Devidson tərəfindən irəli sürülmüş Bataqlıq adam fikir təcrübəsi onun əsas ilham mənbələrindən biri olmuş, insanların yerini alan bədheybətlər haqqında hekayələr oxumuşdur. O, müsahibələrin birində qorxu janrını çox sevdiyini, bir çox qorxu filmi və qorxu romanı ilə tanış olduğunu, xüsusilə, "Monthly Halloween" jurnalından və "Mimibukuro" filmindən xeyli təsirləndiyini bildirmişdir. "Weekly Shōnen Jump" və "Weekly Young Jump" jurnallarında serializasiya olunan döyüş seriyalarının, xüsusilə, "Tokyo Ghoul" manqasının fanatı olduğunu açıqlamışdır. Mokumokuren manqadakı psixoloji səhnələrə yaşadığı təcrübələri əlavə etmiş, qorxu səhnələri üçün yapon şəhər əfsanələrindən istifadə etmişdir. O, manqalar üçün səciyyəvi olmayan onomatopeyadan çox istifadə etməyə çalışmış, manqadakı qorxu janrının asma körpü effektinə əsaslandığını qeyd etmişdir.
Anime Prodüser Manami Kabaşima 2022-ci ilin mayında manqanın birinci cildini oxuduqdan sonra "Kadokawa" şirkətindəki komanda ilə manqanın anime adaptasiyasını çəkməyi müzakirə etməyə başlamışdır. İlkin müzakirələrdən sonra o, layihəni "Cygames Pictures" studiyasına həvalə etmişdir. Rejissor və ssenarist Ryohey Takeşita manqanı oxuyanda manqanın ifadə tərzini və səs effektlərini bəyənmiş, dərhal anime adaptasiyası üzərisində işləmək istəmişdir. O, xüsusilə, manqadakı "qəribə müəmma" hissinə heyran qalmışdır. Animenin istehsal prosesi 2023-cü ilin oktyabrında başlamışdır. Takeşita manqada hadisələrin baş verdiyi qəsəbə üçün ilhamlanılan məkana getməyə qərar vermiş və orada üç gecə keçirmişdir. Daha sonra əsas heyət və rejissor heyəti ilə səfər etmişdir. Onlar ümumilikdə üç dəfə həmin məkana səfər etmiş, məkanın atmosferini yaxalamaq üçün fotolar və videolar çəkmişdirlər.
İstehsalçı heyət manqada vacib yer tutan "Dorodoro" animasiyasına xüsusi diqqət ayırmışdır. Onlar əvvəlcə yapıştır-qoy texnikasından istifadə etmək istəsələr də, Masanobu Hiraoka hər şeyi əllə çəkməyi təklif etmişdir. Takeşita bu təklifə şübhə ilə yanaşsa da, ona güvənmiş və animasiya heyətinin daxilində xüsusi olaraq "Dorodoro" animatoru vəzifəsi yaradılmışdır. Takeşita Hikarunu "ruhsuz" personaj hesab etdiyi üçün komandasına anime üçün "qeyri-üzvi səslər" yaratmasını tapşırmışdır. O, musiqi yönümlü yanaşma yerinə, səs effektləri yönümlü yanaşmanı seçmişdir. İstehsal prosesi zamanı ənənəvi qorxu elementlərinə yox, hekayəyə daha çox diqqət ayrılmışdır. Kabaşimanın sözlərinə görə Hikarunu səsləndirəcək aktyoru tapmaq ən çətin və vaxt aparan proses olmuşdur. Yoşikini səsləndirən Çiaki Kobayaşi hadisələrin baş verdiyi məkana uğun olaraq Mie dialektini öyrənmək üçün yerli sakinlərdən və dialekt məşqçisindən dəstək almışdır. O, Yoşikini daha yetkin lisey şagirdi kimi səsləndirmə çalışmış, yavaş danışmaqdan qaçınmışdır. Kobayaşi bir müsahibəsində qeyd etmişdir ki, Hikarunu səsləndirən Şuiçiro Umeda səsyazma sessiyaları zamanı çox yeyirdi və bu, çox yemək yeyən Hikarunun xarakteri ilə uyğunluq təşkil edirdi.
Mokumokuren anime adaptasiyasının istehsal prosesində aktiv iştirak etmiş və istehsalçı heyətlər öz fikirlərini bölüşmüşdür. O, hər ssenari görüşündə iştirak etmiş və hekayənin izləyicilərə daha maraqlı olması üçün orijina hekayədə dəyişikliklər edilməsinə icazə vermişdir. Bu, istehsalçı heyətə daha yaradıcı olmağa imkan vermişdir. Məsələn, birinci seriyadakı xor səhnəsi manqada yer almayan, orijinal səhnə kimi Takeşita tərəfindən yaradılmışdır. İstehsalçı heyət animedəki müəmmanı daha cəlbedici və aydın əks etdirmək üçün hekayənin zaman xəttini və personajların keçmişlərindən bəhs edən hekayələri yenidən qurmuşdur.
Media
Manqa "The Summer Hikaru Died" Mokumokuren tərəfindən yazılır və illüstrasiya olunur. Manqa 31 avqust 2021-ci ildə "Kadokawa Shoten" nəşriyyatının "Young Ace Up" veb-saytında serializasiya olunmağa başlamışdır. İlk tankobon cildi 4 mart 2022-ci ildə buraxılmışdır. 4 iyun 2026-ci ilə qədər 9 tankobon cildi buraxılmışdır. Seriyanın 10 tankobon cildindən ibarət olması planlaşdırılır.
Ranobe Mio Nukaqa tərəfindən yazılmış ranobe adaptasiyası 4 dekabr 2023-cü ildə "Kadokawa Shoten" nəşriyyatı tərəfindən buraxılmışdır.
Anime
24 may 2024-cü ildə anime serialı adaptasiyası anons edilmişdir. "CygamesPictures" studiyası tərəfindən çəkilən animenin rejissoru və ssenaristi Ryohey Takeşita, personaj dizayneri və baş animasiya rejissoru Yuiçi Takahaşi, "Dorodoro" animatoru Masanobu Hiraoka, bəstəkarı Taro Umebayaşidir. Anime serialı 6 iyuldan 28 sentyabr 2025-ci ilə qədər Nippon TV və digər kanallar vasitəsilə yayımlanmışdır. Açılış mahnısı Vaundy tərəfindən ifa olunan mahnısı, bağlanış mahnısı Tooboe tərəfindən ifa olunan mahnısıdır. Anime "Netflix" tərəfindən lisenziyalaşdırmışdır.
Birinci mövsümün final seriyasının yayımlanmasından sonra ikinci mövsüm anons edilmişdir.
Teatr tamaşası 2025-ci ilin sentyabrında teatr tamaşası adaptasiyası anons edilmişdir. Tamaşa 9–18 sentyabr 2026-cı ildə Tokioda yerləşən "Kinokiya Hall"da səhnələşdirilmişdir. Tamaşanın rejissoru və ssenaristi Sotaro Fucii, bəstəkarı Mikihito Sanodur. Cunsey Motocima Yoşiki Tsucinakanı, Hikaru İmamaki Hikaru İndonu, May Taçibana Asako Yamaqişini, Miki Matsuo Yuta Makini, Rio Savada Yuki Tadokoronu, Umi Yamano Rie Kurebayaşini və Şoiçiro Akaboşi Tanakanı canlandırmışdır.
Qəbul "The Summer Hikaru Died" "Kono Manga ga Sugoi!" təlimat kitabçasının 2023-cü il buraxılışının kişi oxucular siyahısında birinci yerdə göstərilmişdir. 2023-cü ildə Nyu-York İctimai Kitabxanasının "Yeniyetmələr üçün ən yaxşı kitablar" siyahısında yer alan 4 manqadan biri olmuşdur. 2024-cü ildə Aysner Mükafatına və Harvi Mükafatına namizəd göstərilmişdir. 2026-cı ildə "Ən yaxşı davam edən manqa" kateqoriyasında Amerikan Manqa Mükafatının qalibi olmuşdur.
Qeydlər
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2021-ci ilin manqaları Kateqoriya:2025-ci ilin anime serialları Kateqoriya:Məktəb haqqında anime və manqalar Kateqoriya:Manqalara əsaslanan anime serialları Kateqoriya:Qorxu anime və manqaları Kateqoriya:Yaponiya veb-komiksləri Kateqoriya:Kadokawa Shoten manqaları Kateqoriya:Seynen manqaları Kateqoriya:Gündəlik həyat haqqında anime və manqalar Kateqoriya:Nippon Television verilişləri Kateqoriya:Çap olunmuş veb-komikslər Kateqoriya:Netflix orijinal animeləri