Vəfa Təbriz qızı Musayeva (25 mart 1981, Bakı) — Azərbaycanlı alpinist, təlimçi. Everest zirvəsinə qalxan ilk azərbaycanlı qadın və eyni ekspedisiyada həm Everest, həm də Lhotze zirvələrinə qalxan ilk azərbaycanlı alpinist.
Həyatı Vəfa Musayeva (ictimaiyyətə Vəfa Qəhrəman kimi tanınır) Bakı şəhərində anadan olub və burada böyüyüb. Orta təhsilini Bakı şəhəri 263 nömrəli məktəbdə başa vurmuşdur. Daha sonra Azərbaycan Dillər Universitetinə qəbul olunaraq filologiya ixtisası üzrə bakalavr təhsili almış, magistr pilləsində isə "Amerika və dünya ədəbiyyatı" üzrə təhsilini davam etdirmişdir. O, "Beynəlxalq Müəllimlik Sertifikatı" proqramını bitirmiş və beynəlxalq səviyyədə tanınan müəllim kimi fəaliyyət göstərir. Həmçinin, "Adler Kouçinq İnstitutu"nu bitirərək peşəkar həyat kouçu sertifikatına sahibdir.
Karyera
Təhsil sahəsində fəaliyyəti Vəfa Musayeva karyerasına Xaçmaz rayonunun Sərkərli kəndində müəllim kimi başlamış və burada iki il çalışmışdır. Daha sonra bir neçə beynəlxalq məktəbdə və universitetdə dərs demiş, "Azərbaycan Müəllim İnkişaf Mərkəzi"ndə təlimçi kimi və bir sıra təhsil müəssisələrində təhsil müfəttişi kimi çalışmışdır.
25 dekabr 2025-ci ildə Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Alpinist fəaliyyəti Vəfa alpinistliyə 2016-cı ildə başlamışdır.
Vəfa Musayeva 2026-cı il fevralın 7-də Afrikanın ən hündür nöqtəsi olan Kilimancaro dağının Uhuru zirvəsində (5895 m) Azərbaycan Bayrağını dalğalandırıb.
Zirvəyə çatdığı əsas dağlar Savalan dağı (İran) Elbrus dağı (Avropanın ən yüksək zirvəsi) Ojos del Salado (Cənubi Amerikanın ən yüksək vulkanı) Barrancas Blancas (Cənubi Amerika, 5000 m+) Yurhim zirvəsi (Pamir dağlarında) Everest (15 may 2025) Lhotze zirvəsi (17 may 2025) Kilimancaro (7 fevral 2026)
Nailiyyətləri Everest zirvəsinə qalxan ilk Azərbaycan vətəndaşı qadın Everest və Lhotze zirvələrini eyni ekspedisiyada fəth edən ilk azərbaycanlı. "Tərəqqi" medalı 2026-cı ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiya qərarı ilə Vəfa Musayeva alpinizm üzrə ölkənin "İdman səfiri" seçilmişdir.
Şəxsi həyatı Vəfa Musayeva ailəlidir, iki qızı var.
İstinadlar
Kateqoriya:Azərbaycanlı alpinistlər Kateqoriya:Azərbaycan alpinistləri Kateqoriya:Alpinistlər Kateqoriya:Everesti fəth etmişlər