Totemizmin əlamətlərinin meydana gəlməsi insanın mədəni inkişafa doğru atdığı ən uğurlu addımlardan biridir. Qədimlərdə totem heyvanları qəbilə üzvləri özləri ilə aparırdılar, onun xasiyyət və davranışlarını yamsılamağa çalışır, elə zənn edirdilər ki, bu davranış və hərəkətlər vasitəsilə qeyri-adi gücə malik olurlar. Totem heyvanın xasiyyətini, səsini daha düzgün icra edən icmada ən hörmətli şəxs sayılırdı. Totem ulu əcdad üçün ətraf mühitə münasibətdə indiqator rolunu oynayır, əxlaq və etik normaları tənzimləyirdi.
Tarixi thumb|right|Totem ərazisi (Tanderberd parkları, Viktoriya, Britaniya Kolumbiyası)
Tarixəqədərki bütün inkişaf mərhələlərində – istər nitq qabiliyyətinə çatmamış, şüuru oyanmamış olsun, istər barbarlıqda öz övladının ətini yediyi anlarını yaşasın, istər heyvanlar kimi təbiətin yazılmamış qanunlarıyla, gücün, qol zorunun hesabına dövran sürsün, istərsə də də bir kökdən, eyni totemdən törədiyini zənn edib ailə, tayfa çərçivəsində birləşməklə başqa canlılara düşmən kəsilsin – insanın keçdiyi müəmmalı, qaranlıq yolları ilk növbədə arxeoloji qazıntılarda tapılan əşya və ləvazimatlarla öyrənmək mümkündür. Bəşər övladı evsiz, ocaqsız çöldə-biyabanda ömür-gün keçirdiyi çağlarda ancaq qidasını tapmaq uğrunda çalışmış, yağışdan, soyuqdan qorunmaq üçün isə təbii mağaralara sığınmışdı. Əlinə keçən primitiv daş alətlər, üstündə gəzdirdiyi elementar əşya və ləvazimatlar nə yollasa, ölümündən sonra qalıb bizim zamanəmizə çatıbsa, onlar vasitəsilə onun mədəni səviyyəsi, incəsənəti (var idisə), dünyagörüşü, dini inamı (formalaşmışdısa) barədə məlumat əldə etmək imkanı yaranır.
Keçmişin dərin qatlarına doğru uzanan bilinməz yolu tapmağın ikinci ənənəvi üsulu arxaik mif, əfsanə, nağıl, dastan və digər folklor qaynaqlarını saf-çürük etməkdir. Çünki həmin bədii yaradıcılıq məhsulları şifahi şəkildə uzun əsrləri adlasa da, ulu əcdadın lap başlanğıcdakı düşüncələrinə, dünyabaxışına, adət-ənənələrinə və əxlaqına aid ən incə nöqtələri içərisində qoruyub saxlayır.
Görkəmli psixoanalitik Z. Freyd bu sıraya apardığı eksperimetlərin nəticəsi olaraq bir də onu əlavə edir ki, "İbtidai insan həm də məlum mənada müasirimizdir". Doğrudan da, dünyamızda bizimlə yanaşı elə insanlar yaşayırlar ki, ibtidai icma dövrünün sakinlərinə çox yaxındırlar. Mədəni xalqlar bu toplumlara baxanda əcdadlarını görürlər. Ona görə də vəhşi və yarım vəhşi halda yaşayan eskimosların, aborogenlərin və b. məişəti, təfəkkür tərzi, adət-ənənələri, folkloru diqqətlə araşdırılmalıdır. Geri qalmış insan dəstələrinin fəaliyyət dairəsinin ruhi aləmə güzgü tutan mənəvi tərəfləri – dünyaanlamı, mərasimləri, ayinləri, incəsənəti daha böyük maraq doğurur. Çünki geri qalmış toplumların həyatı, məişət tərzi, davranışlarında bəşəriyyətin yaranıb inkişafa başladığı ilkin pillələrin ən ümumi cəhətlərini görə bilərik. Z. Freyd və K. Yunq belə hesab edirdilər ki, arxeoloji qazıntılarda əldə edilən materiallarla hələ mədəni səviyyəyə çatmamış xalqların həyatında baş verənlərin müqayisəsini aparıb məhz "ibtidai insanların psixologiyası"nı müəyyənləşdirmək olar.
Göstərilən üç üsulun tətbiqi ilə aydınlaşdırılmışdır ki, ilkin dövrlərdə, inkişafın çox aşağı mərhələsində kortəbii şüura malik insanlar kiçik toplum (ailə, klan, tayfa) halında yaşayırdılar və hər dəstə öz totemi ilə adlanırdı: bozqurdlar, ağilanlar, maralbuynuzlular, şahingözlülər, şirpəncəlilər və s.
Bəs totem nədir? Bu suala ilk əvvəl belə cavab vermək olar: totem – hamının yaxşı tanıdığı, ən adi, südü və əti ilə qidalandığımız, mülayim, ziyansız, yaxud qorxu yaradan, vəhşi heyvandır (quşdur, yer üzünün hər hansı bir maddi varlığıdır). Eləcə də bəzi hallarda bitkilər, təbiət hadisələridir (su, yağış). Lakin onun mahiyyəti adiliyində deyil, ancaq təsəvvürə gətirilən, gerçəkliklə əlaqəsi təsadüflər üzərində anılan fövqəltəbiiliklə müəyyənləşir və totem seçilən hər hansı bir canlı-cansız varlıqda elə əlamətlər tapılır ki, bütün ailə üzvləri ilə müəyyən bağlılığı "əsaslandırılır". Təbii ki, təfəkkürdə, insan düşüncəsində o cür qəbul edilməsi nəzərdə tutulur. Reallıqda isə ailə (tayfa, klan) üzvlərinin zahiri cizgiləri, xasiyyəti və davranışları ilə totem arasında elementar oxşarlıqlar göstərilir. Məsələn, filan heyvan kimi sürətli qaçırlar, yaxud uzağı görəndirlər, cəlddirlər və s.
Dünyagörüşü etibarilə dinin ərəfəsi kimi qəbul edilən totemizmdə bütün ailənin (tayfanın, klanın) mütləq inamı ona köklənir ki, ulu əcdadları sayılan heyvan, yaxud başqa varlıq adi görünsə də, qeyri-adi gücə, yaradıcı qüdrətə malikdir. İnsanları, həm də həmin nəslə məxsus hər şeyi törədən də, himayə edən də odur.
Totem həmişə öz "törəmələrinin" (ona inanan insan nəsli nəzərdə tutulur) gələcəyini təyin edir, onları fəlakətlərdən, quraqlıqdan, xəstəliklərdən qoruyur, çətinə düşənlərin köməyinə çatır. Əlbəttə, o, bütün işlərini gözəgörünməz vasitələrlə həyata keçirir. Başqaları üçün təhlükəli, qorxulu sayılsa da, bir çox vəhşi heyvanlar totem funksiyasını yerinə yetirəndə ona inananlar tərəfindən əzizlənir, müqəddəslik səviyyəsinə yüksəldilir. Bu səbəbdən də totem öldürülmür, əti yeyilmir. Eləcə də onun əlamətləri təkcə bir nəfərə aid edilmir, hamının ondan yaranmasını əsaslandıran bir ümumi cəhət üzə çıxarılır. Həmçinin təkcə insanlar deyil, toplumun tanıdığı, özününkü bildiyi hər şeyin – göyün, yerin, torpağın, yağışın, qarın da yaranmasını totemlə əlaqələndirirlər. Onun şərəfinə vaxtaşırı mərasimlər, bayramlar keçirilir. Bir totemin timsalında (məsələn, adi keçini, yaxud qoçu cürbəcür bəzəklərlə bəzəyir, çələnglərə tuturlar) yaradıcıya xas sitayişkarlıq edir, qurbanlar kəsir, xüsusi nəğmələr oxuyurdular. Totemə həsr olunan rituallarda yırtıcı, vəhşi heyvan və quşların özünü meydana gətirmək mümkün olmadıqda ya başını ağaca keçirir, ya da dərisini bir şəxsə – başçıya geyindirib, totemin hərəkətlərini təqlid etməklə rəqslər qurur və səsini yamsılayırdılar.
Totemdə varislik əsas götürülür, irsən ya ana, ya da ata xətti ilə bir nəsildən başqasına keçir. Ola bilsin ki, cəmiyyətin qurulmasında hakimiyyətin rolu müəyyənləşəndə xanlığın, sultanlığın nəsil şəcərəsiylə ötürülməsi prinsipi totemizmdən qalmışdır. Güman edilir ki, lap başlanğıcda insanı doğan qadına üstünlük verilmiş, totemin ana olduğu zənn edilmişdir. Türk xalqlarında "Buznuzlu Ana maral" haqqında totemin izləri əfsanələrdə bügünədək yaşamaqdadır. Sonra isə ikincilərin məişətdə, sosial həyatda, primitiv istesalatda – ovçuluqda, silahların düzəldilməsində, maldarlıqda, əkinçilikdə, eləcə də xarici mühitlə, başqa toplumlarla münasibətlərin qurulmasında rolunun çoxaldığınə əsasən totemə inamda da köklü dəyişikliklər baş vermiş, ailənin davamlılığının səbəbi ata – kişi qanadı ilə bağlanmışdır. Maraqlıdır ki, bütün sosial və əxlaqi öhdəliklərin əsasında totemə məxsusluq öndə durur. Getdikcə, totem aid olduğu tayfanın sərhədlərini aşır, öz ətrafında çoxsaylı insan dəstələri toplayır və prinsipcə ilkin anlamdakı qan qohumluğunu arxa plana atırdı. C. Frezer "Totemism and Exogamy" əsərində yazır ki, insanlar "nəinki müasir mənada başa düşdüyümüz nəsil və qan qohumluğu ilə, totemlə daha sıx bağlanırdılar".
Bir cəhət də maraqlıdır ki, totemi dar çərçivədə götürüb hər hansı bir konkret ərazidə yerləşdirmirdilər. Başqa sözlə, o, məlum məkana aid deyildi. Hansısa heyvan (quş və s.) totemləşirdisə, sürü, dəstə halında deyil, əlahiddə, ayrılıqda, müstəqil, eyni zamanda başqa totemlərlə və onun tərəfdarlarıyla sülh şəraitində yaşadığı zənn edilirdi. Totemistik sistemin bu ən yığcam xülasəsi anlayışın özünün meydana gəlməsi ilə izah edilir. Z. Freydin yazdığına görə, "Totem" – Totam formasında ilk dəfə 1791-ci ildə ingilis alimi C. Lonq tərəfindən Şimali Amerika qızıldərililərinin dilindən götürülüb işlənmişdir. Totemizm bir dünyagörüşü kimi böyük marağa səbəb olmuş və çoxsaylı elmi ədəbiyyatın meydana gəlməsinə təkan vermişdir. Onların içərisində C. Frezerin "Totemizm və ekzoqamiya" (1910) adlı dördcildlik əsas əsərinin xüsusi yeri və çəkisi vardır… İnsanlığın tarixəqədərki inkişaf dövründə totemizmin əhəmiyyətinin olduğunu kəşf etmək isə şotlandiyalı C. Ferquson M. Lennanın (1869–70) əvəzsiz xidmətidir".
Totemistin müəyyənləşməyə indi avtraliyalılardan başqa, Şimali Amerika hindularında, Okean adalarında, Ost-Hindistanda və Afrikanın böyük hissəsində müşahidə olunur. Qədim mədəniyyətə malik xalqların ilkin yazılı abidələrində, başqa tarixi materiallarda izahı tapılmamış bir çox obrazların izləri və qalıqları əsasında nəticə çıxarmaq məcburiyyətində qalırıq ki, haçansa totemizm Avropa və Asiyanın arilər, semitlər kimi qədim xalqları arasında da geniş yayılmışdır. Son illərin araşdırmaları nəticəsində bir çox tədqiqatçılar ona meyillidirlər ki, totemizm dünyanın hər yerində bəşəriyyətin müəyyən zaman aşırımlarında keçdiyi mühüm inkişaf mərhələsindən biridir.
Tədqiqatçıların fikrincə, totemlərdən müxtəlif dinlərdə geniş istifadə olunur. Bəzi dinlərdə totem sisteminin əsas xüsusiyyəti ondan ibarətdir ki, orada antitotemlər, totemə əks olan heyvanlar da mövcuddur. Məsələn, atəşpərəstlik görüşlərinin yaradıcıları qədim midiyalıların gen yaddaşlarında yaşatdıqları bir çox heyvanlara – it, xoruz, tüklü, ağ dəli ayı, tovuz quşu, köpək balığı, şir və s. nəslin başlanğıcında duran varlıq kimi baxılmışlar. Müqəddəs heyvan, bitki, minerallar ibarət totemlər zoroastrizmdə mühüm əhəmiyyət kəsb etmişdir. Totem kimi çox hallarda uğurlu ev heyvanları çıxış edirdi ki, onlar vasitəsilə işıqlı qüvvələr fəaliyyət göstərirdi. Məlikməmmədin quyuda ağ qoça minməyə çalışması, lakin qara qoçun belinə düşməklə qaranlıq dünyaya yollanması məhz atəşpərəstlik təsəvvürlərinin qalığıdır. Totemlər dinamik və statistik şəkildə insanlara dünyada öz yerini dərk etdirən rəmzlərdir. Və Ağ-qara qoç qarşılaşması məhz totem-anti totem mübarizəsi kimi başa düşülməlidir. Azərbaycan atalar sözlərində işlənən "Qurd üzü mübarəkdir", inamlarımızdakı "Yoluna qurd çıxanlar uğur qazanarlar, qara pişiklə rastlaşanların isə işləri nəs gətirər" isə daha əvvəlki təsəvvürlərlə səsləşir. Qurd işığı, günəşi – uğuru, pişik – qaranlığı, şəri, bədbəxtliyi bildirir.
Beləliklə, tarixəqədərki insan o yerə çatıb ki, özünə totem seçməklə sosial öhdəliklərinin əsasını qoymuş, "özünün bu və başqa heyvandan yarandığına inanıb seksual məhdudiyyətə" (Z. Freyd) başlamış və ilkin əxlaq normalarını meydana gətirmişdir.
Mifoloji terminlər Totemlərlə əlaqədar mifoloji toponimlər — totemizm türk xalqlarının mifoloji dünyagörüşündə bütöv bir sistem təşkil etdiyi kimi, həmin xalqların dilində də xüsusi adların yaranmasında və formalaşmasında mühüm rolu olan faktlardandır. "Məlum olduğu kimi, qədim dövrlərdən hər bir tayfanın özünə məxsus totemi olmuşdur".
Haqqında M. Seyidov totemizmin mahiyyətindən danışarkən yazır: "Yeri gəlmişkən qeyd etmək lazımdır ki, vəhşi, yırtıcı və əhilləşdirilmiş heyvanlara, hər cür quşlara, bitkilərə, barlı, barsız ağaclara, təbiətin bəzi hadisələrinə, göy cisimlərinə — Günəşə, Aya, oda (bununla əlaqədar olaraq işığa) əfsanəvi heyvana və quşa sitayiş edən əski dünya xalqlarının, o sıradan türkdilli xalqların ulu babaları bəzən həmin quşlarla, heyvanlarla, ağaclarla, bitkilərlə və s. ilə yaranışlarında, soylarında qohumluq bağları olduğunu iddia etmişlər. Onlar özlərinin totemlərini (onqonlarını) hər şeydən qabil və güclü sayır, tapındıqlarını hər şeyin – həyatın, insanların, öz qəbilələrinin yaradıcısı kimi qəbul edirdilər. Elə buna görə də bəzən adi bir quş, başı göyləri dələn dağ, gözəl, zərif bir çiçək, dadlı meyvələrin ağırlığından budaqlarını aşağı əymiş ağac, əhilləşmiş və ya vəhşi heyvan bu geniş kainatın yaradıcısı, ulu babası saymışlar". Türk xalqlarında qurd, ilan, qartal, geyik, göyərçin, inək və s. heyvanlar zaman-zaman ayrı-ayrı tayfaların totemi (onqonu) olmuş və həmin heyvanlar müqəddəsləşdirilmişdir.