Klonus ( qarışıqlıq, itələşmə) — ayrı-ayrı əzələnin və ya əzələ qrupunun yığılması nəticəsində baş verən sürətli və ritmik hərəkətlərdir. Spontan (özbaşına) klonik qıcolmalar epileptik tutmalar zamanı və ekstrapiramidal sistemin xəstəliklərində baş verən hiperkinezlərdə müşahidə olunur.

Piramida yolunun zədələnməsi zamanı klonusların müşahidə olunması

Bu, piramidal traktın zədələnməsinin patoqnomonik simptomu olub, əzələ və ya əzələ qrupunun uzanmasına cavab olaraq sürətli və ritmik daralmalarla özünü göstərir.

Ayaq klonusu arxası üstə uzanan xəstədə yoxlanılır. Müayinə edən şəxs xəstənin ayağını bud və diz oynaqlarında bükür, bir əli ilə onu saxlayır, digər əli ilə ayaq altından tutaraq onu maksimal dərəcədə aşağı (ayaq altına doğru) bükür, sonra isə kəskin şəkildə yuxarı düzləşdirir. Buna cavab olaraq ayağın ritmik və kəskin klonik hərəkətləri müşahidə olunur. Diz qapağının (patella) klonusu xəstə arxası üstə uzanmış və ayaqları düz vəziyyətdə olarkən yoxlanılır. Müayinə edən şəxs baş barmaq və şəhadət barmağı ilə diz qapağının (patellanın) üst hissəsindən tutaraq onu yuxarı çəkir, sonra isə kəskin şəkildə buraxır. Nəticədə, budun dördbaşlı əzələsində ritmik yığılmalar və diz qapağının titrəməsi (klonik hərəkətlər) baş verir. Klonusların patofizioloji əsasları Piramida yolları zədələndikdə klonusların yaranmasının səbəbi, beyin qabığının onurğa beyni motoneyronlarına (hərəkət sinir hüceyrələrinə) tormozlayıcı təsirinin itməsidir. Əzələ vətərlərinin dartılması nəticəsində antaqonist əzələlərin motoneyronları reflektor olaraq oyanır. Bu əzələlərin yığılması, öz növbəsində, aqonist əzələlərin yenidən yığılmasına səbəb olur. Bu proses dəfələrlə və qeyri-müəyyən müddətdə təkrar olunur.

Epilepsiya zamanı klonik tutmalar

Klonik qıcolmalar zamanı əyici və açıcı əzələlərin bir-birini izləyən yığılmaları müşahidə olunur ki, bu da ətrafların və bədənin sürətli, qeyri-ixtiyari hərəkətləri şəklində özünü göstərir. Bu hal şüurun itməsi fonunda baş verən ümumiləşmiş (generallaşmış) qıcolma tutmaları zamanı meydana çıxır.

İstinadlar

Kateqoriya:Əlifba sırasına görə simptomlar Kateqoriya:Əsəb sistemi xəstəliklərinin simptomları Kateqoriya:Epilepsiya Kateqoriya:Tibbi əlamətlər