Tural Əli oğlu Əhmədov () — Azərbaycanı təmsil edən yunan-roma güləşçi, U20 Avropa Çempionatının medalçısı.
Həyatı Tural Əhmədov 26 yanvar 2006-cı ildə Bakı şəhərində anadan olub. Əslən Cəbrayıl rayonundadır. 2013-cü ildə AHİİTA İdman Klubunda Fuad Aydınlının rəhbərliyi altında güləşlə məşğul olmağa başlayıb.
Hazırda Azərbaycan İdman Akademiyasında təhsil alır.
Karyerası Tural Əhmədovun beynəlxalq səviyyədə debütü 2021-ci ilin 27–30 mayında Bolqarıstanın Sofiya şəhərində baş tutan 15 yaşlılar arasında Avropa Çempionatına təsadüf edib. Əhmədov turnirin 1/8 final mərhələsində polşalı Mateusz Alota 8:0 hesabı ilə qalib gəlsə də, növbəti mərhələdə ermənistanlı Petros Aşxaryana məğlub oldu. Rəqib final görüşünə vəsiqə qazandığına görə Əhmədov bürünc medal uğrunda təsəlliverici qrupda mübarizə apardı. Birinci görüşdə Tural Əhmədov macarıstanlı Balint Kaspardan üstün olsa da (5:1), həlledici görüşdə rusiyalı Cəbrayıl Umhacıyevə məğlub oldu və U15 Avropa Çempionatını beşinci pillədə tamamladı.
2022-ci ilin martında Tural Əhmədov yeniyetmələr arasında şəhər çempionatının, apreldə isə U17 Azərbaycan Çempionatının qalibi oldu. Mayda o, həm də Antalya şəhərində beynəlxalq "Zafer Kupası" turnirini bürünc medalla başa vurdu.
Bir müddət nüfuzlu beynəlxalq turnirlərdən uzaq qalan Tural Əhmədov 2023-cü ilin 31 iyul-6 avqustunda İstanbul şəhərində baş tutan U17 Dünya Çempionatında mübarizə apardı. Amma o, təsnifat mərhələsindəcə məğlub oldu və turniri 18-ci pillədə başa vurdu.
2024-cü ildən etibarən Əhmədov U20 yaş qrupunda çıxış etməyə başladı və debüt ilindəcə uğurlara imza atdı. Əvvəlcə o, fevralda U20 Azərbaycan Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. İlin birinci ciddi sınağı 1–7 iyulda Serbiyada baş tutan 20 yaşlılar arasında Avropa Çempionatı oldu. Turnirin 1/8 final mərhələsində gürcüstanlı Beso Maxaradzedən üstün olan (2:1) Əhmədov növbəti mərhələdə isveçli Adam Silverinə gərgin və bərabər idman mübarizəsi şəraitində baş tutan görüşdə məğlub oldu (3:4). Rəqib final görüşünə vəsiqə qazandığına görə Əhmədov təsəlliverici qrupda çıxış etdi. Tural Əhmədov əvvəlcə yunanıstanlı İlias Zairahisa 12:0, ardınca isə ukraynalı Boqdan Hrişinə 3:1 hesabları ilə qalib gəldi və U20 Avropa Çempionatının bürünc medalına sahib oldu. İlin əsas turniri 2–8 sentyabrda İspaniyanın Pontevedra şəhərində baş tutan U20 Dünya Çempionatı oldu. Tural Əhmədov turnirin təsnifat mərhələsində ispaniyalı David Diaz Sançeza qalib gəlsəd də (4:3), növbəti mərhələdə iranlı Məhəmmədmehdi Cəfər Qulampura məğlub oldu (1:5). Rəqib final görüşünə vəsiqə qazandığına görə Əhmədov təsəlliverici qrupda çıxış etdi. Bu qrupda o, əvvəlcə polşalı Dominix Patrixiya 9:1 hesabı ilə qalib gəlsə də həlledici görüşdə məğlub oldu və U20 Dünya Çempionatını beşinci pillədə tamamladı.
Tural Əhmədov 2025-ci ildə də U20 yaş qrupudan çıxış etdi. İlin əvvəlində o, ardıcıl 2-ci dəfə U20 Azərbaycan Çempionatının qalibi oldu. Ardınca isə ilin birinci ciddi sınağı 30 iyun-6 iyulda İtaliyada baş tutan U20 Avropa Çempionatı oldu. Keçən il analoji turniri bürünc medalla başa vuran Əhmədov bu səfər çempionluğa iddialı idi. Əhmədov bir-birinin ardınca təsnifat mərhələsində italiyalı Emanuele Pollinonu 8:0, 1/8 final mərhələsində bolqarıstanlı Kristiyan Milenhovu 4:0, 1/4 final mərhələsində macarıstanlı Bende Olaszı 3:1, 1/2 final mərhələsində isə yunanıstanlı Marios Kapantaisi 11:1 hesabları ilə məğlub etdi və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi rusiyalı İqor Punçenho oldu. Həmin görüşdə Tural Əhmədov rəqibinə məğlub oldu və U20 Avropa Çempionatını gümüş medalla başa vurdu. İlin əsas turniri 17–24 avqustda Bolqarıstanda baş tutan 20 yaşlılar arasında Dünya Çempionatı oldu. Əhmədov bu turnirdə uğursuzluqla üzləşdi. Birinci görüşdə hindistanlı Gaurav Gaurava qalib gəlsə də, növbəti görüşdə qazaxıstanlı Damir İbraşova sırf sonuncu xalı rəqib qazandığına görə məğlub oldu (1:1). Bununla da Əhmədov turniri 11-ci pillədə tamamladı.
Nəticələri SıraİlYarışEv sahibiKg.Nəticə12021U15 Avropa Çempionatı Bolqarıstan52.0 Kg.5.22023U17 Dünya Çempionatı Türkiyə55.0 Kg.18.32024U20 Avropa Çempionatı Serbiya60.0 Kg.3.4U20 Dünya Çempionatı İspaniya60.0 Kg.5.52025U20 Avropa Çempionatı İtaliya63.0 Kg.2.6U20 Dünya Çempionatı Bolqarıstan63.0 Kg.11.
İstinadlar
Kateqoriya:Azərbaycanın kişi güləşçiləri Kateqoriya:Azərbaycanın yunan-roma güləşçiləri