Əbu Zeyd Ubeydullah ibn Ömər ibn İsa əd-Dəbusi (; ) — xilaf elminin banisi olan hənəfi fəqih.

Bioqrafiyası Hicri 367-ci (977 və ya 978) ildə anadan olduğu güman edilir. Səmərqəndin Dəbusi kəndində anadan olub. Həyatı haqqında məlumatlar olduqca azdır. Qazılıq etdiyi üçün ləqəbi "Qazı Əbu Zeyd"dir.

Tanınmış hənəfi fəqihi Əbu Cəfər ibn Abdullah əl-Üsruşəniyə tələbəlik etmişdir.

Ondan təhsil almış şəxslər Əbu Nəsr Əhməd ibn Əbdürrəhman ibn İshaq ər-Riğdəmuni və Ələddin Əli əl-Mərvəzidir.

O, qıvraq zəkası və hüquqi məsələləri müzakirə edərkən göstərdiyi müvəffəqiyyətinə görə Buxara və Səmərqənddə keçirilən elmi debatlarda zərbi-məsəl olmuşdur. Əbu Zeyd əd-Dəbusinin adı, hənəfilikdə "əl-qudətüs-səba" () adlanan fəqihlər arasında çəkilir.

Əbu Zeyd əd-Dəbusi Buxarada vəfat etmişdir.

Fiqh elmindəki yeri Əbu Zeyd əd-Dəbusi, xilaf elmini sistemli şəkildə araşdıran ilk hüquqçu hesab olunduğu kimi, Əbül-Usr əl-Pəzdəvi və əs-Səraxsi ilə birlikdə hənəfi fiqh üsulunun üç banisindən biri hesab olunur. Hətta Səraxsinin bir çox üsul məsələsini ondan nəql etdiyi məlumdur. Dəbusi eyni zamanda qiyas, istihsan, təqlid, ilham, istishab və tərd kimi üsul mövzularını ətraflı şəkildə tədqiq edən ilk alim olmuş və təqlid, ilham, istishab və tərdin dəlil olma xüsusiyyətini rədd etmişdir. Əbu Zeyd əd-Dəbusinin "Təqvimül-ədillə" adlı əsəri, Cəssasın "Üsulul-fiqh"indən sonra fiqh üsulunda "füqəha sənəti" adı ilə tanınan metodla yazılmış və dövrümüzə qədər gəlib çatan ən mühüm əsərdir. Onun əsərləri araşdırıldıqda, fiqh elmindəki məqamının ən azı "məsələdə müctəhid" səviyyəsində olduğu görünür. Beləki özü də "əl-Əsrar" adlı əsərində bunu açıq şəkildə qeyd edir.

Əsərləri Əbu Zeyd əd-Dəbusi, "Təqvimül-ədillə fil-üsul", "əl-Əsrar fil-furu", "əl-Əmədül-əqsa", "Təsisün-nəzər fixtiləfil-əimmə", "ən-Nəzm fil-fətava", "Şərhul-Camiil-kəbir", "Təcnisüd-Dəbusi" və "Xizənətül-hüda" adlı əsərlərin müəllifidir.

İstinadlar

Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Matüridilər Kateqoriya:Hənəfilər Kateqoriya:Müctəhidlər