Bakı Təhlükəsizlik Forumu qlobal və regional təhlükəsizlik məsələlərinə həsr olunmuş beynəlxalq platformadır. Müxtəlif ölkələrin kəşfiyyat və təhlükəsizlik qurumlarının nümayəndələrini bir araya gətirərən forumun keçirilməsində məqsəd müasir təhlükəsizlik çağırışlarını müzakirə etmək, baxış bucaqlarını bölüşmək və əməkdaşlığı gücləndirməkdən ibarətdir. Forumun təşkilatçısı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətidir.
Ümumi məlumat XXI əsrin əvvəllərində geosiyasi gərginliklərin artması, regional münaqişələr, terrorizm və beynəlxalq təhlükəsizliyə yönəlmiş yeni təhdidlərin meydana çıxması dövlətlərarası əməkdaşlığın gücləndirilməsinə ehtiyac yaratmışdır. Azərbaycan bu çağırışlarla mübarizə istiqamətində təhlükəsizlik və kəşfiyyat orqanları arasında dialoqların təşkil edilməsində platforma rolu oynamaq məqsədilə Bakı Təhlükəsizlik Forumu təşəbbüsü ilə çıxış etmişdir. Forum konstruktiv dialoq, qarşılıqlı anlaşma və beynəlxalq əməkdaşlıq kimi prinsipləri rəhbər tutur.
Bakı Təhlükəsizlik Forumunun keçirilməsində məqsədlər aşağıdakı kimidir:
Beynəlxalq və regional təhlükəsizlik məsələlərinin müzakirəsi
Müasir çağırışlar və təhdidlərlə bağlı fikir mübadiləsinin həyata keçirilməsinə şərait yaratmaq
Terrorizm və qlobal təhlükə risklərinə qarşı ortaq yanaşmaların hazırlanması
İştirakçı heyətlər arasında ikitərəfli və çoxtərəfli görüşlərin təşkili
Forum eyni zamanda müxtəlif siyasi orientasiyalara malik ölkələr üçün münaqişələr, regional konfliktlər və təhlükəsizliklə bağlı narahatlıqların müzakirə və həlli xüsusunda neytral platforma rolunda çıxış etməyi qarşısına məqsəd qoymuşdur.
Tarixçə
I Bakı Təhlükəsizlik Forumu (2023) Bakı Təhlükəsizlik Forumu ilk dəfə 3 may 2023-cü ildə keçirilmişdir. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təşkil olunan bu forum Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyevin 100 illiyinə həsr edilmişdi. Forumda dünya ölkələrinin kəşfiyyat və təhlükəsizlik orqanlarının yüksəksəviyyəli rəsmiləri iştirak etmişlər. Forumun əsas mövzusunu "proksi şəbəkələrinin destruktiv fəaliyyətinə qarşı birgə mübarizə" təşkil edirdi. Forumda proksi qrupların pozuculuq fəaliyyətinin doğurduğu təhdidlərlə mübarizədə ölkələrin səylərinin birləşdirilməsi və tədbirin gələcəkdə də keçirilməsinin vacibliyi vurğulanmışdır.
II Bakı Təhlükəsizlik Forumu (2024) "Qlobal nəqliyyat şəbəkələrinin müasir çağırışları" adlı ikinci forumun keçirilməsi 15 sentyabr 2024-cü il tarixə təsadüf edir. Tədbirdə iştirakçı dövlətlərin nümayəndələrinin çıxışları ilə yanaşı, ikitərəfli və çoxtərəfli görüşlər də keçirilmişdi. COP29 ərəfəsində keçirilmiş tədbirdə enerji resurslarının daşınmasında istifadə olunan nəqliyyat xətlərini hədəf alan terror-təxribat aktlarının qlobal xarakterli iqtisadi və ekoloji fəlakətlərə səbəb ola biləcəyinə toxunularaq bu xüsusda birgə səylərin daha da gücləndirilməsinin və ümumi fəaliyyətin səmərəliliyinin artırılmasının zəruriliyi vurğulanmışdır.
III Bakı Təhlükəsizlik Forumu (2025)
Üçüncü forum 21 sentyabr 2025-ci il tarixdə "Terror aktları və silahlı münaqişələr, həmçinin qlobal texnogen və ekoloji fəlakətlər zamanı humanitar böhranların qarşısının alınması sahəsində təhlükəsizlik orqanları arasında qarşılıqlı əməkdaşlığın rolu" başlığı ilə baş tutmuşdur." Bu tədbirdə Bakı Təhlükəsizlik Forumunun da beynəlxalq və regional təhlükəsizliyin təminatı üçün birgə səylərin səfərbər olunmasına, xüsusi xidmət orqanları arasında əməliyyat diplomatiyasının, qarşılıqlı fəaliyyətin, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına mühüm töhfələr verəcəyinə əminlik ifadə olunmuşdur.
İstinadlar
Kateqoriya:Azərbaycan təşkilatları Kateqoriya:Təhlükəsizlik orqanları Kateqoriya:Kəşfiyyat Kateqoriya:Xüsusi xidmət orqanları Kateqoriya:Antiterrorizm